Elşən Musayev: “Prezidentimizə verilən dəstək ölkəmizə olan etimadın əyani göstəricisidir” RƏY-ÖZƏL

““COVID-19 pandemiyası dünyanı cənginə aldığı gündən etibarən məlum pandemiya ilə mübarizə istiqamətində Azərbaycan dövlətinin, xüsusən Prezident İlham Əliyevin sərgilədiyi həmrəylik fəaliyyəti hər kəs tərəfindən dəstəklənir, alqışlanır. Bu fəaliyyət regional və qlobal səciyyə daşıyır, ölkəmizin nüfuzunu göstərir, eyni zamanda əməli addımlara söykənir”. Bunu SİA-ya açıqlamasında Demokratik Maarifçilik Partiyasının sədri, millət vəkili Elşən Musayev BMT-nin 130-dək üzv dövləti tərəfindən Baş Assambleyanın xüsusi sessiyasının keçirilməsi barədə Prezident İlham Əliyevin irəli sürdüyü təşəbbüsün dəstəklənməsi haqda danışarkən bildirib.

Onun sözlərinə görə, koronavirus bir tək yoluxucu, qorxulu, ölümcül xəstəlik deyil, eyni zamanda son dərəcə sarsıdıcı, ağır, humanitar təhlükələr yaradan, dövlətlərin məcburi özünütəcridinə yol açan pandemiyadır: “Belə bir məqamda isə bütün dünyanın qəbul etdiyi liderin və ya liderlərin təşəbbüslərinə, həmyərlik çağırışlarına böyük ehtiyac duyulur. Prezident İlham Əliyev məhz belə liderlərdəndir ki, fors-major durumlarda, çətin məqamlarda onun söylədiyi hər söz, hər kəlmə, irəli sürdüyü hər ideya bəşəriyyət tərəfindən qəbul olunur, sayğı ilə qarşılanır, dəstək qazanır. Təsəvvür edin ki, koronavirusu dünya müharibəsi ilə müqayisə edirlər. Fəsad bax bu qədər böyükdür. Hamının başı özünə qarışıb. Hamı belə deyək, öz dərdindədir. Amma planetdə çox nadir dövlətlər var ki, onlar sadəcə özlərini düşünmürlər, paralel fonda həm də bütünlükdə bəşəriyyəti qorumaq üçün fikir, ideya istehsal edirlər. Daha dəqiqi, bu gücdə, bu əzmdədirlər. İlham Əliyevin sayəsində Azərbaycan bax həmin səviyyəyə yüksəlib”.

E.Musayev onu da bildirib ki, COVID-19 pandemiyası şəraitində gerçəkdən də qlobal həmrəyliyə və daha iri həcmli, radiuslu baxışa ehtiyac var. Həm də çox böyük ehtiyac var: “Biz indi BMT-nin sessiyasını müzakirə edirik. Amma məsələ burasındadır və təbii, həm də çox sevindirici hal odur ki, məlum kontekstdə ilk təşəbbüs də məhz İlham Əliyevdən gəlib. Koronavirusla mübarizə istiqamətində ilk qlobal və beynəlxalq tədbir də onun təşəbbüsü və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının vəsiləsi ilə keçirilib. Dövlət və hökumət başçıları səviyyəsində. Ayrıca, bu tədbir həm də ilk beynəlxalq tədbir kimi tarixə düşüb. Daha sonra eyni adlı mövzuda Qoşulmama Hərəkatının fövqəladə Zirvə konfransı düzənlənib. Yenə də Azərbaycan tərəfinin təşəbbüsü ilə. Məlum tədbirdə isə artıq 120 ölkə təmsil olunurdu. Və indi miqyas daha da böyüyüb. BMT səviyyəsinə çatıb. Üstəlik, yenə də təşəbbüskar Azərbaycan tərəfidir, Azərbaycan dövlətidir, Azərbaycan Prezidentidir. BMT-nin 130-dək üzv dövləti tərəfindən Prezident İlham Əliyevin təşəbbüsünə dəstək beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimadın əyani və növbəti göstəricisidir. Dövlətimizi belə xoş və faydalı təşəbbüslərin yaradıcısı, öncülü olaraq görmək şəxsən mənim üçün bir vətəndaş olaraq qürurvericidir.

Heç şübhəsiz, zaman gələcək, pandemiya dövrü bitəcək. Fəqət, Azərbaycanın və Cənab Prezidentin məlum təşəbbüsləri dünya tarixinin səlnamələrində daim qalacaq və həmin tarixə qızıl hərflərlə həkk olunacaq” – deyə millət vəkili fikirlərinə davam edib”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə