"Dövlətlərin milli iqtisadi sistemləri ayrılıqda tam gücü ilə inkişaf edə bilməz" ÖZƏL-MÜNASİBƏT

"Post-pandemiya dövrünün reallıqları beynəlxalq münasibətlər sistemində zəruri yanaşmaları önə çəkəcək. Siyasi müstəvidə daha çox iqtisadi asılılıqdan yaranmış əlaqələrin müşahidə olunacağı proqnozlaşdırılır". Bunu SİA-ya millət vəkili Elşad Mirbəşiroğlu deyib.

Onun sözlərinə görə, bütövlükdə beynəlxalq münasibətlər sistemində ciddi dəyişikliklər baş verməyəcək. Artıq dünya ölkələrinin bir çoxu əvvəlki həyatlarına qayıtmağa başlayıblar: “Dünya düzənində, dövlətlərarası münasibətlərin xarakterində hələlik ciddi hər hansı bir dəyişiklik müşahidə olunmur. Dövlətlərin qlobal təhlükəsizliyə yanaşmasında bəzi dəyişikliklər ola bilər. Bir çox dövlətlər antiböhran idarəçilik məsələlərinə daha ciddi yanaşacaqlar. Belə hallara qarşı daha ciddi hazırlaşmağa cəhd edə bilərlər. Bütövlükdə qlobal müstəvidə yeni siyasi konfiqurasiyanın yaranacağından danışmaq hələ tezdir.

Dünya dövlətlərinin böyük əksəriyyəti artıq maliyyə yardımı üçün Dünya Bankına və digər beynəlxalq maliyyə institutlarına müraciət ediblər. Belə müraciətlər dünyanın bir çox ölkələrini borclandıra, asılılıq yarada bilər. Təbii ki dünya təcrübəsinə əsasən deyə bilərik ki, belə iqtisadi asıllıq əksər hallarda həm də siyasi asıllığı şərtləndirir. Bu, həmin maliyyə qrumlarında ayrı-ayrı ölkələrin siyasi həyatlarına müdaxilə imkanları yarada bilər. Bu bütövlükdə beynəlxalq münasibətlərin ümumi siyasi xarakterinə gələcəkdə müəyyən təsir göstərə bilər.

Bütövlükdə milli dövlətlər özlərini daha da gücləndirmək haqqında düşünəcəklər. Dövlətlər proteksanizm prinsiplərinə söykənməyə çalışacaqlar. Çünki qloballaşma həmişə özünün müsbət və mənfi tərəflərini də nümayiş etdirir. Dövlətlərin milli iqtisadi sistemləri ayrılıqda tam gücü ilə inkişaf edə bilməz. Qloballaşmanın yaratmış olduğu reallıqlardan biri də ondan ibarətdir ki, dünya dövlətlərinin iqtisadi sistemləri bir-birinə inteqirasiya edib. Qısa zaman kəsiyində bu asıllığın aradan qalxması qeyri-mümkün olacaq. Ona görə də əvvəlki siyasi şəraitin bərpa olunacağı gözləniləndir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə