Bu gün "Tarix və müasirlik: XXI əsrin çağırışlarına cavab" mövzusunda tədbir keçirilib

Bu gün "Tarix və müasirlik: XXI əsrin çağırışlarına cavab" mövzusunda tədbir keçirilib

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Qadınlar Şurası ümummilli lider Heydər Əliyevini anadan olmasının 88-ci ildönümü münasibətilə "Tarix və müasirlik: XXI əsrin çağırışlarına cavab" adlı tədbir keçirib.


SİA-nın məlumatına görə, tədbirdə YAP Qadınlar Şurasının sədri, professor Nurlana Əliyeva, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, professor Rəbiyyət Aslanova və digər şəxslər iştirak ediblər.


Tədbir iştirakçıları ilk öncə ümummilli lider Heydər Əliyevin foyedəki büstü önünə əklil qoyublar.


Tədbiri giriş sözü ilə açan Nurlana Əliyeva ulu öndərin yubileyinin böyük təntənə ilə qeyd edilməsini Ümummilli Lider Heydər Əliyevə el məhəbbətin təzahürü adlandırıb. O bildirib ki, azərbaycançılıq məfəkurəsini sistemli şəkildə həyata keçirən ulu öndər müstəqilliyimizin möhkəmlənməsi naminə göstərdiyi misilsiz xidmətləri ilə müasir Azərbaycanın tarixini yaratdı: "Onun müəyyənləşdirdiyi siyasətin uğurlarını gündəlik həyatımızda hiss edən biz qadınların bir arzusu istəyi var, Azərbaycanın sabahı daha qüdrətli, möhtəşəm olsun. Daqlıq Qarabağ münaqişəsi danışıqlar yolu ilə öz həllini tapsın, cavanlarımızın qanı bir daha axıdılmasın, ərazi bütövlüyümüz təmin olunsun. Bu işlərin yerinə yetirilməsi üçün bizi çağırışları ilə gələcəyə səsləyən əsrin səsini ürəkdən dinləyərək Heydər Əliyev irsini davam etdirən Prezident İlham Əliyevə dəstək olmaq üçün bütün varlığımızla çalışmalıyıq. Bu cağırış ölkəmizin tərəqqisi, intibahı üçün geniş imkanlar açır. Biz fəal olmalı, vətəndaş mövqeyimizi əməli işimizlə bildirməliyik. Fəaliyyətimizi hansı istiqamətdə qurmalı sualı hər kəsi düşündürməlidir".


Daha sonra çıxış edən Rəbiyyət Aslanova ümummilli lider Heydər Əliyevin siyasətinin başlıca istiqamətlərindən bəhs edərək vurğulayıb ki, qloballaşan dünyamız xalqların həyatını müəyyənləşdirən hadisələr sistemi ilə zəngindir: "Hər bir millətin, xalqın taleyi XXI əsrin çağırışını hansı səviyyədə cavablandırmasından çox asılıdır. Planetimizdə 250 dövlətdən 220-i beynəlxalq hüququn üzvüdür. 2000 xalq, 2500-dən artıq etnos var. Bu sırada güclü qüdrətli, dövlət olmaq o qədər də asan deyil. Bu gün dünya dövlətləri arasında nüfuzu, rolu ilə seçilən Azərbaycan məhz Heydər Əliyev ideyalarının, siyasəti nəticəsində öz yolunu müəyyənləşdirmiş və lider dövlətə çevrilib.


Tədbir iştirakçılarından Milli Məclis sədrinin müavini Bahar Muradova ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən bəhs edərkən əsasən onun adı ilə bağlı olan, 20 illik müstəqilliyimizin 19 ilini iqtidarda olan YAP-ın Azərbaycan dövlətçiliyinin möhkəmlənməsindəki rolundan bəhs edib: "Tarixilik və müasirlik məfhumuna Heydər Əliyev müdrikliyi baxımından yanaşmaq lazımdır. Qloballaşan dünyada çağırışlar çox olsa da bu çağırışı hansı səviyyədə cavablandırmaq böyük və kiçik olmaq baxımından müxtəlif xalqlar üçün fərqli ola bilər. Amma Heydər Əliyev ideyalarının təntənəsi sübut edir ki, Azərbaycan həmişə olduğu kimi yaşadığımız yüzillikdə də varlığını, müstəqilliyni, milli mənəvi dəyərlərini qoruyacaq".


Tədbir müxtəlif çıxışlar əsasında davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə