Azərbaycana olan böyük etimadın göstəricisi

Azərbaycana olan böyük etimadın göstəricisi

Dünyanın 130-dan çox dövləti Prezident İlham Əliyevin təşəbbüsünü dəstəklədi

Bu gün bütün sahələrdə olduğu kimi, koronavirusla mübarizə tədbirlərində də ölkəmiz dünyada özünəməxsus imic formalaşdırıb - Azərbaycan modeli. Bu reallıqdır. Çünki Azərbaycanın unikal təcrübəsi dünya tərəfindən qəbul edilir, bəyənilir. Həmçinin, reallaşdırılan sosial-iqtisadi dəstək proqramları, genişmiqyaslı antiböhran tədbirlər də beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilir. Çünki Azərbaycan artıq beynəlxalq aləmdə inkişaf, tərəqqi, yüksəliş simvoluna çevrilir. Və bütün dünyanın etiraf etdiyi bu reallıq Prezident İlham Əliyevin fəaliyyətinə verilən haqlı və real qiymətdir. Belə ki, Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi təşəbbüsü ilə 2020-ci il mayın 4-də Qoşulmama Hərəkatının Təmas Qrupunun COVID-19 pandemiyasına həsr edilmiş onlayn Zirvə Görüşü zamanın həmrəylik çağırışı olmaqla yanaşı, həm də ilk növbədə dövlət başçısının dünyada böyük nüfuza malik lider olmasının göstəricisidir.

Bir məqamı da vurğulamaq lazımdır ki, Qoşulmama Hərəkatının Bakıda keçirilən XVIII Zirvə görüşündə təşkilata sədrliyi öz üzərinə götürən zaman Prezident İlham Əliyev bəyan etdi ki, Azərbaycan beynəlxalq arenada üzv ölkələrin maraqlarının müdafiə edilməsi üçün əməli addımlar atacaq, həmrəyliyin gücləndirilməsini və qarşılıqlı dəstəyi rəhbər tutacaq. Göründüyü kimi, COVID-19 pandemiyasına həsr edilmiş onlayn Zirvə görüşü də bir daha göstərdi ki, Azərbaycan Prezidentinin sözü ilə əməli birdir. Zirvə görüşündə ölkə başçısı Azərbaycanın koronavirusla mübarizə modelini dünyaya təqdim edərkən faciənin qarşısının alınması üçün həmçinin, dünyaya yol göstərdi. Və konfransda ölkə başçısı bəyan etdi ki, dövlətlər bir-birindən təcrid olunmalı deyillər. Çünki pandemiya ilə əlaqədar qlobalizasiya prosesi dayandırılıb.

Və Azərbaycan dünya üçün qlobal düşüncəni təqdim etdi. Bu, həmçinin dövlətləri və millətləri birləşdirən siyasət oldu. Bu siyasət Azərbaycan tərəfindən təqdim olundu. Azərbaycanın gördüyü işlər təkcə bu gün yox, gələcəkdə də öyrəniləcək.

Dövlətləri və millətləri birləşdirən uğurlu siyasət

Qoşulmama Hərəkatının Bakıda keçirilən XVIII Zirvə görüşündə təşkilata sədrliyi öz üzərinə götürən zaman Prezident İlham Əliyev bəyan etdi ki, Azərbaycan beynəlxalq arenada üzv ölkələrin maraqlarının müdafiə edilməsi üçün əməli addımlar atacaq, həmrəyliyin gücləndirilməsini və qarşılıqlı dəstəyi rəhbər tutacaq. Bəli, keçirilən Zirvə görüşü də bir daha göstərdi ki, Azərbaycan Prezidentinin sözü ilə əməli birdir. Və keçirilən bu görüş də bir daha göstərdi ki, Azərbaycan və Onun liderinə dünyada olan inam, etibar və etimad yüksəkdir. Çünki Azərbaycan hər zaman qlobal problemlərin həllində körpü rolunu oyanyıb. Azərbaycan Prezidenti və Birinci vitse-prezidentin məqsədyönlü fəaliyyətinin nəticəsi olaraq Bakı beynəlxalq humanitar və digər qlobal problemlərin həlli məsələsində bir dialoq mərkəzinə çevrilib. O baxımdan Azərbaycan qlobal pandemiya şəraitində dövlətlər və xalqlar arasında əlaqələr qurub, körpü yaratması indiyədək yürüdülən siyasətin məntiqi nəticəsi kimi dəyərləndirmək lazımdır. Prezident İlham Əliyev bir daha beynəlxalq aləmə sübut etdi ki, Azərbaycan dövləti ərazicə kiçik, əhalisinin sayına görə az olsa da, sözün əsl mənasında güclü dövlət və böyük xalqdır. Biz bunun koronavirus pandemiyasına qarşı apardığı effektiv mübarizə və bunun nəticəsində ölkəmizdə vəziyyətin nəzarətə götürülərək, daha az itki ilə çıxmaq istiqamətində həyata keçirdiyi fəaliyyətdə şahidi olduq. Ölkə başçısının tapşrığı ilə Azərbaycanda iqtisadi sabitliyi qorumaq, məşğulluqla bağlı problemləri həll etmək, makroiqtisadi və maliyyə sabitliyini təmin etmək üçün 3.5 milyard manatdan çox sosial-iqtisadi dəstək paketi qəbul olunub. Bütün bunlar Prezident İlham Əliyevin dünya səviyyəli uzaqgörən, müdrik liderlik qabliyyətinə malik olmasının bariz göstəricisidir.

Azərbaycan diplomatiyasının növbəti uğuru - 130-dan çox dövlətin Prezident İlham Əliyevin təşəbbüsünü dəstəklədi

Dünyada COVID-19 pandemiyasının başlanmasından etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası tərəfindən regional və qlobal səviyyədə koronavirusa qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə zəruri təşəbbüslər irəli sürülür və əməli addımlar atılır. Dövlət başçısının qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxışı da bundan xəbər verir. Bu da diplomatiyamızın növbəti uğuru idi. BMT Nizamnaməsində də qeyd edilir ki, BMT Baş Assambleyası ehtiyac duyulduğu təqdirdə xüsusi sessiyalar keçirə bilər. Xüsusi sessiyalar BMT Təhlükəsizlik Şurasının və ya BMT-yə üzv ölkələrin çox hissəsinin müraciəti əsasında Baş katib tərəfindən çağırılmalıdır. Qurumun təsis olunmasından indiyə qədər Baş Assambleyanın xüsusi sessiyaları çox az hallarda keçirilib. Prezidentin bu təklifi Nyu-Yorkda Qoşulmama Hərəkatına 120 üzv ölkə arasında yekdilliklə razılaşdırılıb. Bunun ardınca Qoşulmama Hərəkatının sədri Prezident İlham Əliyev bu quruma üzv ölkələr adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə BMT-nin Baş katibi Antonio Quterreşə də müraciət ünvanlayıb. Qürurverici haldır ki, dövlətimizin başçısının bu təklifi yekdilliklə qəbul edilib və artıq 130-a qədər ölkə təşəbbüsə dəstək verdiyi barədə Baş katibin ofisini məlumatlandırıb. Bu təşəbbüsü dəstəkləyən ölkələr dünyanın bütün regionlarını əhatə edir. BMT-nin 130-a qədər üzv dövləti tərəfindən Qoşulmama Hərəkatının sədri statusunda Prezident İlham Əliyevin Baş Assambleyanın xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün dəstəklənməsi ölkəmizin dünya birliyində artan nüfuzunun göstəricisidir. Və Azərbaycan Prezidentinin təşəbbüsü ilə BMT Baş Assambleyasının COVID-19-a qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyasının keçirilməsinin 130-dək dövlət tərəfindən dəstəklənməsi çox mühüm hadisədir. Və bu fakt bir daha təsdiqləyir ki, artıq dünyanın inkişaf etmiş dövlətlərinin Azərbaycana inam və etimadı artmaqdadır. Postsovet dövlətləri arasında Azərbaycanın dünya birliyində belə yüksəkliyə qalxması və beynəlxalq ictimaiyyətin inamını qazanması düzgün müəyyənləşdirilmiş siyasi kursun bariz nümunəsidir.

Siyavuş Novruzov: "BMT-nin 130-dək üzv dövləti tərəfindən bu təşəbbüsün dəstəklənməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük inam və etimadın növbəti göstəricisidir"

YAP İcra katibinin müavini, Milli Məclisin regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib ki, qürur hissi ilə qeyd etmək lazımdır ki, Ümummilli Liderin əsasını qoyduğu bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilib, Azərbaycan söz və nüfuz sahibi kimi qlobal proseslərdə aktiv mövqeyi ilə seçilib: "Azərbaycan Prezidenti liderlik nümayiş etdirərək pandemiyaya qarşı mübarizədə bəşəriyyət üçün çox önəmli ideyalarla çıxış edir. Bu zamana qədər Prezident İlham Əliyevin rəhbərliyi ilə koronavirusa qarşı mübarizə çərçivəsində çox mühüm, ardıcıl və məqsədyönlü addımlar atılıb. Eyni zamanda, ölkəmiz COVID-19-a qarşı mübarizədə qlobal həmrəyliyin nümunəsi kimi Ümumdünya Səhiyyə Təşkilatına könüllü ianə ayırıb, 30-dan artıq dövlətə humanitar yardım göstərib. Digər tərəfdən, Azərbaycan Prezidenti İlham Əliyev çox əhəmiyyətli təşəbbüslər və ideyalarla çıxış edib, mühüm praktik addımlar atılıb. Dövlətimizin başçısının Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri statusunda təşəbbüsü ilə bu təşkilatın dövlət və hökumət başçıları səviyyəsində aprel ayında fövqəladə Zirvə görüşü keçirilib. Xatırlatmaq lazımdır ki, Türk Şurası COVID-19-a qarşı mübarizə mövzusunda Zirvə görüşü keçirən ilk beynəlxalq təşkilat olub. Bununla yanaşı, Qoşulmama Hərəkatının sədri olan Prezident İlham Əliyevin təşəbbüsü ilə mayın 4-də Qoşulmama Hərəkatının Təmas Qrupunun COVID-19 pandemiyasına həsr edilmiş onlayn Zirvə görüşü təşkil edilib. Bu tədbirdə Qoşulmama Hərəkatına üzv dövlətlərlə yanaşı, BMT-nin Baş katibi, BMT Baş Assambleyasının prezidenti, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru, Afrika İttifaqı və Avropa İttifaqı kimi beynəlxalq təşkilatların yüksək çinli nümayəndələri də iştirak ediblər. Prezident İlham Əliyev Qoşulmama Hərəkatının onlayn Zirvə görüşündə çıxışı zamanı qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifini irəli sürmüşdü. Bundan sonra təklif Nyu-Yorkda Qoşulmama Hərəkatına 120 üzv ölkə arasında yekdilliklə razılaşdırılıb. BMT-dən sonra dünya dövlətlərinin təmsil olunduğu ikinci ən böyük siyasi təsisat olan Qoşulmama Hərəkatının sədri Prezident İlham Əliyev Qoşulmama Hərəkatı ölkələri adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə Baş katib Antonio Quterreşə müraciət ünvanlayıb. Heç şübhəsiz, BMT-nin 130-dək üzv dövləti tərəfindən bu təşəbbüsün dəstəklənməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük inam və etimadın növbəti göstəricisidir. Ən mühüm məqamlardan biri odur ki, təşəbbüsü dəstəkləyən ölkələr dünyanın bütün regionlarını əhatə edir".

Beləliklə, belə çətin dönəmdə Qoşulmama Hərəkatına sədrlik edən ölkə kimi Azərbaycanın üzərinə düşən məsuliyyəti layiqincə yerinə yetirməsi, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq təşəbbüsünün dəstəklənməsi, beynəlxalq aləmdə yüksək qiymətləndirilməsi müstəqil Azərbaycana, onun Prezidentinə olan böyük etimadın, etibarın, inamın növbəti göstəricisidir.

Və Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi sessiyanın keçirilməsi beynəlxalq səviyyədə ictimai birliyin formalaşmasına, bütün üzv ölkələrin problemin həlli istiqamətlərində səyləri birləşdirməklə COVID-19-a qarşı mübarizədə birlik, həmrəylik nümayiş etdirməsinə mühüm töhfə olacaq.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə