“Avropa İttifaqı da Azərbaycanla əməkdaşlığın inkişafında maraqlıdır” ÖZƏL-MÜNASİBƏT
Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır və Azərbaycanın əsas ticarət tərəfdaşları da Avropa ölkələridir. Bu sözləri SİA-ya müsahibəsində “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.
Mərkəzin rəhbəri xatırladıb ki, bir çox ölkə ilə sıx əməkdaşlığımız var, ticarət mübadiləsi var, Avropa İttifaqının 9 dövləti ilə strateji saziş imzalamışıq, Azərbaycanın inşasını başa çatdırmaqda olduğu Tanap və tap layihələrinin son ünvanı da Avropadır.
“Azərbaycan qazı tarixində ilk dəfə olaraq boru xətləri ilə Avropaya çatdırılacaq. Deməli, bu əməkdaşlıqdan Azərbaycanın gəlirləri də artacaq. Eyni zamanda Avropa İttifaqı da Azərbaycanla əməkdaşlığın inkişafında maraqlıdır. Avropa İttifaqında Azərbaycanı Şərqə açılan pəncərə kimi də dəyərləndirirlər. Azərbaycan həqiqətən Şərqə açılan qapılardır. Azərbaycanla əməkdaşlıq onlar üçün də çox vacibdir. Anlayırlar ki, həm əhalisinin sayına görə, həm də siyasi və iqtisadi potensialına görə Cənubi Qafqazın əsas dövləti Azərbaycandır. Son zamanlar Dağlıq Qarabağ münaqişəsi məsələsində Avropa İttifaqından Azərbaycana dəstək də artıb. Təsadüfi deyil ki, Avropa parlamentinin üç həmməruzəçisi Gürcüstan, Azərbaycan və Ermənistan üzrə Qarabağa üçüncü yolun Ermənistan üzərindən işğal altındakı torpaqlardan çəkilməsini pisləyən bəyanat yayıblar, tənqid ediblər və Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini birmənalı vurğulayıblar. Avropa Parlamenti də bundan öncə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bir neçə sənəd qəbul etmişdi. Demək, Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər siyasi, iqtisadi zəmində inkişaf edir və elə son onlayn konfransda dövlət başçısı özü də vurğuladı ki, indi növbəti hədəf Avropa İttifaqı ilə Azərbaycan arasında strateji sazişin imzalanmasıdır və sənədin də 90 faizi hazırdır. Düşünürəm ki, bu ilin sonuna, gələn ilin əvvəlinə artıq bu strateji saziş də imzalanacaq ki, bu Avropa İttifaqı ilə Azərbaycan arasındakı əməkdaşlığı daha yeni istiqamətlərə, daha yeni hədəflərə apara biləcək”, deyə Elxan Şahinoğlu bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB