"Azərbaycan xalqı qorxmaz və vətənpərvərdir" ÖZƏL-MÜNASİBƏT

"Düşmənin hər bir təxribatına Azərbaycan Ordusu layiqli cavab verir və verməyə də davam edəcək. Tovuz istiqamətində gedən döyüşlərdə də düşmən bir daha ordumuzun gücünü gördü. Buna görə də Azərbaycan öz ərazi bütövlüyünü bundan sonra da qoruyacaq və ordumuz Ali Baş Komandanın tapşırığı ilə torpaqlarımızın keşiyində ayıq-sayıq dayanacaq". Bunu SİA-ya millət vəkili Anar Məmmədov deyib.

Deputatın sözlərinə görə, dünən axşam saatlarında xalqımız ordumuza və Ali Baş Komandanımıza dəstək nümayiş etdirərək, xalq - iqtidar birliyinin, xalq - ordu birliyinin vəhdətinin təcəssümü olaraq paytaxt ərazisində "Ya Qarabağ ya ölüm", "Şəhidlər ölməz, Vətən bölünməz", "Ali baş komandan əmrini gözləyirik" kimi şüarlar səsləndirdilər: "Təbii ki, bütün bunlar çox qürurvericidir. Lakin əfsuslar olsun ki, beşinci kolon növbəti dəfə öz mənfur niyyətlərini həyata keçirmək məqsədilə milli birliyimizə, xalq həmrəyliyinə kölgə salmağa çalışdı. Bu hadisə isə artıq qərəzli şəkildə, qabaqcadan planlaşdırılmış məqsədyönlü antiazərbaycançı mərkəzlər tərəfindən hazırlanmış bir təxribat idi. Bunun isə yalnız bir adı var: şəhid adından istifadə edib ictimai-siyasi sabitliyi pozmaq. Əlinə soyuq silah, deşici-kəsici alətlər alaraq asayişi pozmağa cəhd göstərmək, zor tətbiq edərək Qarabağa gedən yolu Milli Məclisin binasına daxil olmaqda görmək nə dinə, nə də demokratiyaya xidmət edir. Bu, yalnız və yalnız ölkədə sabitliyi, ictimai asayişi pozmağa, xaos yaratmağa yönəlmiş bir addımdır. Bu, son iki gündə torpaqlarımız uğrundan canından keçən şəhidlərimizin ruhuna edilmiş ən böyük hörmətsizlikdir.

Bu gün ölkəmizin yüksək templə inkişafı və sabitliyi, eyni zamanda sərhəddə düşmən üzərindəki üstünlüyümüz bəzi antiazərbaycan qüvvələrinin maraqlarına zidd gəldiyi üçün əllərindəki kuklaları ilə belə məkrli oyunlar oynayırlar. Ancaq hadisələrin inkişafı göstərdi ki, belə bir çirkin planı Azərbaycanda həyata keçirmək mümkün deyil. Çünki bu ermənipərəst qüvvələr, öz maraqları naminə dövlətinə, xalqına xəyanət edənlər, dinc sakinləri təşvişə salmaq, xaricdə oturub burada qarışıqlıq yaratmaq istəyənlər, sapı özümüzdən olan baltalar anlamırlar ki, bizim ölkədə xalq-iqtidar birliyi var, heç bir qüvvə Azərbaycan dövlətini sarsıda bilməz. Bizim sabitliyimizin əsasında Azərbaycan xalqı dayanır. Bizim düşmənlərimizi də narahat edən elə budur. Ona görə də ölkəmizdə vətəndaş müharibəsi yaratmaq istəyirlər. Lakin dünən bir daha sübut olundu ki, müstəqil dövlətimizin ən mühüm atributlarından, əsas sütunlarından olan Azərbaycan polisi ictimai asayişin qorunmasında, dövlətə qarşı yönələn qəsdlərin qarşısının alınmasında, silahlı quldur dəstələrinin zərərsizləşdirilməsi, insanların həyatının, sağlamlığının, hüquq və azadlıqlarının, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərinin və mülkiyyətinin hüquqa zidd əməllərdən qorunmasında, cinayətkarlığın səviyyəsinin azaldılması istiqamətində şərəflə çalışır, qarşıya qoyulmuş vəzifələri layiqincə həyata keçirir.

Bu gün hər birimiz Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əsgəriyik və lazım gələrsə, vətənimiz qarşısında borcumuzu ödəməyə hazır olmalıyıq. Buna görə də həmrəy olub, Ali Baş Komandanın əmrini gözləməli, heç bir təxribata yol verməməliyik. Çünki Azərbaycan xalqı qorxmaz və vətənpərvərdir. Biz son damla qanımızacan döyüşərək doğma vətənimizi gözbəbəyi kimi qorumağı özümüzə müqəddəs borc bilirik".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...