"Azərbaycan daim vətəndaşın yanında olmaq ənənəsinə sadiq qalır" Vüqar İskəndərov

“Öz inkişafına görə yerləşdiyi regionun lider dövləti olan Azərbaycanda vətəndaş amili hər zaman ön sırada dayanır. Biz bunu son aylar baş verən proseslərin fonunda bir daha müşahidə edirik”. SİA-nın verdiyi məlumata görə, bu fikirləri Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

V.İskəndərov bildirib ki, Azərbaycan dövləti qlobal pandemiya şəraitində də özünün vətəndaşın yanında olmaq ənənəsinə sadiq qalır: “Təsadüfi deyil ki, ölkəmizin pandemiya ilə mübarizə gündəliyində insanların sağlamlığının qorunması və onların sosial müdafiəsinin təmin edilməsi kimi məsələlər əsas prioritetlər kimi müəyyənləşdirilib”.

Onun sözlərinə görə, Azərbaycan dövlətinin koronavirus pandemiyasının yayıldığı ilk günlərdən infeksiya ilə mübarizə istiqamətində atdığı çox mühüm addımlar sırasında modul tipli xəstəxanaların yaradılması böyük əhəmiyyət daşıyır: “Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən, ölkə ərazisində ümumilikdə 10 modul tipli xəstəxana kompleksinin quraşdırılmasına başlanıldı ki, onlardan da bir neçəsinin artıq açılışı olub. Ümumilikdə, yaradılacaq modul tipli xəstəxana kompleksləri ölkənin səhiyyə sistemində əlavə 2000 çarpayılıq ehtiyat yaradır. İyulun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalının açılışı da bu istiqamtdə atılan növbəti addımdır”.

Hazırda dünyada koronavirus xəstəliyinin daha geniş vüsət aldığını da deyən deputat bildirib ki, ona görə də indi bir çox ölkələr yenidən məhdudlaşdırıcı tədbirlərə qayıdırlar: “Azərbaycana gəlincə dövlət başçısının bəyan etdiyi kimi ölkəmiz öncədən bütün qabaqlayıcı tədbirlərin görülməsi ilə vəziyyəti nəzarətdə saxlaya bildi və bu gün də vəziyyət nəzarət altındadır. Baxmayaraq ki, hazırda gündə təqribən 500-dən artıq yeni xəstə qeydə alınır, ancaq vəziyyət nəzarət altındadır. Əlbəttə, hər bir məsələ müqayisə tələb edir və deyə bilərik ki, bizimlə əhalisi eyni olan bəzi inkişaf etmiş ölkələrdə yoluxanların sayı 60-70 mindir, ölənlərin sayı 10 mindir. Bu, onu göstərir ki, heç bir ölkə tam şəkildə özünü sığortalanmış hesab edə bilməz və bu xəstəlik sərhəd tanımır”. yap.org.az

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...