“Hakimiyyətə gəlməyin açarını 3.5 milyon adamın və ya ailələri ilə birlikdə 8 milyonun ac yalavac qalmasında axtaran bir ovuc adamı insanlar necə öz aralarında saxlaya bilər, bilmirəm”
“Milli Şura”nın keçmiş üzvü, sabiq spiker, hazırda ABŞ-da yaşayan Rəsul Quliyevin yenidən adıçəkilən qurumu hədəfə alıb və buna səbəb koordinasiya mərkəzinin üzvlərinin son zamanlar keçirdikləri “zoom” toplantılarında səsləndirdikləri fikirlərinin sağlam düşüncəli ictimai rəy tərəfindən istehza ilə qarşılanmasıdır. Belə ki, onların baş verən hadisələrə barmaqarası baxmaları, siyasi oyunbazlıq xarakterli çıxışları hətta müxalifət cameəsində də hiddət və məsxərəyə çevrilməkdədir. Bu baxımdan, R.Quliyevin fikirləri maraqdoğurucudur. Çünki o da zamanında “Milli Şura”da təmsil olunmaqla yanaşı, sonradan bu qurumda baş verən hadisələrdən doğru nəticə çıxarıb və necə deyərlər, qapını çırparaq gedib...
Sabiq spiker: “İlk baxışda nə üçün bu dəli yığıcağından belə bir sayıqlamanın mənə göndərildiyini anlamadım”
SİA Rəsul Quliyevin fikirlərini bəzi ixtisarlarla təqdim edir. Belə ki, “10 milyon insanın bədbəxtliyi üzərində hakimiyyətə gəlməyi yalnız onlar düşünə bilərdi!”, deyən R.Quliyev heç vaxt bu əcaib təşkilata fikir verməyəcəyinə söz verməsinə baxmayaraq, “zoom” toplantılardan sonra yenidən münasibət bildirmək məcburiyyətində qaldığını deyib. Xüsusilə Gültəkin Hacıbəylinin və Cəmil Həsənlinin neftin qiyməti ətrafındakı səviyyəsiz fikirlərinə münasibətini bildirən R.Quliyev deyib: “İclasda neftin barelinin 14 dollara düşməsi hadisəsi ilə əlaqədar bir xanım hamını böyük ruh yüksəkliyi ilə onu təbrik etməyə çağırır. Sovet ekonomikasının ABŞ ekonomikasından üstünlüyünü göstərən və elmi dərəcə alan professor “yox qiymət hələ axıra qədər aşağı düşməyib, düşüb başa çatsın sonra təbrik edərəm” deyir. İlk baxışda nə üçün bu dəli yığıcağından belə bir sayıqlamanın mənə göndərildiyini anlamadım. Özümə sual etdim nə üçün sevinir bu yığıncaq… Çünki neftin qiyməti aşağı düşəcək, müəllimlər, tibb işçiləri və virusla əlaqədar camaata verilən pullar olmayacaq, camaat ayağa qalxacaq (“ac qılınca çapar” prinsipi ilə) bu hökuməti yıxacaq və onları gətirib hakimiyyətə qoyacaq”.
“Özünü çox dəhşətli professor sayan birisi...”
Qarşı tərəfin məhz bu kimi sərsəm fikirlərindən sonra onların Cəlil Məmmədquluzadə və Mirzə Ələkbər Sabirin müasir tipajları və personajları olduqlarını deyən sabiq spiker əlavə edib: “Hakimiyyətə gəlməyin açarını 3.5 milyon adamın və ya ailələri ilə birlikdə 8 milyonun ac yalavac qalmasında axtaran bir ovuc adamı insanlar necə öz aralarında saxlaya bilər, bilmirəm”.
C.Həsənliyə gəlincə, R.Quliyev bildirib: “...İkincisi, özünü çox dəhşətli professor sayan birisi neftin qiymətinin bir ay bundan əvvəl aşağı həddə çatdığını, bundan sonra barelin 40 - 42 dollara qədər qalxacağını, çox sadə bir şeyi analiz edə bilmir, təbrik üçün qiymətin lap aşağı düşməsini gözləyir”.
Sabiq spiker xalqın bu kimi düşüncəsiz və səviyyəsiz ünsürləri heç vaxt qəbul etmədiyini deyərək, yerdə qalan bir qisminin də bu addıma getməli olduğunu bildirib. “Bu bir ovucları xalq özü cəmiyyətdən təcrid etməlidir”, R.Quliyev bir daha qeyd edib.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB