"Dövlətimizin başçısı pandemiya ilə mübarizəni regional səviyyədən ümumbəşəri səviyyəyə qaldırdı" - MÖVQE

"Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi haqqında təşəbbüsünün BMT-yə üzv olan 193 ölkədən 130 tərəfindən dəstəkləməsi tarixi hadisə olmaqla dövlət başçımızın dünyada böyük nüfuzunun növbəti göstəricisini bir daha təsdiqlədi. Çünki cənab Prezidentin təşəbbüsü hər bir insan və bir ölkə üçün böyük əhəmiyyət kəsb edir". Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Millət vəkili qeyd edib ki, tarixən cəmiyyət və ölkələr böyük fəlakətlərlə üzləşəndə tarixi şəxsiyyətlərin fikri, zəkası və ümumbəşəri təklifləri və tövsiyələri humanist ideyalara sadiq olan dövlətlər tərəfindən yüksək dəyərləndirilir: "Məsələn Millətlər Liqasının yaradılması ideyası ABŞ Prezidenti Vudro Vilson tərəfindən irəli sürülmüşdü. 20-ci əsrin əvvəllərində tərksilah haqqında Haaqa Konvensiyasının təşəbbüskarları Rusiya çarı II Nikolay və Xarici İşlər naziri Mixayıl Muravyov olub.

Bu mənada ölkəmizin rəhbərinin təşəbbüsü son dərəcə faydalı oldu. Ona görə ki, bu təşəbbüsün mahiyyəti cəməyyətin sağlamlığına, pandemiyadan birgə xilas olmaq üçün dünyada vahid yolun müəyyənləşməsinə istiqamətlənib. Böyük dövlətlərin və nüfuzlu beynəlxalq təşkilat rəhbərlərinin indiki ağır bir məqamda gözləmə mövqeyini tutmağına baxmayaraq, Azərbaycanın ərazi və əhali sayına görə başqa dövlətlərlə müqayisədə xeyli kiçik və problemlərinin son dərəcə böyük olmasına baxmayaraq Azərbaycan Prezidentinin bu təşəbbüsünün dəyərləndirilməsi ölkəmizin beynəlxalq aləmdə rolunun yüksək olduğunu göstərir".

Prezident İlham Əliyevin təşəbbüsü ilə ilk olaraq Türk Şurasının onlayn formatda Zirvə görüşünə toxunan A.Hüseynov qeyd etdi ki, bu, pandemiyaya qarşı mübarizədə bütün türkdilli ölkələr çox faydalı bir platforma oldu: "Bundan sonra isə dövlətimizin başçısı pandemiya ilə mübarizəni regional səviyyədən beynəlxalq səviyyəyə, sonra da ümumbəşəri səviyyəyə qaldırdı. Ümid edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü gələcəkdə də inkişaf etdiriləcək və beynəlxalq ictimaiyyət İkinci Dünya müharibəsindən bu yana üzləşdiyimiz ən böyük böhranın öhdəsindən gəlmək üçün ümumi yanaşma nümayiş etdirməyə nail olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...