"Ermənistan rəhbərliyi biabırçılığı gizlətmək üçün dəridən-qabıqdan çıxır" ÖZƏL-RƏY

"Cəbhənin Tovuz bölgəsindən həyəcanlı xəbərlər gəlməkdədir. İyulun 12-də törətdikləri təxribatın çox sərt cavabını alaraq böyük itkilərə məruz qalan düşmən son dərəcədə azğınlaşaraq, hətta kəndlərimizi top atəşinə tutublar. Artıq dinc əhalimiz arasında ölən də var. Bu, əsl faşizm və hərbi cinayətdir. Bütün varlığı ilə sərhədlərimizi pozmağa cəhd edən erməni hərbi birlikləri darmadağın edilib, onların komanda qərərgahları, hərbi obyektləri, çoxlu sayda texnikası məhv edilib. 2 gün ərzində ermənilər 100-dən artıq canlı qüvvə itiriblər". Bunu SİA-ya Yurddaş Partiyasının sədri Mayis Səfərli deyib.

Onun sözlərinə görə, Ermənistan rəhbərliyi bu biabırçılığı geniş ictimaiyyətdən gizlətmək üçün dəridən-qabıqdan çıxır: "Hərçənd ki, başıboş baş nazir Paşinyanın nəzarətində olmayan mətbuatda və sosial şəbəkələrdə düşmənin üzləşdiyi itkilər barədə dəqiq məlumat verilir. Hətta bildirilir ki, ölkənin elə bir bölgəsi yoxdur ki, oraya əsgər meyidi gətirilməsin.

Əfsuslar olsun ki, Milli Ordumuzun da itkiləri var. Bu müharibədir. Vətən uğrunda vuruşmaq hər birimizin borcudur. Şəhid olmaq şərəflidir. Biz zabit və əsgərlərimizlə yanaşı bir generalımızı da - Polad Həşimovu itirdik. Erməni cəlladlarına qan udduran generalımız mövqelərimizi müdafiə edərkən qəhrəmancasına həlak olmuşdur. Bu sübut edir ki,güclü Azərbaycan ordusunda xidmət edən hər bir zabitimiz,generalımız Vətən uğrunda döyüşlərdə əsgərlərimizlə çiyin - çiyinə döyüşürlər. Azərbaycan generalı arxada durub əmr vermir, o, əlində silah döyüşün ön xəttində nümunə göstərir. Allah şəhidlərimizə rəhmət eləsin,yaralılarımıza şəfa versin! Bütün dualarımız əsgərlərimizlədir! Əlbəttə ki, biz qisasımızı alacağıq, ərazi bütövlüyümüzü təmin edəcəyik.

Danışıqlar prosesində kiçik də olsa canlanmanın hiss olunduğu, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin videokonfrans formatında keçən görüşündən cəmi bir neçə gün sonra, düşmən dövlətin belə təxribata əl atmasının gerçək səbəbləri vardır. Bildiyiniz kimi, Paşinyan hakimiyyətə gələrkən aclıq və səfalətdən əziyyət çəkən xalqına çörək və iş vəd etmişdi. Amma boşboğazlığı, bacarıqsızlığı ilə yadda qalan erməni lideri vədlərini yerinə yetirə bilmədi. Pandemiya ilə mübarizədə sərgilədiyi savadsızlıq və səriştəsizlik Ermənistanı daha da pis vəziyyətə gətirib çıxardı. Düşmən ölkə əhalisinin say nisbətində virusa yoluxan və ölənlərə görə dünyada ilk yerlərdədir. Bu səbəbdən yüksələn daxili -siyasi gərginlik pik həddə çatmışdır. Geniş ictimaiyyət və müxalifət yalançı baş naziri istefaya çağırır. Görünür hoqqabaz Paşinyan xalqının artan etirazlardan yaxa qurtarmaq üçün çıxış yolunu atəşkəsi pozmaqda tapdı. Lakin görünən odur ki, o,özünü lap çıxılmaz vəziyyətə salıb.

Burda bir məsələyə xüsusi diqqət yetirməyi vacib sayıram. Bilirsiniz ki, son vaxtlar Azərbaycanın beynəlxalq mövqeləri güclənir, ölkəmizin diplomatik uğurları artır, Prezident İlhamƏliyevin irəli sürdüyü dünya miqyaslı təşəbbüslərin, Beynəlxalq Birlik və Təşkilatlar tərəfindən dəstəklənməsi, ölkəmizin sədrlik etdiyi Qoşulmama Hərəkatının Zirvə toplantısının geniş əks - səda yaratması, dövlət başçımızın təklifi ilə BMT Baş Assambleyasının pandemiya ilə bağlı xüsusi sessiyasının keçirilməsi haqda qərar verilməsi həm Ermənistanı, həm erməni diasporu və lobbisini, həm də xaricdəki antiazərbaycan çevrələrini xüsusi narahat edir. Azərbaycanın Avropa ilə əməkdaşlığından qısqanclıq keçirən, Avropa Birliyi ilə tərəfdaşlıq haqqında yeni anlaşmalar barədə aparılan danışıqlardan təlaş keçirən qüvvələrin də Paşinyanı ruhlandırmaq ehtimalını da nəzərdən qaçırmamalıyıq. Düşünürəm ki, haqq uğrunda,ərazi bütövlüyü uğrunda ölüm - dirim savaşına girmiş Ordumuz Ali Baş Komandanımızın - Prezidentimizin rəhbərliyi və xalqımızın həmrəyliyi ilə düşməni yenəcək! Verdikləri dəstəyə görə Türkiyə Cumhuriyyətinin, Pakistanın rəhbərlərinə, ictimaiyyətinə və digər dövlətlərə də minnətdarlığımı bildirirəm".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...