"Azərbaycan dövləti və Azərbaycan xalqı birdir, həmrəydir" ÖZƏL-MÖVQE

“Qarabağ aksiyası zamanı xalqın kütləvi şəkildə dövlət və Ali Baş Komandan ilə həmrəylik nümayiş etdirməsindən təxribatçıların öz məqsədləri üçün istifadə etmələrinin şahidi olduq. Xaricdə olan bəzi media resursları öz “youtube” və “facebook” səhifələrində canlı yayıma məqsədyönlü şəkildə hazırlaşmışdılar”. Bunu SİA-ya politoloq Zaur Məmmədov deyib.

“Əvvəlcə aksiyanı digər rakursda qələmə verərək düşmənin dəyirmanına su tökdülər. Sonra isə, sanki gecə saatlarında baş tutacaq təxribatı gözləyirdilər. Bir qrup aksiyaçının parlament binasına soxulması zamanı xaricdəki şəbəkənin provokasiyaya əl atmaları bir daha bu qrupların əsl simasını ortaya qoymuş oldu. Sərhəddə döyüşlərin getdiyi bir vaxt Meydan TV başda olmaqla bu internet resursları və blogerlər erməniyə qarşı təbliğat aparmaq əvəzinə Azərbaycan dövlətinə qarşı vuruşdular.

Beləliklə, biz bu günlər ərzində istər Ermənistanın, istər Ermənistanın havadarlarının, istərsə də daxildəki “5-ci kolon”dan tutmuş xaricdəki dırnaqarası müxalifətçilərin Azərbaycana qarşı sistemli şəkildə fəaliyyətlərinin şahidi olduq. Elə məsələnin ən faciəvi tərəfi də budur. Ermənilər üçün Azərbaycan Respublikasına qarşı platformaya çevrilən bu şəbəkələr...Lakin, indi 1990-cı illər deyil. Azərbaycan dövləti və Azərbaycan xalqı birdir, həmrəydir. Bu qüvvələr məqsədlərinə çatmayacaqlar”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə