“Minlərlə insan Azərbaycan ordusuna, Ali Baş Komandana dəstəyini ifadə edib” ÖZƏL-MÜNASİBƏT

Tovuz istiqamətində gedən döyüşlər bir daha təsdiq edir ki, Azərbaycan ordusu ölkə sərhədlərini qorumağa və vətən uğrunda sücaətlə mübarizə aparmaga qadirdır. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov deyib.

Millət Vəkili vurğulayıb ki, bununla yanaşı, ötən gecə minlərlə insan paytaxtımızın müxtəlif ərazilərində əllərində Azərbaycan bayrağı, ölkəmizin himnini oxuyaraq “Qarabağ!”, “Orduya dəstək!” “Ali Baş Komandan, silah ver bizə!”, ”İrəli, irəli, Azərbaycan əsgəri!”, ”Şəhidlər ölməz, vətən bölünməz!” şüarları səsləndirərək Azərbaycan ordusuna, onun Ali Baş Komandanına, dövlətinə dəstəyini ifadə edib.

“Təəssüf ki, ötən gecə aksiya zamanı bir qrup insan mövcud vəziyyətdən başqa məqsədlər üçün istifadə etməyə, vətənpərvərlik, orduya və dövlətə dəstək aksiyasının istiqamətini dəyişməyə çalışmışlar. Aksiya iştirakçılarının əksəriyyəti, polislərin dağılma tələbinə əməl edərək evlərinə getdiyi halda, kiçik bir qrup polisin çağırışına əməl etməmiş, orduya dəstək mitinqinin mahiyyətindən uzaqlaşaraq qeyri-qanuni Milli Məclisin binasına daxil olmuş, binaya zərər vurmuş və parlamentin foyesində “Allahu-Əkbər” şüarları səsləndirmişlər. Biz xalqımızın iradəsi, şəhidlərimizin qanı bahasına qazandığımız uğurları hər vəchlə qorumalı, inkişaf etdirməli və istənilən pozuculuğa qarşı öz vətəndaş mövqeyimizi nümayiş etdirməliyik.

Buna görə də istər pandemiya ilə mübarizədə, istərsə də cəbhədə düşmənə qarşı milli birlik, həmrəylik, güclü milli iradə nümayiş etdirmək zəruridir. Hər birimiz məsuliyyətlə davranmalı, nizam-intizama riayət etməli, cəmiyyətimizdəki mövcud təhlükəsizliyi və sabitliyi qoruyub saxlamaq üçün bütün səylərimizi birləşdirməliyik”, deyə Vüqar Bayramov bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə