“Atılan hər addım bumeranq kimi özümüzə qayıdacaq” ÖZƏL-MÜNASİBƏT

Koronavirus bu gün hər kəsin müzakirə mövzusuna çevrilib, ona görə yox ki, yaşadığımız dövrü iki yerə bölüb və hər şey artıq "koronavirus pandemiyasına qədər və sonra" olmaqla təsnif olunur. Bu sözləri SİA-ya acıqlamasında "Mirzə Ələkbər Sabir" fondunun rəhbəri Sevda Tahirli deyib.

Fondun rəhbəri qeyd edib ki, biz artıq yaxın və uzaq gələcək üçün böyük ümidlərlə qurduğumuz planların necə dəyişdiyinin acı şahidi oluruq.

"Bu vəziyyət bəzi şeylərin bizim planlarımız və istəyimizdən kənar baş verə biləcəyi barədə bir xəbərdarlıq idi. İnsan uzun illər həllini axtardığı problemlərin müzakirəsini elmi konfranslarda keçirərkən pandemiyanın gəlişinin onlardan bir qismini həll etmiş olduğunu görürük. Ekoloji vəziyyətdə tarazlığın bərpa mexanizminin işə qoşulması, havanın tərkibcə təmizlənməsi, ozon dəliyinin bərpası və s. Bu, hazırkı vəziyyətin həyatımıza gətirdiyi pozitivlərdəndir. Hərçənd geniş kütlə ilə bu mövzular ətrafında maarifləndirilmə aparılmadığından onlar üçün bu elə də ciddi əhəmiyyət kəsb etməyə bilər.

Bəs cəmiyyət üçün bu gün ciddi əhəmiyyət kəsb edə biləcək mövzu nədir? Təbii ki, pandemiya, koronavirus, ona münasibət və bu mövzuya mövqeyinə görə cəbhələşən insanların davranışı. Bir qisim insan dövlətin öz vətəndaşlarının sağlamlığını qorumaq üçün tətbiq etdiyi sərt karantin rejiminə fərdi məsuliyyət prizmasından yanaşır və adekvat davranaraq həm özünü, həm də ətrafını qorumaqla dövlətin gördüyü tədbirlərə dəstək olmağa, cəmiyyətin bu bəladan tez bir zamanda xilas olmasına yardım etməyə çalışır. Digər qisim insanlar isə özlərinin inanmaq istədikləri arqumentlərə söykənərək, hər şeyə şübhə prizmasından baxır, qadağa və tələblərə məhəl qoymaqdan yayınır və bunda qəbahətli heç nə görmək istəmirlər. Bu şərtlərdə bir daha əmin olursan ki, həyatın ən böyük paradoksu hər kəsin özünü haqlı sanmasıdır. "Xəstələnənlər arasında tanıdıqlarım yoxdur" arqumenti və ya " Siz də bundan qorxursunuz?" və bu qəbildən olan digər suallar cəmiyyətdə rastlaşdığımız fikirlərdəndir və əslində bunların heç biri reallığı dəyişmir. Reallıq isə budur ki, onsuz da fəsadlarının ola biləcəyinə şübhəm olmadığı bu virus iş yoldaşlarımı həyatdan alıb götürərkən, yaxından tanıdığım və mənə dəyərli olan insanlar hazırda onun fəsadlarından yaxa qurtarmaq üçün çaba göstərərkən bizim edə biləcəyimiz daha kimlərinsə bu problemlə üzləşməməsini təmin etməkdir. Çünki bu gün "kim isə" dediyimiz insan sabah valideynimiz, övladımız, ailəmizin üzvü, qohumumuz, dostumuz və nəhayət, həyatımızın ən vacib kəsləri, eləcə də özümüz ola bilərik. Onları və eləcə də özümüzü düşünməyimiz lazımdır. Heç bir məntiqə söykənməyən "Mənə heç nə olmaz" düşüncəsi bizim sığortalanmamızı təmin edə bilməz. Kiminsə maskanı az müddət ərzində üzündə tutmağa səbri çatmır, amma aylardır ki, 12-saatdan çox qoruyucu geyimlərdə xəstələri həyata qaytarmağa çalışanları xatırlayaq. Onlar həm də bizim haradasa göstərdiyimiz etinaszlığın yaratdığı problemləri aradan qaldırmağa çalışırlar. Özü də hər kəsin ən böyük və dəyərli haqqını, həyatını riskə qoyaraq, ailəsindən, övladından həftələrlə uzaqda qalaraq.

Ən qorxulu düşmən, haqqında az bildiyimizdir. Ən qəddar düşmən gücünü kifayət qədər dəyələndirmədiyimizdir. Düşüncələrdə reallığın daha aydın mənzərəsinin yaranması, təsəvvürlərin dəqiqləşdirilməsi üçün məlumatlandırma kampaniyasını genişləndirmək, özü də bunu nüfuzlu ekspertlərin iştirakı və ən əsası, hər kəsin anlaya biləcəyi, eləcə də inandırıcı şəkildə aparmaq çox vacibdir. İstisnasız olaraq hər kəsin acı reallığı obyektiv dəyərləndirməsi üçün. Çünki düşüncələr dəyişməsə münasibət dəyişməyəcək. Amma biz bu pandemiyaya son qoymalıyıq. Çünki səbəb nə olursa olsun, nəticə bizə təsir edir. Atılan səhv addım da, doğru addım da özümüzə qayıdacaq. Bumeranq effekti kimi...

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...