"Aparılan islahatlar beynəlxalq praktikaya və şəraitə əsaslanmaqla reallaşır" ÖZƏL-RƏY

“Azərbaycanın BMT-nin “Davamlı inkişaf hesabatı - 2020” sənədində dünyanın 166 ölkəsi arasında “davamlı inkişaf məqsədləri indeksi” üzrə 54-cü pillədə qərarlaşması regionun inkişafetmiş ölkələrini üstələyərək lider olması çox önəmli bir göstəricidir. Hesabatda ölkəmiz 54-cü yerdə qərarlaşaraq bütün qonşularını geridə qoyub”. Bunu SİA-ya politoloq Zaur Məmmədov deyib.

Z. Məmmədov bildirib ki, davamlı inkişaf üzrə 17 məqsəddən yalnız birində - təhsilin keyfiyyətində geriləmə qeydə alınıb: “Ölkəmiz “davamlı inkişaf məqsədləri indeksi”nin mümkün 100 balından 72,6 bal toplayıb. Şərqi Avropa və Mərkəzi Asiya regionunda “davamlı inkişaf məqsədləri indeksi” üzrə orta göstərici isə 70,9-dur. Azərbaycan BMT-nin “Davamlı inkişaf hesabatı - 2020” hesabatında səhiyyə, rifah, yoxsulluğun aradan qaldırılması, qidalanma, təmiz su, təmiz enerji, davamlı şəhərlər və icmalar, sülh, ədalət və digər istiqamətlər üzrə irəliləyişlər edib və mövqelərini xeyli yaxşılaşdırıb”.

Politoloq qeyd edib ki, əldə olunan nəticələr ölkəmizdə həyata keçirilən islahatların göstəricisi kimi, mühüm əhəmiyyət daşıyır: “Yoxsulluğun aradan qaldırılması, səhiyyə sisteminin müasir standartlara uyğun yenidən qurulması, uşaq və qadınların hüquqlarının qorunması, əhalinin içməli su və digər problemlərinin səmərəli həlli, ölkənin enerji təhlikəsizliyinin təmin olunması, ölkədə mövcud olan sabitlik və təhlükəsizlik, milli həmrəylik mühiti, ümumiyyətlə, son 17 il ərzində Azərbaycanın inkişaf strategiyasının uğurla reallaşdırılması beynəlxalq səviyyədə, dünyanın aparıcı siyasi, iqtisadi, maliyyə və digər qurumları tərəfindən də təsdiq olunur”.

Z.Məmmədov vurğulayıb ki, bu tərəqqinin başlıca səbəbi aparılan islahatlar, ölkəmizdə hökm sürən sabitlik, ictimai asayişin, etibar və etimadın təminidir: “Əlbəttə ki, sabitlik və düşünülmüş siyasət sosial-iqtisadi sahədə inkişafa da gözəl şərait yaratmışdır. Azərbaycanda aparılan islahatlar beynəlxalq praktikaya və şəraitə əsaslanmaqla reallaşır. Bir sözlə Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi islahatlar, müasir iqtisadi və sosial infrastrukturun formalaşdırılması ölkə iqtisadiyyatının sürətli inkişafını və onun rəqabətqabiliyyətinin yüksəlməsini təmin edib”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə