Qələbəmizə tez bir zamanda çatacağıq! - MÖVQE ÖZƏL

Qələbəmizə tez bir zamanda çatacağıq! - MÖVQE ÖZƏL

"Kiçik dövlət kimi qəbul edilən ailə başçısının, qurum, firma rəhbərinin, prezidentin, kralın öz ailəsi, öz xalqı, öz dövləti üçün çoxsaylı fikirləri, xəyalları ola bilər. Lakin bu fikirlər, bu istəklər ailə başçısı səviyyəsində ailə üzvləri tərəfindən dəstəklənmirsə, bu fikirlər hamısı şirin bir xəyal olaraq qalacaqdır. Son günlər Tovuzda baş verən təxribatla bağlı Azərbaycanda baş verən hadisələr onu göstərir ki, həqiqətən də dövlət Başçısının istəkləri ilə xalqın istəkləri eynidir və xalq tərəfindən birmənalı şəkildə dəstəklənir". Bunu SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

Onun sözlərinə görə, əgər dövlət başçısı, ailə başçısı istəkləri ilə ailə üzvlərinin, xalqın istəkləri eynidirsə, mütləq orda qələbə var və biz məhz bunun şahidi olduq: "Ayrı-ayrı yerlərdən, ayrı-ayrı insanlar bacaran-bacarmayan, yaşlı-gənc hər biri orduya yazılmaq üçün könüllü oldular. Bu hələ azmış kimi, başqa ölkələrdə yaşayan azərbaycanlılar da, başqa xalqların nümayəndələri də bizim haqq səsimizə səs verdilər. Bu çox uğurlu bir işdir. Düşünürəm ki, torpaqlarımızın geri qaytarılması, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması bütün Azərbaycan xalqının və Azərbaycanı sevən başqa dövlətlərdə yaşayan xalqların belə iradəsidir".

E.Hüseynov vurğulayıb ki, bu məqamda mən bəzi erməni materiallarını İstelakçı hüquqlarını qoruyan dünya təşkilatlarına göndərdim: "Çox əhəmiyyətli materiallardan biri olan erməni bir qadının Ukrayna televiziyasında onun qayınatasının necə baş kəsən olduğu, necə hamilə azərbaycanlı qadınların qulaqlarını kəsməsi və onlara əzab verməsi barədə açıq etiraflarını mən MDB ölkələrinin İstehlakçı Təşkilatları ilə paylaşdım və mənə bu barədə çoxsaylı cavablar gəldi. Düşünürəm ki, hər bir azərbaycanlı ölkə Prezidentinin bir çox məsələlərdə, o cümlədən Qarabağ və Azərbaycanın ərazi bütövlüyü uğrunda gördüyü işlərə tam dəstəyini verməlidir və mən bu günlərdə müşahidə etdim ki, bütün ictimai təşkilatlar, siyasi xadimlər, Azərbaycanı sevən bütün insanlar Prezidentimizlə birgədir. Söz bir olsa dağ oynadar yerindən. Biz öz qələbəmizə tez bir zamanda çatacağıq!".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə