“Cənab Prezidentin adı ilə bağlı bizim çox böyük uğurlarımız var” ÖZƏL-MÜNASİBƏT

“Cənab Prezidentin adı ilə bağlı bizim çox böyük uğurlarımız var” ÖZƏL-MÜNASİBƏT

Daxili və xarici siyasətdə əldə edilən bütün uğurlar ölkə başçısı Cənab Prezident İlham Əliyevin birbaşa işidir, çünki ümimilikdə dövlətin başçısı olmaqla yanaşı, birbaşa xarici siyasətin, Azərbaycan Konstitusiyasına görə, xarici siyasətimizin müəllifi elə Cənab Prezident özüdür. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Mərkəzin direktoru vurğulayıb ki, şəxsən hakimiyyətdə olduğu dövrdə Cənab Prezidentin adı ilə bağlı bizim çox böyük uğurlarımız var.
“Ümummilli Liderimiz Heydər Əliyevdən qalma bəzi layihələr də Cənab İlham Əliyevin dövründə çox böyük uğurla başa çatdı. Amma bundan əlavə də elə layihələr var ki, bunu birbaşa Cənab İlham Əliyev irəli sürdü. Bu gün Dağlıq Qarabağ məsələsində virtual aləmdə çox gözəl sənəd var, hansı ki, Azərbaycanın maraqlarına cavab verir və Ermənistanın maraqlarının əleyhinədir.
Cənab İlham Əliyev elə 2003-cü ildə hakimiyyətə gələn kimi sıfır variantını ortaya qoydu və Praqa danışıqları, Praqa modeli başladı. O cümlədən az keçmiş Şimal-Cənib Dəmir Yolu marşrutunun daha da sürətləndirilməsi ilə bağlı, ən nəhayət, TAP, TANAP, Bakı-Tbilisi-Qars layihəsi reallaşdı və bütün bunlar elə layihələrdir ki, birbaşa ölkə prezidentinin özü ilə bağlıdır. Yəni, belə deyək ki, bünövrəsi yalnız Cənab İlham Əliyev tərəfindən və onun dövründə qoyulan layihələrdir. O cümlədən, elə başa düşürəm bəşər tarixində ən böyük nüfuzumuzun, ən böyük uğurumuzun göstəricisi BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməyimizdir. Hansı ki, buna 153 dövlət səs verdi. Bu da Cənab İlham Əliyevin hesabına idi. İndi də həmin o görülən işlərin hesabınadır ki, yəni getdikcə ABŞ erməniləri daha çox tanıyır, ermənilərdən aralanır. ABŞ-ın son dövrlərdə Ermənistana verdiyi ciddi bir dəstəyi mən görməmişəm. Bu da məhz elə Azərbaycanın apardığı siyasətin hesabınadır. İndi hal-hazırda ABŞ Ermənistana əlaltı bir dövlət kimi baxır.
O cümlədən Avropa İttifaqının da son dövrlərdə Ermənistana münasibəti tamamilə pisə doğru dəyişib. Ritorika yaxşıdır, Avropa Ermənistana vəd verir, amma o vədi belə demək mümkünsə, yerinə yetirmir. İndi Avropa İttifaqı hal-hazırda Ermənistana ən azı 100 milyon avro yardım etməli idi, hətta keçən ildən qalma, daha doğrusu Avropa İttifaqının büdcəsindən nəzərdə tutulan 60 milyon avrodan cəmi 20 milyon avronu verdilər, 40 milyon avronu dayandırdılar. Yəni bütün bunlar hamısı Azərbaycanın, Azərbaycan Prezidentinin gördüyü işlərdir. Avropa İttifaqında dönüş nə vaxt başladı? 2017-ci il noyabrın 24-də Avropa İttifaqının Sammitində Azərbaycan Prezidentinin birbaşa iştirakı ilə Sammitə yekun maddə salındı ki, buna görə Şərq Tərəfdaşlığına üzv ölkələrin ərazisindəki münaqişələr, yəni Ukrayna, Gürcüstan, Moldova, Azərbaycanda olan münaqişələr dövlət suverenliyi, ərazi bütövlüyü prinspləri əsasında həllini tapmalıdır. Yəni, Azərbaycanın, Gürcüstanın, Moldovanın, Ukraynanın ərazi bütövlüyü bərabər tutuldu. Amma o vaxta qədər Gürcüstanın, Moldovanın, Ukraynanın ərazi bütövlüyünə daimi dəstək bildirirdilər, amma Azərbaycana gələndə isə deyirdilər ki, Dağlıq Qarabağ məsələsi Minsk Qrupu vasitəsilə tənzimlənməlidir. Yəni, bir var Cənab Prezidentin ümumi göstərişi ilə həll olunan məsələlər, bir də var ölkə başçısının birbaşa iştirakı ilə əldə olunan uğurlar. İndi də ABŞ Konqresində qəbul olunan sənəd ki var, mən elə hesab edirəm ki, bizim ictimaiyyət, xüsusən bizim xarici işlər naziri o sənədin üstündə işləməlidir. Sənəddə baza kimi Ukrayna, Gürcüstan, Moldova, Azərbaycan göstərilsə də, amma ən əsas baza kimi Ukrayna, Gürcüstan, Moldova, yəni 91-ci il hesablama nöqtəsi kimi götürülür. Amma nəzərə almaq lazımdır ki, biz çox ağıllı şəkildə işləsək, hansıki, Cənab Prezidentin gördüyü işlər buna imkan verir, Ermənistandan qovulmuş, Ermənistandan deportasiya olunmuş azərbaycanlılar məsələsini də ora sala bilərik. İndi hal-hazırda Dağlıq Qarabağdan və ətraf rayonlardan deportasiya olunmuş, qovulmuş azərbaycanlıların məsələsi var, amma Ermənistandan qovulan azərbaycanlıların məsələsi yoxdur. Orada müəyyən həssaslıqlar var və yenə də deyirəm, bizim diplomatiyamız işləsə, o məsələni də həll edə bilərik. Bir daha deyirəm, Cənab Prezidentin gördüyü işlər buna imkan verir” , deyə Mübariz Əhmədoğlu bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə