Biz bu kimi hallara qarşı çox ayıq-sayıq olmalıyıq" ÖZƏL-MÜNASİBƏT

"Ümumiyyətlə əgər biz 90-cı illərin əvvəllərini yada salsaq görərik ki, qaragürüh, ara qarışdıran qüvvələr, həmin o hakimiyyət uğrunda o dövrdə də mübarizə aparan qüvvələrin bu gün də xeyli hissəsi yenə işləkdir, qüvvədədir. Onlar bulanıq suda balıq tutmaq fikri, xülyası ilə həmişə yaşayıblar və bu gün də yaşayırlar". Bunu SİA-ya millət vəkili Elman Məmmədov deyib.

Deputatın sözlərinə görə, Azərbaycan Ordusu güclü ordudur: "Azərbaycan Ordusu düşmənə kifayət qədər yüksək səviyyədə zərbələrini vurub və geri oturdub. Düşmən canlı qüvvə cəhətdən bütün sferada (hərbi texnika və s.) çox ciddi tələfatlara uğrayıb. Bu gün güclü Azərbaycan Ordusu var və torpaqlarımız, müdafiəmiz uğrunda da döyüşünü aparır. Bakıda müharibə getmir. Müharibə cəbhə bölgəsindədir. 90-cı illərdə də həmin qüvvələr cəbhədə, orduda vəziyyət gərginləşəndə, torpaqlarımız bir-birinin ardınca işğal olunanda Bakıda hakimiyyət davası aparırdılar və təxribatlar törədirdilər. Onlar yenə də həmin fürsətdən istifadə edib təmiz fikirlə orduya dəstək məqsədilə meydana çıxan insanlarımızın arasına öz qüvvələrini yerləşdirdilər və növbəti təxribatı törətdilər. Təbii ki, həmin insanlar haqqında müvafiq qurumlarımız tərəfindən lazımi tədbirlər görüləcək. Ancaq bu, bir daha ondan xəbər verir ki, biz çox ayıq-sayıq olmalıyıq. Hesab edirəm ki, bu kimi hallara qarşı hamımız birgə mübariz aparmalıyıq”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə