“Əli Kərimli hələ də siyasətdə “peşka”dır” ÖZƏL-RƏY

“Əlini Rəsulzadə kimi qüdrətli bir şəxsiyyətlə müqayisə etmək tarixi təhrifdir və riyakarlıqdır”

“Milli Şura”nın növbəti konfransında Məmməd Rahim Əli Kərimlini “zəmanənin Rəsulzadəsi” kimi təqdim edib. Amma Cəmil Həsənli onu təxribatda günahlandırıb. Zamanında liderinə xəyanət etmiş Əli Kərimlini bu cür təqdim edilməsi siyasi riyakarlığın daha bir təzahürü hesab etmək olar? “Azadlıq Hərəkatçıları” Birliyinin sədri Təhmasib Novruzov “Səs” qəzetinə açıqlamasında bildirdi ki, bütün uşaqların ilkin uşaqlıq çağlarında oynadıqları məşhur bir oyun var: evcik-evcik! Hələ həyatın və evin nə olduğunu anlamayan körpələr bu oyunlarda böyükləri təqlid edir və onlara elə gəlir ki, həqiqətən bura evdi, onlar da ev işlərini həll edirlər: “Məmməd Rahim deyilən şəxsi tanımıram. Siyasət aləmində ilk dəfədir ki, adını eşidirəm. Yəni siyasət aləminin uşaqlarındandır və ona elə gəlir ki, siyasətlə məşğul olur. Əslində isə kimisə, yaxud kimlərisə təqlid edir. Qətiyyən şübhə eləmirəm ki, bu siyasət körpəsi Əlinin özünün yaxınlarındandı və ətrafı boş qaldığından belə cılız düşüncə sahiblərini yanına yığıb say artırır”.

T.Novruzov bildirdi ki, M.Rahimin Ə. Kərimli kimi azərbaycançılıq hissindən uzaq, antimilli fəaliyyəti göz qabağında olan birini Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcısı olmuş Məmməd Əmin Rəsulzadə kimi şəxsiyyətlə müqayisə etməsinin də kökü bununla bağlıdır: “Ağlı başında olan hər kəs Əli Kərimlini yaxşı tanıyır. Siyasətdə hələdə “peşka” olan Ə.Kərimlinin heç olmazsa insanlığı müsbət səciyyələnsəydi, dərd yarı idi. Sıfırdan gətirib partiya sədrliyinə qədər yüksəldən lideri Əbülfəz Elçibəyə xəyanət etməsi, onun insanlığı haqqında hər şeyi deyir. Alim olsa da mənəviyyat baxımından Əlidən irəli getməyən Cəmil Həsənlinin də bu cür çıxışları təxribat adlandırması gözlənilən idi. Birincisi ona görə ki, Cəmil özü özünü dahilərlə bərabər tutur, Əlini isə özündən çox aşağıda görür. Ona görə Cəmil dura-dura Əlini böyüklərlə müqayisə etmək, təbii ki, birincinin xoşuna gələ bilməz. İkincisi, Cəmil xarici pullardan əldə eləmək üçün nə qədər çaba göstərsə də, ən azı alimdi və ağlı dərk edir ki, Əlini M.Ə.Rəsulzadə kimi qüdrətli bir şəxsiyyətlə müqayisə etmək tarixi təhrifdir və riyakarlıqdır. Cəmil yaxşı bilir ki, belə sərsəm bəyanatlar cəmiyyətdə heç də xoş qarşılana bilməz. Mənim fikrimə gəldikdə, məncə Əlini böyük şəxsiyyətlərlə müqayisə etmək “Diriliş Ərtoğrul”dakı Bəypoladı (Aybastını) Süleyman şahla müqayisə etməyə bənzəyir. Yəni bir dövlətin qurucusu ilə həmin dövlətə xəyanət edəni eyniləşdirmək, sadəcə siyasi səbatsızlıq deyil, həm də təlxəklikdir”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə