“Ermənistan törətdiyi təcavüzün məsuliyyətindən qaçmağa çalışır” ÖZƏL-MÜNASİBƏT

“Ermənistan törətdiyi təcavüzün məsuliyyətindən qaçmağa çalışır” ÖZƏL-MÜNASİBƏT

“Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın müddətdə davam edən təcavüzü və sərhəddə törətdiyi təxribatlar, həm də Ermənistanın üzv olduğu hərbi-siyasi təşkilatın hüquqi sənədlərinə ziddir.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında politoloq Yusif Bağırzadə Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasdakı fikirlərini şərh edərkən deyib.

Politoloq qeyd edib ki, Prezidentin də qeyd etdiyi kimi Ermənistan bu kimi hərbi avantüra yolu ilə üzv olduğu hərbi-siyasi təşkilatları Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməyə, Azərbaycana qarşı törətdiyi işğal və təcavüzün məsuliyyətindən boyun qaçırmağa çalışır.

“Ermənistan tərəfindən sərhəddə törədilmiş təxribat onu göstərir ki, rəsmi İrəvan Ermənistan-Azərbaycan münaqişəsinin danışıqlar yolu ilə həllində maraqlı deyil və məqsədi Azərbaycan ərazilərini işğalda saxlamaqdan ibarətdir. Dünya birliyinin COVID-19 ilə mübarizə apardığı bir vaxtda, Ermənistan belə bir hücum və təxribat törədilir. Bu hal və Ermənistanın davamlı olaraq atəşkəsi pozması bir daha sübut edir ki, Ermənistanın BMT Baş katibinin COVID-19 ilə əlaqədar qlobal atəşkəs təşəbbüsünü dəstəkləməsi riyakarlıqdan başqa bir şey deyil.

Ermənistan uzun müddətdir ki, belə hərbi avantüralar yolu ilə üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməyə, Azərbaycana qarşı törətdiyi işğal və təcavüzün məsuliyyətindən boyun qaçırmağa çalışır. Lakin Ermənistan unudur ki, Azərbaycanın Ermənistan istisna olmaqla bütün KTMT ölkələri ilə dostluq münasibətləri var və həmin ölkələr Ermənistanın məkrli niyyətini yaxşı başa düşürlər.

Digər bir tərəfdən Ermənistandakı mövcud vəziyyət hər birimizə məlumdur. Ölkədə narazılıq özünün ən yüksək səviyyəsinə çatıb. Demokratik prinsiplər tamamilə pozulub, Venesiya Komissiyasının tövsiyələri rədd edilib, siyasi opponentlər təqib olunur və diktatura hökm sürür. Ona görə də, indi Ermənistan rəhbərliyinə hansısa bir böhranlı vəziyyət lazımdır ki, ictimai fikri bu əsas məsələlərdən yayındırsın. Elə ona görə də bu təxribata şüurlu şəkildə əl atdılar. Lakin bütün təxribatlara baxmayaraq Azərbaycan Ordusu bir daha öz üstünlüyünü göstərdi. Bu əməliyyatın Azərbaycan Ordusunun şanlı tarixində öz yeri olacaq”, deyə Yusif Bağırzadə bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə