“Tovuzdakı insident Ermənistanın təxribatı idi” ÖZƏL-MÜNASİBƏT

“Tovuzdakı insident Ermənistanın təxribatı idi” ÖZƏL-MÜNASİBƏT

Cənab Prezident Nazirlər Kabinetinin iclası zamanı öz çıxışında bir çox həssas məqamlara toxundu və Ermənistanın işğalçı siyasətini növbəti dəfə ifşa etdi. Bu sözləri SİA-ya verdiyi açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

Mərkəzin rəhbəri vurğulayıb ki, Tovuzdakı insident də elə Ermənistanın təxribatı idi və bu təxtibata Azərbaycan Ordusu kifayət qədər geniş həcmdə cavab verdi, düşmənin böyük itgiləri oldu, texnikası məhv edildi.

“Ermənistanın elə bir hərbi texnikası yoxdur ki, yalandan dediyi kimi, guya vurduğu hədəfləri göstərə bilsin. Amma Azərbaycan Müdafiə Nazirliyi internetə xeyli görüntülər qoyub ki, Ermənistanın hansı hədəfləri vurulub.

Ermənistanın yalan siyasətinə gəldikdə, birinci məhz erməni tərəfi qeyd etmişdi ki, guya müharibə olacağı halda onlar Mingəçevir Su Elektrik Stansiyasını vura bilərlər. O zaman da Azərbaycanın müdafiə naziri Zakir Həsənovun cavabı belə olmuşdu ki, ermənilərin başları xarab olub, ağıllarını itirib Mingəçevir Su Elektrik Stansiyasını vurmaq barədə düşünsələr belə Azərbaycan Ermənistanda bir dənə mərkəz, bir stansiya qoymayacaq, hamısını darmadağın edəcək. Ondan sonra artıq bu mövzuya bir daha qayıtmırdılar. Uzun müddətdən sonra yenidən, bir neçə gün öncə Mingəçevirin adını çəkəndən sonra Azərbaycan tərəfi də Metsamorun adını çəkdi. Düzdür, aydındır ki, Metsamorun vurulması Azərbaycanın planında yoxdu, yəni oraya bir raket zərbəsi dəydiyi təqdirdə mənfi təsiri hər tərəfə yayılacaq. Amma, bu açıqlama ona görə verildi ki, ermənilər yerlərini bilsinlər. Yəni bizdə olan raketlər Ermənistanın istənilən məntəqəsini vurmaq iqtidarındadır. Bunu Tovuzdakı döyüşlər də göstərdi. İndi 90-cı illər deyil ki, bütün dünya yalnız erməniləri eşitsin. O zamanlar çox təəssüf ki, Azərbaycan ətrafında informasiya blokadası var idi. Beynəlxalq birlik, dünya mətbuatı ancaq ermənilərin mövqeyini işıqlandırırdı. Son 15-20 ildə biz çalışmalarımız nəticəsində bu informasiya blokadasını yara bildik. Artıq dünya bizi də eşidir. Tovuzdakı son insident göstərdi ki, dünyada Azərbaycanın mövqeyinin haqlı olduğunu qəbul edən ölkələr də var, beynəlxalq təşkilatlar da var və dünya mediası da var. Qərb mediasında, hətta Rusiya mediasının özündə balanslı yazılar yayımlandı, nəyə görə Azərbaycanın Tovuzda işğalçılara zərbə vurduğu izah edildi. Bu o deməkdir ki, artıq Azərbaycan ətrafında informasiya blokadası yoxdur və Ermənistan hakimiyyəti, erməni lobbisi, onların arxasında olan ermənipərəst qüvvələr nə qədər çalışsalar da Azərbaycanın haqlı mövqeyinin işıqlandırılmasının qarşısını ala bilməzlər. Azərbaycanın mövqeyi kifayət qədər işıqlandırıldı və onu dünya da gördü. Ona görə, Dağlıq Qarabağ ətrafında biz rayonların boşaldılması əməliyyatına da başlasaq kimsə bizə mane olmayacaq və Azərbaycanın mövqyi də dünya mətbuatında Tovuz məsələsində olduğu kimi geniş şəkildə işıqlandırılacaq”, deyə Elxan Şahinoğlu bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə