"Baş verənlər düşmənin əlinə oynamaqdan başqa heç nəyə yaramayacaq!" ÖZƏL-RƏY

"Arzuolunmaz xaotik təşəbbüslər dövlətimizə zərbə vurmaq niyyəti güdür. Öncə o məsələyə aydınlıq gətirək ki, iyulun 14-15-də gecə saatlarında keçirilən aksiyanın məqsədi nə idi? Bu spontan aksiya nəyin göstəricisi idi? Azərbaycan Ordusuna dəstək məqsədilə keçirilmiş aksiya, ilk növbədə cəmiyyətimizdə vətənpərvərlik ruhunun yüksək olduğunu bir daha bütün dünyaya nümayiş etdirdi. Nümayiş etdirdi ki, bu millət torpaq milli məsələsində bölünmür, əksinə bir yumruq kimi dövlətinin ətrafında birləşə bilir. Nümayiş etdirdi ki, xalq torpaq məsələsində heç nəyə güzəştə getməyəcək, qəhrəmanlıqlara imza atan Ordusunun arxasında bir nəfər kimi dayanıb... Aksiyanın niyyəti də qürurverici idi; vətənpərvərlik, səfərbərlik elan olunması istəyi, ordu sıralarında qulluq etmək niyyəti və s. Bəli, orduya dəstək hər bir vətəndaşın borcu, ən ümdə vəzifəsidir. Xüsusilə, indiki məqamda. Ona görə də bu məqsədlə müxtəlif tədbirlərin, aksiyaların keçirilməsi başadüşüləndir". Bunu SİA-ya Əməkdar jurnalist Elman Babayev deyib.

Onun sözlərinə görə, son aksiyaya hakimiyyətin yanaşması da fərqli deyildi: "Aksiyaya polis hər hansı müdaxilə etmirdi. Baxmayaraq ki, ölkə sərt karantin rejimində yaşayır. Pandemiyanın yayılması tempi azalmayıb. Ölkədə kütləvi aksiyalar qadağan edilib. Fəqət vətənpərvərlik, ordu ilə bir yerdə olmaq kimi ülvi hisslərə görə bütün qayda pozuntularına göz yumuldu.

Sonra baş verənlər isə artıq hamımıza məlumdur. Aksiyanın gedişatı arzuolunmaz istiqamət aldı. Kütləvi tədbir üçün yaradılmış münbit şəraitdən sui-istifadə hallarına yol verildi. Öncə prosesə siyasi məzmun verməyə, ardınca onu nəzarətdən çıxarmağa, neqativ emosiyaların formalaşdırılmasına cəhdlər göstərildi. Paralel olaraq, məlum sosial şəbəkə səhifələri hərəkətə gətirildi. Bu səhifələr vasitəsilə həm cəbhə xəttində, həm də paytaxtda arzuolunmaz proseslərin baş verməsi barədə həqiqiətə uyğun olmayan informasiyalar dövriyəyə buraxıldı.

Nəticə isə göz önündədir...

Düşmənlə sərhəddə hərbi əməliyyatlar getdiyi bir vaxtda bir qrup şəxsin Bakının küçələrində iğtişaş yaratmaq cəhdləri, Milli Məclisin binasına girərək vandallıq törətməsi, polislərə qarşı zor tətbiq olunması təkcə qanunlaramı ziddir? Bu, ilk növbədə son döyüşlərdə şəhid olan hərbçilərimizin ruhuna hörmətsizlikdir!

Qısası, ölkədə 1990-cı illərin rüzgarlarını əsdirməyə cəhd edildi. Həmin dövrdə yaşanan gərgin hadisələr, anarxiya, özbaşınalıq və xaos yaddaşlara əbədi həkk olunub. Arzuolunmaz ssenari düzənləmək istəyənlər isə unudublar ki, nə dövlət həmin dövlətdir, nə cəmiyyət! İndi dövlət cox güclüdür, cəmiyyət isə ağı-qaradan seçə bilir; hər bir şeyi, dövlətinin torpaq məsələsində güzəştsiz mövqeyini, bu mövqeyi tamamlayan addımları aydın görür. Bu səbəbdən də bəzi siyasi qrupların, şəxslərin bir daha hərc-mərclik yaratmaq, ölkəmizi yenidən o dövrə qaytarmaq cəhdləri heç bir halda baş tutmayacaq.

Bəli, Azərbaycan indi olduqca güclü dövlətə çevrilib. Əldə olunan nailiyyətlər sırasında təhlükəsizlik, güclü ordu, əmin-amanlıq, sabitlik, inkişaf və sosial rifah öndə gəlir. Son illər cəbhədə düşmənə verilən cavab, bir qarış olsun belə torpaq verməmək,əksinə yeni mövqelər əldə etmək məhz bu gücün real ifadəsidir.

Azərbaycan indiki məqama xalqımızın əyilməz iradəsi, uzun illərin əziyyəti və zəhməti, şəhidlərimizin qanı bahasına gəlib çatıb. Bu uğurları hər vəchlə qorumaq, inkişaf etdirmək və istənilən pozuculuğa qarşı mövqeyimizi nümayiş etdirmək hər birimizin vətəndaşlıq görəvidir.

Doğma Azərbaycanımızın növbəti tarixi sınaqdan üzüağ çıxması üçün bir olmalıyıq! Həm pandemiya ilə mübarizədə, həm də cəbhədə düşmənə qarşı milli birlik, həmrəylik, güclü milli iradə nümayiş etdirmək yolundan sapmamalıyıq! Hazırda bizə bütün səylərimizi səfərbər etmək vacibdir; hər birimiz məsuliyyətlə davranmalı, nizam-intizama riayət etməli, cəmiyyətimizdəki mövcud təhlükəsizliyi və sabitliyi qoruyub saxlamağa töhfə verməliyik!

İndi 1990-cı illərin əvvəlləri deyil ki, nizami ordu olmadığına görə, vətəndaşlar öz gücünə torpaqlarımızı müdafiə etmək məcburiyyətinə əl atsınlar. Bu gün Azərbaycan güclü orduya malikdir və Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirməyə, o cümlədən torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Heç kim şübhə etmir ki, əlverişli məqamda bu, mütləq baş verəcək... Güclü Azərbaycan Ordusu düşmənin istənilən təxribatına, həmləsinə layiqli cavab vermək iqtidarındadır. 2016-cı ilin aprel döyüşləri, hazırda Azərbaycan-Ermənistan sərhədində baş verən hadisələr bunu bir daha isbat edir.

Belə bir şəraitdə arzuolunmaz xaotik təşəbbüslər yalnız və yalnız dövlətimizə zərbə vurmaq niyyəti güdür. Bu addımlar düşmənlərimizi sevindirə, ölkəmiz, silahlı qüvvələrimiz haqqında uydurmalarını daha da genişləndirməyə imkan yarada bilər. Bunu görmək üçün düşmən mətbuatın son aksiyaya yanaşmasını izləmək kifayətdir. Güclü ordumuzun öz missiyasını şərəflə yerinə yetirməsinə baxmayaraq, silaha sarılmaq və cəbhə bölgəsinə getmək çağırışları, ayrı-ayrı şəxslərin cəbhə xəttinə yürüş təşkil etmək cəhdləri yolverilməz və qəbulolunmazdır. Çünki bu, düşmənin əlinə oynamaqdan başqa heç nəyə yaramayacaq!".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə