"Azərbaycanın dünyada nüfuzunun artması Ermənistanı qıcıqlandırır" ÖZƏL-MÜNASİBƏT

"İyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri növbəti dəfə təxribata əl ataraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirməyə, artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərərək cəbhə xəttində növbəti dəfə sabitliyi pozub. Hər zaman olduğu kimi, bu dəfə də Azərbaycan Ordusunun həyata keçirdiyi əks-tədbirlər nəticəsində düşmən geri otuzdurulub, onun canlı qüvvəsinə və hərbi texnikasına ciddi zərər yetirililərək düşmənin texnikası və canlı qüvvəsi məhv edilib". Bunu SİA-ya YAP Yevlax rayon təşkilatının Aparat rəhbəri Rafiq Əliyev deyib.

Onun sözlərinə görə, Ermənistan hakimiyyəti hər zaman beynəlxalq münasibətlərin tənzimlənməsi baxımında iflasa uğrayanda belə təxribatlara əl atır, cəbhə xəttində sabitliyi pozmaqla öz diplomatik məğlubiyyətini ört basdır etməyə çalışır: "Lakin nəticə Ermənistan hakimiyyəti üçün daha da acınacaqlı vəziyyətin yaranması ilə sonlanır. Bu gün Azərbaycan dünyaya sübut edir ki, Azərbaycan-Ermənistan məsləsini həm diplomatik yolla, həm də hərb yolu ilə həll etməyə qadirdir və bunun üçün bütün imkanlara sahibdir. Ermənistan rəhbərliyinin diplomatik uğursuzluğu və cəbhə xətində pozuculuq edərək fikirləri yayındırmaq istəyi Ermənistanda vəziyyəti olduqca mürəkkəbləşdirib, hakimiyyətə qarşı müxalifətin vahid cəbhədə birləşməsi prosesi sürətləndiribdir. Bu da onu göstərir ki, N.Paşinyanın demaqoqcasına vəd etdiyi “çiçəklənmə” reallaşmır, daxili və xarici siyasətdə uğursuzluğu günbəgün özünü büruzə verir. Ona görə də Azərbaycanın dünyada nüfuzunun, çəkisinin günü-gündən daha da artması, beynəlxalq mövqelərinin daha da güclənməsi Ermənistanı qıcıqlandırır.

Ölkəmizin diplomatik uğurları, dövlət başçımızın irəli sürdüyü təşəbbüslərin beynəlxalq arenada əsaslı şəkildə dəstəklənməsi, o cümlədən ölkəmizin sədrlik etdiyi Qoşulmama Hərəkatının Zirvə toplantısının geniş rezonans doğurması, Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi iclasının keçirilməsi barədə qərar qəbul edilməsi Ermənistanı erməni lobbisini, xarici ermənipərəst dairələri, Azərbaycanı istəməyən xarici qüvvələri ciddi narahat edir. Və bütün cəhdlərlə Azərbaycanın uğurlarını ənğəlləmək, onun beynəlxalq arenadakı nüfuzuna xələl gətirmək üçün bütün vasitələrə ölkəmizə qarşı təxribatlar aparmağa çalışır, cəbhə xəttində gərginliyi yaratmaqla sülh danışıqlarını pozur. Buna görə də yaranmış vəziyyətə görə məsuliyyət tam şəkildə Ermənistan rəhbərliyinin üzərinə düşür və beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətini və təxribat cəhdini pisləməli, buna öz hüquqi qiymətini verməlidir".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə