"Prezidentin təşəbbüsünü dəstəkləyən ölkələr dünyanın bütün regionlarını əhatə edir" ÖZƏL-MÜNASİBƏT

"Prezidentin təşəbbüsünü dəstəkləyən ölkələr dünyanın bütün regionlarını əhatə edir" ÖZƏL-MÜNASİBƏT

"Azərbaycan koronavirus pandemiyası əleyhinə çox ciddi və səmərəli tədbirlər həyata keçirən, bu istiqamətdə xeyli müsbət nəticələr əldə edən və təcrübə toplayan dövlətlər sırasındadır. Ümumdünya Səhiyyə Təşkilatı bununla əlaqədar dəfələrlə ölkəmizin Prezidenti İlham Əliyevə təşəkkür məktubu ünvanlamışdır. Bu əbəs deyil, çünki dövlətimizin başçısı təkcə öz ölkəmizin vətəndaşlarının qayğısına qalmır. Azərbaycan hər zaman dünyada sülhün, əmin-amanlığın, təhlükəsizliyin və sağlam münasibətlərin tərəfdarı olub. Belə bir çətin anda da, dövlətimiz öz sülhsevər və humanist siyasətini yürütməkdədir". Bunu SİA-ya Yurddaş Partiyasının sədri Mayis Səfərli deyib.

Partiya sədrinin sözlərinə görə, bu gün Azərbaycan dövləti bəşəri təhlükə olan koronavirus pandemiyasının yox edilməsi üçün bu istiqamətdə konkret addımlar atır: "Hələ aprel ayının 10-da Prezident Ilham Əliyevin təşəbbüsü ilə Türk Dövlətlərinin videokonfrans formatında keçirilmiş Zirvə görüşündə ölkəmizin rəhbərliyi bütün dünyaya mesaj verdi ki, qlobal pandemiya ilə mübarizə bütün bəşəriyyətin səylərini və resurslarını birləşdirilməsindən keçir. Başqa sözlə, qlobal əməkdaşlığa ciddi ehtiyac duyulur. Yeri gəlmişkən, həmin Sammitə qədər dünyada heç bir təşkilat koronavirus bəlasının yaratdığı bu fəlakətli vəziyyəti müzakirə etməmişdi. Bu məsələ ilk dəfə olaraq Prezident İlham Əliyevin təşəbbüsü ilə müzakirə edildi və bütün dünyada əks-səda yaratdı. Digər məsələlərdə olduğu kimi, dövlətimizin rəhbəri bu işdə də ardıcıl siyasət həyata keçirdi. Bir neçə həftədən sonra, mayın 4-də Azərbaycanın təşkilatçılığı ilə Qoşulmama Hərəkatının Təmas Qrupunun COVİD-19 pandemiyasına həsr edilmiş videokonfrans formatında Zirvə görüşü təşkil edildi. Bildiyiniz kimi, BMT-dən sonra ən çox dövlətlərin üzv olduğu təşkilat-Qoşulmama Hərəkatına rəhbərliyi hazırda Azərbaycan həyata keçirir. Zirvə görüşündə Hərəkata üzv dövlətləri ilə yanaşı, BMT-nin baş katibi, BMT Baş Assambleyasının Prezidenti, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru, Afrika İttifaqı və Avropa İttifaqı kimi beynəlxalq təşkilatların yüksək səviyyəli təmsilçiləri də iştirak etdilər.

Mötəbər toplantıda Prezident İlham Əliyevin təşəbbüsü ilə bütün Planetimiz üçün, bəşəriyyətin gələcəyi üçün əhəmiyyət kəsb edən mesajlar verildi. Ölkəmizin rəhbəri bildirdi ki, dünyanı çalxalayan koronavirusu yalnız birgə səylərlə, dəstəklə aparılan mübarizə nəticəsində məhv edə bilərik. Prezidentimiz konkret işlər və fəaliyyətlə bu məsələdə dünyaya örnək olacaq addımlar atdı.İlham Əliyevin təşəbbüsü ilə ÜST-ə könüllü ianə ayrılmış, 30-dan artıq ehtiyacı olan dövlətə humanitar yardım göndərilmişdir.

Sözü gedən Zirvə görüşündə çıxışı zamanı Prezident İlham Əliyev beynəlxalq həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsini təklif etdi.

Bildiyinizi kimi, BMT Nizamnaməsinə əsasən, təşkilatın Baş Assambleyası ehtiyac duyulduğu təqdirdə xüsusi sessiyalar keçirə bilər. Prezidentimizin təklifi Qoşulmama Hərəkatının bütün 120 ölkəsi arasında yekdilliklə dəstəklənmiş və hərəkatın sədri olaraq cənab İlham Əliyev BMT Baş Katibi Antonio Quterreşə müraciət ünvanlamışdır. Öz növbəsində BMT Baş Katibi mövcud prosedurlara uyğun olaraq, 30 gün müddətində, yəni iyunun 27-nə qədər qaldırılmış təşəbbüsə dair münasibət bildirilməsini xahiş etmişdir. Rəsmi məlumatlara görə, artıq 130 ölkə bu, son dərəcədə taleyüklü təşəbbüsə dəstək verdikləri barədə Baş Katibin Qərargahına məlumat veriblər.

Qoşulmama Hərəkatının sədri statusunda Prezident İlham Əliyevin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsi, eyni zamanda, ölkəmizə olan böyük etimadın və hörmətin nəticəsidir. Bu təşəbbüsə qarşı çıxış edən yeganə dövlət Ermənistan başqa məsələlərdə olduğu kimi, bu işdə də özünü biabır etdi, həmişəki kimi, sülhün, beynəlxalq həmrəyliyin, insanlıq naminə əməkdaşlığın əleyhdarı olduğunu sübut etdi.

Qeyd etmək yerinə düşər ki, Qoşulmama Hərəkatının sədri İlham Əliyevin təşəbbüsünü dəstəkləyən ölkələr dünyanın bütün regionlarını əhatə edir. Yaxın günlərdə BMT Baş Katibi məsələ ilə bağlı rəsmi qaydada məlumat yayacaqdır. Dünya birliyi, onun tərkib hissəsi olan Azərbaycan Respublikası son dərəcədə böyük ehtiyac duyulan xüsusi sessiyanın tezliklə təşkil olunacağına,bütün dünyanın təhlükəsizliyini təhdid edən pandemiyanın məhv edilməsində BMT kimi nüfuzlu təşkilatın və onun bütün üzvlərinin səylərinin birləşməsinə, qlobal həmrəyliyin əldə edilməsinə ümid edir".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə