Dövlət idarəçiliyində bir baxış, iki strategiya faktoru ŞƏRH+ÖZƏL

Dövlət idarəçiliyində bir baxış, iki strategiya faktoru ŞƏRH+ÖZƏL

Emin Əliyev: “Ölkə Prezidenti cənab İlham Əliyev öz seçimində hər zaman bəyan etdiyi ikili modeli tətbiq edərək, məhz bu tələb və kriteriyaları müəyyən etdi”

“Hesab edirəm ki, Prezident İlham Əliyevin Azərbaycanda həyata keçirdiyi mütərəqqi kadr siyasətinin təməlində bir sıra mühüm aspektlər mövcuddur və onların təhlilini apararkən, digər məqamlar da ehtiva olunmaqdadır”. Bu fikirləri SİA-ya Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin Şura üzvü, Tarix üzrə fəlsəfə doktoru Emin Əliyev mövzu ilə bağlı fikirlərini şərh edərkən deyib.

Onun sözlərinə görə, siyasi idarəçilik faktorundan çıxış edərkən məhz belə bir qənaətə gəlmək olar ki, dövlətçiliyin əsas sütunlarından biri hesab olunan insan amili və kadr siyasəti faktoru özündə digər bir neçə amilləri əks etdirməkdədir: “İlk növbədə, üzərlərinə məsuliyyət düşən, vəzifə etibar olunan şəxslər bir sıra parametrlərə uyğun olmalıdırlar. Belə ki, dövlət rəhbərinin siyasi kursunun, strateji yanaşmasının, baxışının və digər vacib amillərin prizmasından formalaşan kadrlar dövlətin hədəf və məqsədlərini reallaşdıran insanlardır. Sözsüz ki, həmin məsuliyyətin əsas tərkib hissəsi ilk növbədə xalqa xidmət etmək əsasında qiymətləndirilməlidir. Nəzərə alarsaq ki, Prezident İlham Əliyev cənabları daim öz çıxış və tezislərində özünü xalqın bir nömrəli xidmətçisi adlandırır və dövlət məmurlarına da bu ifadəni xatırladır, onları vicdanla, tam məsuliyyət hissi ilə fəaliyyət göstərməyi tövsiyə edir, bu zaman qeyd edilən fikirlərin tam mənasını bu reallıqdan nəticə olaraq çıxarmaq mümkündür”.

“Artıq bu da sübut olunub ki, vaxtilə SSRİ-nin müxtəlif şəhərlərində təhsil almış, həyat kredolarını müəyyən etmiş insanların dünyagörüşləri və təcrübələri ölkənin o zamankı idarəetmə faktoruna dəyər qatırdılar”.

Emin Əliyevin sözlərinə görə, başqa tərəfdən, daha bir mühüm nüans budur ki, müasir Azərbaycan dövlətçiliyinin tarixində kadr islahatlarını və kadr seçimini daha iki əsas mərhələyə bölmək mümkündür: “Ən əsası da budur ki, hər iki mərhələ Azərbaycanın həmin dövrə uyğun siyasi, iqtisadi və sosial vəziyyətin indikatoru kimi dəyərləndirilir və kadrların seçimi dövlətçiliyin qarşısında duran hədəflərə fokuslanır. Belə ki, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətdə olduğu dövrünü əhatə edən mərhələdə (1993-2003) kadrlar əsasən Azərbaycan dövlətçiliyinin qurulması, formalaşdırılması, möhkəmləndirilməsi və təşəkkül tapması üçün seçilərək, təyin edilirdilər. Burada əsasən, Sovetlər İttifaqı dövründə 70-ci illərdə Azərbaycan hüdudlarından kənarda təhsil almış və təcrübə toplamış mütəxəssislər cəlb olunurdular. Artıq bu da sübut olunub ki, vaxtilə SSRİ-nin müxtəlif şəhərlərində təhsil almış, həyat kredolarını müəyyən etmiş insanların dünyagörüşləri və təcrübələri ölkənin o zamankı idarəetmə faktoruna dəyər qatırdılar. Əgər həmin dövrlərdə SSRİ-nin müxtəlif sənaye, iqtisadiyyat, texnologiya və s. sahələrində yüksək dəyər, qiymət alan azərbaycanlılar var idisə, onların hər birinin üzərində bilavasitə Heydər Əliyevin diqqəti, qayğısı, zəhməti dayanırdı. Söz yox ki, bu reallıqlar həm də gələcəyə hesablanmış addım idi. Daha dəqiq desək, Ulu Öndər Heydər Əliyevin uzaqgörən kadr siyasəti azərbaycanlıların SSRİ-nin ən nüfuzlu universitetlərinə, ali akademiyalarına göndərilməsi, Azərbaycanın müstəqilliyi yeni əldə etdiyi dövrdə qatdığı dəyər yüksək olmuşdu.

2000-ci illərin ortalarından isə kadr siyasətinin birinci mərhələsindən ikincisinə keçidi kimi dəyərləndirilmək mümkündür. Əldə olunmuş sabitlik və quruculuq müddətində dövlət idarəçiliyində təmsil olunan kadrların təcrübəsini öyrənmək və onu növbəti nəslə transfer etmək prioriteti formalaşdı və bu istiqamətdə praktiki addımlar atıldı”.

Prezident İlham Əliyev bu istiqamətdə iki mükəmməl və kadr islahatları ideyasında etalon olaraq dəyərləndirilən model tətbiq edir

Emin Əliyev hesab edir ki, Prezident İlham Əliyev bu istiqamətdə iki mükəmməl kadr islahatları ideyasında etalon olaraq dəyərləndirilən model tətbiq etdir: “Cənab Prezident İlham Əliyev ölkə başçısı seçildikdən sonra, ötən dövr ərzində kadr siyasəti Azərbaycanın dayanıqlı inkişafının təmin edilməsi və buna uyğun istiqamətləndirilməsinə yönəldi. Bu gün biz bu uğurların nəticələrini görməkdəyik. Ölkəmizin başçısı cənab İlham Əliyev öz seçimində hər zaman bəyan etdiyi ikili modeli tətbiq edərək, məhz bu tələb və kreiteriyaları müəyyən etdi:

İlkin yanaşmada təyin olunan şəxslər həm texnokrat kriteriyasına cavab verməli, müasir dünya görüşünə malik olmalı, xarici dil bilikləri və fəaliyyətində yenilikçi olmalıdır.

İkinci vacib yanaşmada isə, təyin olunan şəxslərın ölkəsinə bağlı, milli mentallıq bünövrəsində formalaşmış və patriotik, yəni vətənpərvər prinsiplərə sadiq olmaları prinsipidir.

Bu yanaşmalar əlbəttə ki, tez dəyişən dünyada, inteqrasiya proseslərinin sürətlə inkişaf olunan zamanlarda çox vacibdir. Operativ qərarların verilməsi, sistemli yanaşmanın tətbiqi və icra edilməsi, qeyri-standart situasiyalarda qeyri-adi həllərin müəyyən edilməsi müasir zamanın tələbləri olduğu üçün bugünkü kadrlar bu çağırışlara uyğun cavab verməlidirlər”.

“Azəbaycanın mövcud geniş insan kapitalı potensialdan və kadr bazasından davamlı və ardıcıl qaydada istifadə edilir”

Emin Əliyev sonda qeyd edib ki, məhz ona görə, dövlətçilik və kadr siyasəti hər zaman Azərbaycan Prezidentinin gündəliyində olduğuna görə, ölkəmizin dayanıqlı inkişafının təmin edilməsi üçün yeni keyfiyyətlərə uyğun ola biləcək mütəxəssislərin formalaşdırılması, yetişdirilməsi və işə cəlb olunması prosesləri Prezident İlham Əliyevin fokusundadır: “Bunun üçün ölkə rəhbərliyi tərəfindən Azəbaycanın mövcud geniş insan kapitalı potensialdan və kadr bazasından davamlı və ardıcıl qaydada istifadə edilir. Gördüyümüz kimi, bu ideya artıq öz bəhrələrini verməkdədir və əsas amil dövlətçiliyin tərəqqisinə, xalqa, vətəndaşa xidmətə, sosial-iqtisadi rifahın artmasına, qüdrət faktoruna, xüsusilə də, azərbaycançılığın inkişafına hesablanmış mütərəqqi siyasət tandeminin bazir göstəricisidir”.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə