Əli Kərimli Cəmil Həsənlidən yaxa qurtarıb, sədr postunu ələ keçirmək iddiasında!
Məlum və səsli-küylü istefaların ardınca “Milli Şura”da daxili, eləcə də barışmaz gərginlik həddi artmaqda davam edir. Əslində, artıq uzun müddətdir ki, aralarında ciddi fikir ayrılıqları yaşanan sədr Cəmil Həsənli ilə AXCP sədri Əli Kərimlinin çox yaxın zamanlarda münasibətlərinə son qoyulacağı barədə söz-söhbətlər də öz qüvvəsində qalmaqdadır. Daha dəqiq desək, “Milli Şura”da “can qoyan” şəxslərin gedişindən sonra bütün günahlar bilavasitə C.Həsənlinin üzərinə atılmaqdadır. Bu məsələdə Ə.Kərimlinin trolları sətiraltı rəyrləri ilə prosesi, yəni C.Həsənlinin sədrlikdən uzaqlaşdırılması planını sürətləndirməkdədirlər.
Buna səbəb kimi isə, C.Həsənlinin öz çıxışlarında “Milli Şura”nın, daha dəqiq desək, AXCP-nin siyasi görüşündən kənar kontekstlərdə fikirlər yürütməsi və həmin fikirlərin məhz Ə.Kərimlinin maraqlarına cavab verməməsi göstərilir. Çünki “Milli Şura”nın ilk növbədə xarici dairələrin daha sonra isə, AXCP-nin satelliti, yaxud marioneti olması kimsəyə sirr deyil. O cümlədən, “Milli Şura”nın idarəçilik nüvəsinin bilavasitə Ə.Kərimlinin əlində olması faktı da təəccüblü deyil…
Bəs Cəmil Həsənli Əli Kərimlinin hansı planlarından məlumatlıdır?
Digər maraqlı məqam hazırda ABŞ-da oturub qurumun “zoom” toplandılarında ictimai rəydə ikrah hissləri yaradan C.Həsənlinin Ə.Kərimlinin planlarından məlumatlı olması məsələsidir. Artıq “Milli Şura”da ikitirəlik yaranıb və bu qurumda iki hissəyə parçalanmış tərəflər Həsənli-Kərimli cəbhələrinə bölünüblər. Quruma yaxınlığı ilə seçilən mənbədən aldığımız xəbərə görə, C.Həsənlinin yanında olanlar əsasən, yaşlı nəslin nümayəndələridirlər və onlar əsasən, C.Həsənlinin mövqeyini müdafiə edirlər.
Ə.Kərimlinin isə yanında olanlar isə, məhz onun mövqeyini müdafiə edənlərdir ki, AXCP sədrinin tapşırığına əsasən, sosial şəbəkələrdə zaman-zaman C.Həsənli qruplaşmasına qarşı müəyyən təzadlı çıxışlar edirlər.
“Milli Şura” sədrinin “REAL” sədrinə dəstək göstərməsi AXCP sədrini qıcıqlandırıb
Yeri gəlmişkən, daha bir məqamı xatırlatmaq yerinə düşərdi. Bu gün AXCP-“Milli Şura” cütlüyünün müxalifətin digər siyasi partiyalarına qarşı düşmənçilik etməsi məlumdur. Ancaq C.Həsənli zaman-zaman “REAL” və s. partiyalara dəstək göstərməkdən çəkinmir. Məsələn, bir müddət əvvəl “Milli Şura” sədrinin “REAL” partiyasının sədri İlqar Məmmədovu “perspektivli müxalifət lideri” adlandırmasını göstərə bilərik. Halbuki, AXCP sədri hal-hazırda özünə ən böyük maneəni İ.Məmmədovda görməkdədir. Ə.Kərimlinin İ.Məmmədovu hədəfə alması, özünü isə müxalifətin “vahid lideri” kimi təqdim etməsi deyilənləri kifayət qədər təsdiq etmiş olur. Ona görə də, C.Həsənlinin İ.Məmmədov barədə müsbət yönlü fikirlərini açıqlaması Ə.Kərimliyə “soyuq duş” effektini verib. Əbəs deyil ki, “REAL” funksionerləri zaman-zaman C.Həsənli kimi elm adamının Ə.Kərimlinin yanında nüfuzunu itirməsi ətrafında fikirlər səsləndirməklə, nüfuzunu itirdiyini bəyan edirlər. Bu isə əbəs deyil – qarşılıqlı jestlərdir. Amma...
Effektsizlik reallığı...
Amma fakt budur ki, C.Həsənli hələ “Milli Şura”nın sədridir və Ə.Kərimlinin təsiri altında olmasına rəğmən, müəyyən mənada qərarlarını verməkdədir. AXCP sədri Ə.Kəriminin icazəsiz küçə yürüşlərindək fiaskosunun ardından məlum olmuşdu ki, Ə.Kərimli və C.Həsənli fəqli mövqelərdən çıxış ediblərmiş. Kərimli icazəsiz yürüşlərə start verilməsinin, Həsənli isə bu yürüşlərin heç bir effekt verməyəcəyini deyibmiş. Həqiqətən də belə oldu və radikal düşərgədəki sonrakı proseslər də bunu ehtiva etdi.
Görünür, həmin vaxtlarda küçə yürüşlərinin effektsizliyi ilə bağlı İ.Məmmədovla eyni düşüncəyə malik olan C.Həsənlinin bu addımı da qarşıdurmanı kəskin həddə qədər artırmışdı. Əgər bu gün həmin qarşıdurmaların köklü səbəblərini axtararsaq, bu reallıq da özünü təsdiq etmiş olur.
Çoxluq Cəmil Həsənlini çıxdaş edəcək
“Milli Şura”ya yaxın mənbə həmçinin qeyd edib ki, yaxın günlərdə “Milli Şura”nın koordinasiya şurasının növbəti “zoom” iclası keçiriləcək və orada C.Həsənlinin “Milli Şura”ya sədrliyi məsələsinə yenidən baxılacaq. Çox ehtimal ki, “şuranın” əsas çoxluğunun AXCP sədrinə dəstək verdiyini nəzərə alarsaq, Həsənli öz postu ilə vidalaşmalı olacaq. Necə deyərlər, köhnə sovet dönəmlərindəki kimi, C.Həsənli “təmtəraqlı” qaydada sədrlik kreslosundan uzaqlaşdırılacaq. Səbəb kimi isə, onun ABŞ-da elmi işlərlə məşğul olması, siyasətə vaxtının qalmaması bəhanələri göstəriləcək...
“Milli Şura”ya rəhbər olaraq isə, AXCP-nin sədri Ə.Kərimli seçiləcək ki, bu da qurumdaxili növbəti intriqaların yaranması ilə nəticəsini tapacaq. Hər halda, “Milli Şura”dakı vəziyyət kritik nöqtəyə qədər inkişaf edib və bu siyasi mövsümdə həmin faktor özünü artıqlaması ilə sübut etməkdədir.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB