"Ordumuza dəstəyimizi göstərməliyik" - MÖVQE ÖZƏL

"12 iyul tarixində separatçı erməni silahlı qüvvələri tərəfindən Tovuz istiqamətində təxribat törədilib. Təbii ki, Azərbaycan Milli Ordusu onlara layiqli cavab verərək yerlərində oturdub. Düşmən tərəf çox böyük canlı və texnika itkisə məruz qalıb. Təəssüf ki, heç bir müharibə itkisiz olmur. Azərbaycan tərəfi də itki verib. Allah Şəhidlərimizə rəhmət eləsin. Hər birinin ruhu qarşısında baş əyirik". Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Deputat əlavə edib ki, həm şəhidlərimizin dəfnində, eyni zamanda dünən axşam saatlarında insanların Bakıda meydanlara axışması Şəhidlərimizin ruhuna göstərilən hörmət, eyni zamanda Ali Baş Komnadanımıza və Milli Ordumuza dəstəyin bariz nümunəsi idi: "Bu, hər birimiz üçün fəxarət hissi idi. Mən xalqımıza buna görə təşəkkür edirəm. Ordumuz da xalqın bu böyük dəstəyi ilə daha da şücaət göstərəcək. Çünki ordumuz və Ali Baş Komandanımız bilir ki, xalqımız onlara dəstəkdir və onların arxasındadır".

Deputat bildirib ki, lakin biz bir şeyi unuda bilmərik ki, hazırda təhlükəli məqamdır və virus faktını görməzdən gəlmək olmaz: "Koronavirus pandemiyası dövründə bu qədər insanın maskasız və digər qoruyucu vasitələrsiz bir yerə toplaşması, yaxın məsafədə təmasda olması çox təhlükəli bir məqamdır. Covid-19-a qarşı aparılan mübarizə çərçivəsində ölkəmizdə bir çox işlər görülüb. İnsanlarımız anlamalıdırlar ki, bu gün müharibə şəraitində olan ölkəmiz, həm də koronavirus kimi bir bəla ilə mübarizə aparır".

C.Osmanov vurğulayıb ki, bu məsələdə xüsusilə səhiyyəmizin üstünə çox iş düşür və səhiyyə işçilərimiz bu virusla amansız mübarizə aparırlar: "Cəbhədən gələn yaralılarımız olur və eyni zamanda virusa yoluxmuş insanlarımızın sayı çoxalarsa, bu da səhiyyəmizi çətin vəziyyətə sala bilər. Biz xalq olaraq bu məsələlərdə daha diqqətli olmalı, vəziyyəti daha dərindən analiz etməli və heç bir emosiyaya yol verməməliyik. Biz hər birimiz vətədaş olaraq yenə də Ali Baş Komandanımızın yanında olmalı, onun tapşırıqlarına əməl etməklə Ordumuza arxa cəbhədə öz dəstəyimizi göstərməliyik".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...