"Ermənistan hakimiyyəti nəhayət dərk etməlidir ki..." ÖZƏL-RƏY

"Azərbaycanın müasir tarixinə öz damğasını vuran şərəfli Aprel döyüşlərindən sonra Dağlıq Qarabağ münaqişəsi ətrafında növbəti canlanma hiss olunmaqdadır. İyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri təxribata əl ataraq Azərbaycan-Ermənistan dövlət sərhəddinin Tovuz istiqamətindəki mövqelərini atəşə tutub, artilleriyadan istifadə edərək hücuma keçməyə cəhd göstərib. Bu təxribatın qarşısı qətiyyətlə alınıb, düşmənə layiqli cavab verilib". Bunu SİA-ya Əməkdar jurnalist Elman Babayev deyib.

Onun sözlərinə görə, ordumuzun həyata keçirdiyi adekvat tədbirləri əks etdirən videolardan da göründüyü kimi, düşmənin canlı qüvvəsinə və hərbi texnikasına ciddi zərər vurulub: "Beləliklə, məhz Ermənistan tərəfinin təxribatı nəticəsində tərəflər arasında müharibənin alovlanması üçün ciddi zəmin yaranıb.

Gəlin, öncə elə məsələnin bu tərəfinə aydınlıq gətirək; həqiqətən müharibə başlasa, nə ilə nəticələnə bilər? Doğrudanmı, Ermənistan yeni ərazilər ələ keçirmək imkanındadır?

Bu gün Azərbaycan həm iqtisadi, həm də hərbi-psixoloji baxımdan Ermənistandan kifayət qədər üstün mövqedədir. Azərbaycan öz imkanlarını səfərbər edərək çəbhə bölgəsindəki qısamüddətli atışmaları iri hərbi əməliyyatlara cevirib, öz torpaqlarını işğaldan tam xilas etmək əzmindədir. Lakin Azərbaycan beynəlxalq missiyanın nəzarətində olan sülh prosesinə sadiq qalaraq, onu pozmağa maraqlı deyil.

Danılması mümkün olmayan reallıq bundan ibarətdir ki, müharibə variantında Azərbaycan Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə qısa müddətdə güclü tərəf olduğunu təsdiqləyə biləcək:

1. Beynəlxalq hüquq Azərbaycanın yanındadır və Azərbaycanın dünyada güclənmiş ciddi siyasi mövqeyi mövcuddur.

2. Azərbaycanda bu gün Dağlıq Qarabağ məsələsində siyasi qüvvələrin fikirləri hacalanmır. Cəmiyyətdə vahid mövqe var.

3. Azərbaycanda 1990-cı illərin əvvəlindəki kimi siyasi xaos şəraiti yoxdur ki, cəbhə bölgəsində hansısa bir uğursuzluğa aparıb cıxarsın. Və yaxud, siyasi xaos şəraitində, yeni döyüşlərdə hansısa bir rayon ermənilərə verilsin, başqa sözlə, ermənilərin qarşısından geri cəkilsin. İndi söhbət vahid komandanlıqdan, orduda intizamdan gedə bilər.

4. Azərbaycan ordusu istər texniki, istər mənəvi-psixoloji baxımdan yeni müharibədə müvəffəqiyyətlər qazanmağa hazırdır. Odur ki, Azərbaycanı müharibənin başlanmasına tam hazır saymaq mümkündür və kəskin xarakterli bəyanatlar, təxribatlar onu əsla qorxutmur.

Belə olan təqdirdə Ermənistan hərbi bölmələrinin nədən növbəti təxribata əl atması sualı ortaya çıxır. Ermənistan hakimiyyətini təxribata sövq edən başlıca amillər sırasında birinicisi odur ki, Azərbaycanın son vaxtlar beynəlxalq müstəvidə dəstək qazanır. İkincisi isə Ermənistanın daxilində tüğyan edən proseslərdir.

Gəlin diqqət edək: Azərbaycan pandemiya şəraitinin mövcudluğuna baxmayaraq, son vaxtlar beynəlxalq mövqelərinin daha da gücləndirməkdədir. Prezident İlham Əliyevin irəli sürdüyü təşəbbüslərin beynəlxalq arenada əsaslı şəkildə dəstəklənməsinin əyani şahidiyik. Ölkəmizin sədrlik etdiyi Qoşulma Hərəkatının Zirvə toplantısının uğurla nəticələnməsi, ardınca Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi iclasının keçirilməsi barədə qərar qəbul edilməsi erməni lobbisini, xarici ermənipərəst dairələri, Azərbaycanı istəməyən xarici qüvvələri ciddi narahat edən hadisələrdir. Azərbaycan qeyd olunan beynəlxalq müstəvilərdə Azərbaycanın bir nömrəli problemini - Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri, son durumu böyük ustalıqla gündəmə gətirməkdədir. Bu nüfuzlu qurumların Azərbaycana olan dəstəyi düşməni və havadarlarını hücuma keçməyə vadar edir.

Bundan əvvəl də, xüsusilə son bir ildə Prezident İlham Əliyev beynəlxalq müstəvidə Ermənistan tərəfinə tutarlı zərbələr endirib. İlham Əliyev Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında, Aşqabadda MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında, Münhen Təhlükəsizlik Konfransında Ermənistanın işğalçılıq siyasətini və faşist simasını ifşa edib.

Beləliklə, Azərbaycan Prezidentinin davamlı səyləri nəticəsində dünyanın aparıcı beynəlxalq qurumlarının Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı ədalətli qərarlar qəbul etməsi xarici ermənipərəst dairələri və Ermənistan hakimiyyətini ciddi problemlər qarşısında qoymaqdadır. Ona görə də çıxış yolu kimi Ermənistan hərbi bölmələri Azərbaycan-Ermənistan sərhədində növbəti dəfə təxribata əl atırlar. Bununla Ermənistan hakimiyyəti həm beynəlxalq ictimaiyyətin diqqətini aktual məsələlərdən yayındıraraq fərqli istiqamətə yönəltmək, həm də ölkə daxilində müşahidə olunan ciddi gərginliyi azaltmaq məqsədi güdür.

Söhbət ondan gedir ki, bu gün Ermənistanda əhalinin hakimiyyətə etimadı itib. Ölkədə koronavirusla mübarizə sahəsində saysız-hesabsız problemlər yaşanmaqdadır. Ciddi sosial-iqtisadi problemlərlə yanaşı, korrupsiya, insan hüquq və azadlıqlarının boğulması, siyasi opponentlərə, azad sözə qarşı repressiyaların tətbiq edilməsi Paşinyan hakimiyyətini çox mürəkkəb duruma salıb. Məhz bu səbəbdən Azərbaycanla sərhəddə təxribat törətmək yoluna baş vurulur. Paşinyan hakimiyyəti xarici düşmən mövzusunu qabartmaqla səriştəsiz idarəçiliyinin yaratdığı problemləri gündəmdən çıxarda biləcəyini düşünür; xarici təhlükə qarşısında cəmiyyəti toparlamaq, müxalifəti tərk-silah etmək və hakimiyyətə qarşı formalaşan ciddi təhlükəni aradan qaldırmaq. Danılmaz fakdır ki, hazırda Ermənistanda vəziyyət olduqca mürəkkəbdir, hakimiyyətə qarşı müxalifətin vahid cəbhədə birləşməsi prosesi gedir.

Ermənistan son addımı ilə münaqişənin həllində maraqlı olmamasını, sülhə, atəşkəsə riayət edilməsi və digər bu kimi iddialarının yalnız beynəlxalq ictimaiyyəti aldatmaq məqsədi güddüyünü birmənalı şəkildə təsdiqləyir. Görünən odur ki, Paşinyan öz sələflərinin səhvlərini təkrarlamaqdadır. Bunun isə onun hakimiyyəti üçün çox ciddi problemlərin yaranmasına səbəb olacağı qaçılmazdır.

Paşinyanın belə təxribatlarla problemi aradan qaldırmaq cəhdləri isə baş tutmayacaq. Azərbaycanda gedən sosial-iqtisadi inkişaf ölkənin hərbi potensialını əməlli gücləndirib və Ermənistanın hərbi gücündən dəfələrlə önə çıxarıb. Ordumuz dünyanın ən güclü 50 ordusu sırasında yer alıb. Vahid komandanı, güclü ordusu, iqtisadiyyatı olan Azərbaycana qarşı növbəti təxribata verilən cavab və nəticələr göz önündədir.

Azərbaycan Ordusundan tutarlı cavab alan Ermənistan hakimiyyətinin başı indi daha çox məsələnin mahiyyətini gizlətməyə qarışıb. Yalan məlumatlarla beynəlxalq və yerli ictimaiyyəti çaşdırmağa edilən cəhdlərin ardı-arası kəsilmir. Bundan başqa, ölənlər haqqında məlumatlar da gizlədilir və bu Ermənistan ictimaiyyətində ciddi narazılıq yaratmaqdadır. Müxtəlif uydurmalara əl atırlar; guya Azərbaycan hərbi bölmələrinin mövqeyi ələ keçirilib,yeni yüksəkliklər əldə edilib və s. Amma yalan və dezinformasiyaları bu ölkənin ictimaiyyəti, fəal sosial şəbəkə istifadəçiləri belə, ironiya ilə qarşılamaqdadır.

Azərbaycanda isə tam fərqli mənzərə hakimdir. Hadisənin təfərrüatı, itkilər ictimaiyyətə açıqlanıb. Şəhidlər böyük hörmətlə dəfn edilib. Baş verənlər eyni zamanda, Azərbaycan ictimaiyyəti tərəfindən hiddətlə qarşılanıb, hadisə ilə bağlı birlik nümayiş etdirilib. Sosial şəbəkələrdə hərbi əməliyyatlara başlamaq, sıravi vətəndaşların toplanaraq cəbhə bölgəsinə getmək, silaha sarılaraq torpaqlarımızı işğaldan azad etmək kimi çağırışlar səslənib.

Azərbaycan cəmiyyəti yaxşı bilir ki, bu gün Azərbaycan güclü orduya malikdir və Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirməyə, o cümlədən torpaqlarımızı işğaldan azad etməyə hazırdır və buna qadirdir.

Ermənistan hakimiyyəti isə nəhayət dərk etməlidir ki, işğalçılıq siyasətini davam etdirərək dinc sakinlərə, Azərbaycan hərbçilərinə qarşı törətdiyi cinayətlər cavabsız qalmayacaq və hər belə hala görə daha ağır adekvat cavab alacaq.

Faktiki olaraq Ermənistan sülhə xəyanət edir və Dağlıq Qarabağla bağlı danışıqlara yenidən ümidsizlik yaranır. Həqiqətən də çəbhə bölgəsində vəziyyətin gərginləşməsi sülh danışıqlarının dinamikasını pozur. Cünki onsuz da cətin kecən sülh danışıqları son olaydan sonra yenidən müşkülə dönür. Dağlıq Qarabağ probleminin həlli ücün aparılan danışıqlar sanki yenidən sıfır nöqtəsinə qayıdır. Ermənistan tərəfdən törədilən təxribatlar sayəsində problemin cözümü ilə bağlı beynəlxalq səylər boşuna gedir, yaxud da, yaxın vaxtlarda danışıqlarda hər hansı bir irəliləyiş gözləmək cətinləşir.

Vəziyyət illərdir belə bir forma alıb, Minsk Qrupunun ardıcıl vasitəçiliyi sayəsində müəyyən qədər yaxınlaşma, azaçıq da olsa anlaşma yaranır, lakin Ermənistanın törətdiyi təxribatçı hadisələr bunları alt-üst edir. Bu məqamda isə itirən təkcə Azərbaycan deyil, Ermənistan özü daha çox itirir.

Dünyanın ədalətsizliyi isə deyəsən, gec-tez, doğrudan da, müharibə variantını qaçılmaz edəcək... Və Azərbaycan Ordusu öz sözünü deyəcək!".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə