“Kadr hazıırlanması ilə bağlı ali təhsil müəssisələrinə sifarişlər veriləcək və buranı bitirən tələbələr müxtəlif peşə təhsili müəssisələrində çalışacaqlar”-AÇIQLAMA

“Kadr hazıırlanması ilə bağlı ali təhsil müəssisələrinə sifarişlər veriləcək və buranı bitirən tələbələr müxtəlif peşə təhsili müəssisələrində çalışacaqlar”-AÇIQLAMA
"Peşə liseylərində müəllim kadrların hazırlanması və ya çatışmaması bizim ən yaralı yerimizdir". Bu barədə SİA-ya açıqlamasında Təhsil Nazirliyinin şöbə müdiri Namiq Məmmədov məlumat verib. O bildirib ki, son 20 ildə mövcud problemlərdən biri də mövcud pedaqoji heyətin peşə təhsili obyektlərindən uzaqlaşmasıdır. Onun sözlərinə görə, bunun obyektiv və subyektiv səbəbləri var və bunlar da daha çox maliyyə problemləri ilə bağlıdır. Bir çox ali təhsil müəssisələrində ilk peşə təhsili müəssisələri üçün kadrın hazırlanmadığını deyən N.Məmmədov qeyd edib ki, bu problem müxtəlif yollarla həll etməyə çalışılır. O qeyd edib ki, bu il kadr hazırlığı ilə bağlı ali və orta ixtisas təhsili müəssisələrinə müraciət etmək fikrindəyik.

"Onların məzun olan fəal tələbələri peşə təhsili müəssisələrində işlə təmin ediləcək. Bundan əlavə, beynəlxalq əlaqələr inkişaf edir. Hər il 30-40 nəfər mühəndis-pedaqoji heyəti xaricə göndəririk. Ötən il 10 nəfər Türkiyə, 3 nəfər Yaponiya, Almaniya, Rusiya kimi ölkələrə müəllim göndərilib. Onlar 1 həftə-10 günlük təcrübə keçərək qayıdıb, əldə etdikləri təcrübələri burada tətbiq etməyə başlayırlar. Bu il də o proses davam edəcək. May ayında İzmirdə yerləşən Anadolu Liseyinə 10 nəfər pedaqoji heyət, o cümlədən Tovuz, Qax, Lənkərandan da pedaqoji heyət buraya cəlb ediləcək. Ali məktəblərə kadr hazırlanması üçün təkliflər verəcəyik. Təkliflər əsasında buranı bitirən tələbələr müxtəlif peşə təhsili müəssisələrində çalışacaqlar. Bu gün təqribən 300-400-ə yaxın heyətə ehtiyac var. Bu gün 500-dən çox mühəndis-pedaqoji heyətin yaşı 65-dən yuxarıdır və onların gələcəkdə necə fəaliyyət göstərməsi sual altındadır. Ona görə də gələcəkdə müəyyən problemlər yarana bilər. Əsasən tikinti, xidmət, İKT, yeyinti sənayesində sahəsində bu çatışmazlıqlar və belə kadrlara ehtiyac var", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə