“Azərbaycanın AB ilə münasibətləri praqmatik əsaslar üzərində qurulub” ÖZƏL-MÜNASİBƏT
Azərbaycan bildiyimiz kimi, Avropa Birliyinin Şərq Tərəfdaşlığı proqramının üzvüdür və proqramın da əsas məqsədi proqramın üzvü olan ölkələrlə Avropa Birliyi arasında münasibətləri daha da inkişaf etdirməkdir. Bu sözləri SİA-ya müsahibəsində Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, millət vəkili Tahir Mirkişili deyib.
Komitə sədrinin sözlərinə görə, amma Azərbaycanın Avropa Birliyi ilə münasibətləri daha çox praqmatik əsaslarla və gələcək inkişaf üzərində qurulub.
“Bir tərəfdən baxsaq, Avropa Birliyi ən böyük iqtisadi bazarlardan biridir. Həm də eyni zamanda Avropa Birliyi texnologiya və biliklərin inkişaf etdiyi bir məkandır. Bu cəhətdən Azərbaycanın Avropa Birliyi ilə münasibətləri bir neçə istiqamət üzrə qurulub. Birincisi, Azərbaycanın, xüsusən də Xəzərin enerji ehtiyatlarının Avropa Birliyi kimi böyük bir bazara ixrac olunması Azərbaycanın hər zaman xarici siyasətinin əsas istiqamətlərindən biri olub. Bu istiqamətdə Azərbaycan kifayət qədər investisiya yatırıb. Bu həm neft kəmərlərinin çəkilməsi, həm Bakı-Tbilisi-Qars dəmir yolunun çəkilməsi, həm Qaz kəmərinin çəkilməsidir. Yəni Azərbaycanın bu bazara məhsul və xidmət etməklə böyük gəlir əldə etmək məqsədini hər zaman ortaya qoyub və Azərbaycan bu istiqamətdə həqiqətən çox böyük uğurlar əldə edib. Həm də nəzərə alsaq ki, eneri ehtiyatları ixracı bir tərəfdən də ölkəmizin iqtisadi müstəqilliyinin, suverenliyinin gücəndirilməsi istiqamətində mühüm iqtisadi bir mənbədir və bu cəhətdın baxsaq, bu istiqamətin inkişafı Azərbaycan dövləti və dövlətçiliyi üçün çox mühüm əhəmiyyət kəsb edir.
İkinci bir tərəfdən Azərbaycan bildiyimiz kimi qeyri-neft sektorunun ixracında maraqlı bir ölkədir. Bu istiqamətdə ölkədə kifayət qədər güclü və əhatəli islahatlar aparılır. Cənab Prezident tərəfindən aparılan bu islahatlar Azərbaycanın daha dayanıqlı iqtisadi modelə sahib olmasına imkan vermək məqsədi güdür. Bu cəhətdən baxsaq, Azərbaycanın qeyri-neft sektorunun inkişafında da Avropa Birliyi üzv ölkələrinin bir çoxunun rolu var. Məsələn, Avstriya, İsveçrə və ya İtaliya şirkətlərinin Azərbaycana investisiya yatırması Azərbaycanın modern sənaye istehsalının inkişafında, kənd təsərrüfatı məhsulları istehsalının artırılmasında, bilik və innovasiyaların Azərbaycana gətirilməsində çox mühüm rol oynayır.
Üçüncü istiqamət isə, nəzərə alsaq ki, Azərbaycan Avropa Birliyi ilə Çin kimi digər mühüm bir iqtisadi bazarın kəsişməsində yerləşir və Azərbaycanın həyata keçirdiyi böyük layihələr, xüsusən də nəqliyyat layihələri Azərbaycanın hər iki bazar arasında olan mal və xidmətlər mübadiləsində gəlir əldə etmək potensialı deməkdir. Azərbaycan bir tərəfdən də baxsaq, hər iki tərəf ilə münasibətləri yaxşılaşdırması, inkişaf etdirməsi bu əlaqələrin daha çox intensivlənməsinə və Azərbaycandan keçməsinə imkan yaradacaqdır ki, son nəticədə ölkəmiz bundan daha böyük gəlir əldə edəcəkdir.
Bütövlükdə, bütün bu deyilənlərin hamısı son nəticədə Azərbaycan dövlətinin daha da güclənməsinə, Azərbaycanın iqtisadi potensialının daha da artmasına və təbii ki, Azərbaycan vətəndaşının bütün bu iqtisadi faydalarla maddi rifahının daha yaxşılaşmasına imkan vercəkdir. Bu da dövlətimizin gələcəkdə daha çox güclənməsi deməkdir”, deyə Tahir Mirkişli bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB