Bu gün Ermənistan daxilində son vəziyyətin təhlili istər ictimai-siyasi, istərsə də sosial-iqtisadi müstəvidə gərginliyin yenidən yüksələn xətt üzrə inkişaf etdiyini göstərir. Bunun səbəbi isə, Nikol Paşinyanın hakimiyyətə gəlməzdən əvvəl verdiyi vədləri yerinə yetirə bilməməsidir ki, bu isə artıq erməni cəmiyyətində yeni narazılığa rəvac verir. Yaranmış vəziyyətdə Paşinyan etirazları səngitmək üçün sələflərinin taktikasından istifadəyə daha çox meyllənir. Söhbət cəbhədə gərginliyi artırmaqla diqqəti daxili problemlərdən bu istiqamətə yönəltmək cəhdlərindən gedir.
Son dövrlərdə düşmənin atəşkəsi daha intensiv şəkildə pozması, müxtəlif təxribatlara cəhd etməsi, əsasən də mülki əhalini hədəfə alması qeyd edilənlərin nəticəsi sayılır. Yeri gəlmişkən qeyd edək ki, artıq bununla bağlı müdafiə naziri, general-polkovnik Zakir Həsənov konkret tapşırıqlar da verib. Bütün bunlar o deməkdir ki, düşmənin istənilən təxribatı ona daha baha başa gələcək. Özü də yaranmış vəziyyətdə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Və təəssüf doğuran odur ki, sosial problemlərin məngənəsində boğulan Ermənistanda etiraz aksiyaları səngimək bilmədiyi halda, hələ də Nikol Paşinyan bu sahədə bir addım belə irəli gedə bilmir. "Küçə demokratı" isə nə yalan vədlərə son qoyur, nə də populist çıxışlara son qoyur. Nəticədə düşmən təxribatı erməni ordusunda itkilərin sayını sürətlə artırır.
Prezident İlham Əliyev çıxışlarında erməni tərəfinə dəfələrlə sərt xəbərdarlıqlar da edir. O, açıq şəkildə diqqətə çatdırır ki, bu gün Ermənistan ordusu bizimlə rəqabət apara bilməz: "Ermənistan indi çox ağır vəziyyətə düşüb. İyirmi il Ermənistana rəhbərlik etmiş kriminal diktatura rejimi çöküb. Ancaq əfsuslar olsun ki, Ermənistanda rəhbərliyə gəlmiş yeni simalar öz məsuliyyətini dərk etmir, sarsaq bəyanatlar verirlər və təmas xəttində, Ermənistan-Azərbaycan sərhədində gərginliyə rəvac verən addımlar atırlar. Azərbaycan ordusu onlara layiqli cavabını verir, verəcək, necə ki, 2016-cı ilin aprel döyüşlərində onları yerinə oturtdu, torpaqlarımızın bir hissəsini azad etdi, bu ilin may ayında Naxçıvan istiqamətində uğurlu əməliyyat nəticəsində böyük ərazi nəzarətimizə keçdi".
Təəssüf doğuran odur ki, Ermənistanıq baş naziri Paşinyan populist çıxışları və savadsız siyasi baxışları ilə elə zənn edir ki, bu yolla nəyəsə nail ola biləcək. Bu isə bir daha göstərir ki, düşmən ölkə Azərbaycana işğala son qoymaq üçün savaş yolundan başqa bir yol buraxmır. İndiyə qədər Azərbaycan tərəfi gözləyirdi ki, beynəlxalq qurumların təzyiqi ilə Ermənistan rəhbərliyi işğal olunmuş torpaqlarla bağlı öz siyasətində, danışıqlar prosesində daha konstruktiv mövqe tutacaq. Amma bu baş vermir. Əksinə, yeni rəhbərlik daha qeyri-konstruktiv mövqe nümayiş etdirir. Demək olar ki, əvvəlki hakimiyyətdəki rəhbərlik müəyyən bir şəkildə sərt ifadələrlə gündəmdə deyildi. Həmişə işıq yolu qoyurdular ki, danışıqlarla nəyəsə nail ola bilərlər. Paşinyan isə öz mövqeyi ilə heç işıq yolu da qoymur.
Ona görə də Azərbaycan Prezidenti İlham Əliyev Qarabağla bağlı öz qətiyyətini, ciddiliyini ortaya qoydu, bir daha xəbərdarlığını etdi. Bununla yanaşı Azərbaycan cəmiyyəti də işğalın davam etməsindən yorulub. Eyni zamanda, Paşinyanın çıxışları sülh yolu ilə işğala son qoyulmasının mümkünsüzlüyünü qətiləşdirir.
Erməni eksperti: "Üstəlik, Rusiya və Türkiyə də Azərbaycanın yanındadır. Ermənistan isə tək qalıb və bu durumda Qarabağ müharibəsinin yenilənməsi bizə müsbət nəsə vəd etmir"
Erməni ekspert Artur Kazinyan da bildirir ki, Paşinyanın addımları Qarabağ məsələsində kövrək sülhü təhlükə altında qoyub və savaş istənilən an başlana bilər: "Paşinyanın addımları onun siyasətdə hələ çox naşı olduğunu göstərir və təəssüf ki, belə vəziyyətdə Qarabağ savaşı yenidən təkrarlana bilər. Amma ötən əsrin 90-cı illərindən fərqli olaraq, indi vəziyyət bizim lehimizə deyil. İstər hərbi, istərsə də diplomatiya sahəsində. Azərbaycan bölgədə mövqelərini xeyli gücləndirib. Üstəlik, Rusiya və Türkiyə də Azərbaycanın yanındadır. Ermənistan isə tək qalıb və bu durumda Qarabağ müharibəsinin yenilənməsi bizə müsbət nəsə vəd etmir".
Digər erməni ekspert Artaşes Qeqamyan isə qeyd edir ki, Nikol Paşinyan hələ də hansısa virtual dünyada işləməyi davam etdirir: "Demək yetər ki, onun çıxış və nitqlərini analiz edərək bir nəticəyə gəlirsən: ölkə rəhbərinin gerçəklikdən tam ayrı düşdüyü göz qabağındadır. Görünən budur ki, Azərbaycan savaşa hazırlaşır, Paşinyan isə əksinqilabçıları ifşa etməklə məşğuldur. Bu da Ermənistana baha başa gələcək".
Ermənistanın "lragir" saytı isə yazır ki, İrəvanın yeni geosiyasi reallığı görməsi çox vacibdir: "Nəzərə alınmalıdır ki, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan rus həmkarı Vladimir Putinlə İdliblə bağlı razılaşdı, əvəzində Bakı və Ankara Moskvadan Dağlıq Qarabağı alacaq". Sayt yazır ki, Rusiya Türkiyəyə hədiyyə verəcək: "Bu hədiyyənin nə olduğu Rusiya-Ermənistan münasibətlərinin gərginliyi fonunda aydın olur. Bakı və Ankara Moskvanı Qarabağın qaytarılması məsələsinə razı salıb. Ermənistan üçün Rusiyasız Türkiyə və Azərbaycanla mübarizə aparmaq çətin olacaq".
Erməni mətbuatının yazdığına görə, ölkədə yaranmış ağır durumla bağlı erməni ekspertləri bildirirlər ki, hər şeyin bir sonu olduğu kimi, Paşinyanın da oyunbazlığının sonunun zamanı gəlir: "Paşinyan min-bir hiylə ilə hördüyü corabın toruna özü düşüb. Ölkə fəlakət durumundadır. Repressiv şərait, ağır sosial-iqtisadi durum üzündən ölkəni tərk edənlərin sayı sürətlə artır".
Ən maraqlı məqam isə, artıq erməni ekspertləri aydın şəkildə bildirirlər ki, nə qədər ki, Ermənistan Azərbayanın işağal altındakı torpaqlarını azad etməyəcək, bir o qədər ağır iqtisadi, siyasi mərhumiyyətlərə, məşəqqətlərə düçar olacaq. Bunu dərk etmək çətin olmasada, N.Paşinyan anlamaq istəmir. Çünki müstəqil deyil, böyük güclərin, erməni lobbisinin əlində oyuncaqdır. Qondarma gedişlər etməklə itirməkdə olan siyasi imicini möhkəmləndirməyə çalışır.
Paşinyanı təkləyən səbəblər...
Məlum olduğu kimi, Ermənistanda bir gündə 3 güc naziri - polis rəisi Arman Sarkisyan, Baş Qərargah rəisi Artak Davtyan və Milli Təhlükəsizlik Xidmətinin direktoru Eduard Martirosyan istefa veriblər.
Qeyd edək ki, A.Davtyan 2018-ci il mayın 24-də Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsinə təyin edilib. Eduard Martirosyan ötən il sentyabrın 19-da Artur Vanesyanın istefasından sonra Milli Təhlükəsizlik Xidmətinin rəisi səlahiyyətlərini icra edib. O, bu il martın 19-da bu vəzifəyə təyin edilmişdi. 42 yaşlı polis rəisi Arman Sarkisyan isə bu vəzifəyə bu ilin mart ayında təyin olunub. Paşinyanın başçılıq etdiyi "məxməri inqilab"ın qələbəsindən sonra A.Sarkisyan Ermənistan polis rəisinin birinci müavini təyin edilib, 2019-cu ilin sentyabrında
Valeri Osipyan istefaya çıxarıldıqdan sonra o, polis rəisi vəzifəsini müvəqqəti icra edirdi.
Güc strukturları rəhbərlərinin istefası koronavirusla bağlı sanitar qaydalara nəzarət edə bilməmələri kimi məsələlərlə əlaqələndirilsə də, əslində, bu, hökumətdaxili gərginliyin artması ilə bağlıdır. Məsələ ondadır ki, Paşinyanın komandası onun kaprizlərinə uzun müddət dözə bilmir. Paşinyan, vur-tut, iki ildir ölkəyə rəhbərlik edir, amma bu müddət ərzində bir sıra istefalar baş verib. Ötən ilin sentyabırında Artur Vanesyan MTX sədri vəzifəsindən istefa verib və çox keçmədən Paşinyana qarşı müxalif mövqeyə keçib. Bu günlərdə yeni partiya yaradıb. Bundan başqa, bu il mayın 5-də Ermənistanın ətraf mühit naziri Erik Qriqoryan istefa verib. O, 1 iyun 2019-cu ildən bu vəzifəni icra edirdi. Mayın 14-də Ali Attestasiya Komissiyasının sədri Smbat Qoqyan istefa verib. S.Qoqyan 2018-ci il iyunun 12-də Ali Attestasiya Komissiyasının sədri təyin olunub. İyunun 4-də Dövlət Gəlirlər Komitəsinin sədri David Ananyan istefa verib. Qeyd edək ki, D.Ananyan 18 may 2018-ci ildə DGK-nın rəhbəri vəzifəsinə təyin edilib. O, keçmiş baş nazir Karen Karapetyanın biznesdən gətirdiyi mütəxəssislərdən biridir. Göründüyü kimi, Paşinyanın komandası onun yeritdiyi kursla razılaşmadığı üçün istefa verməklə məsuliyyətin altından çıxır.
Mübariz Əhmədoğlu: "Komanda Paşinyanı qeyri-peşəkar, psix hesab edib ondan uzaqlaşmaq yolunu tuturlar”
Sözügedən məsələyə münasibət bildirən Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu hesab edir ki, Nikol Paşinyan qeyri-peşəkar olduğuna görə komanda üzvləri onunla işləmək istəmirlər: “Burada bir az fərq ondan ibarətdir ki, istefa verənlər müxtəlif taktikalardan istifadə edirlər. Yəni işlərini elə düzüb qoşurlar ki, hadisələrin gedişi onların xeyrinə olsun. Məsələn, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi A.Davtyan ordudakı vəziyyəti və qanunvericiliyi də yaxşı bilir. Bu günlərdə Paşinyan 50 uşağı bir yerə yığıb son zəng keçirən məktəb direktorunu işdən azad edib. Buna rəğmən, A.Davtyan oğluna toy edib, heç olmasa, 100 nəfəri mərasimə çağırır. Fikrimcə, A. Davtyan bilərəkdən bu addımı atıb. O məqsədlə bunu etdi ki, Paşinyan onu işdən azad etsin. O cümlədən, Ermənistan MTX direktoru E.Martirosyan da bilərəkdən bənzər addım atıb. Çünki əvvəl deyirdilər ki, E.Martirosyan Paşinyanın kaprizlərinə dözməyib istefa verəcək. Ancaq o, işini elə qurdu ki, Paşinyan onu işdən çıxarsın. Bütün bunlar onu göstərir ki, Paşinyanın komandası onun ətrafından qaçır. Baş naziri qeyri-peşəkar, psix hesab edib ondan uzaqlaşmaq yolunu tuturlar. Ancaq onun ətrafından elə qaçırlar ki, günahkar Paşinyan özü olur. Hazırda Ermənistanda gedən proseslərin mahiyyəti bundan ibarətdir”.
Qraç Berberyan: "Paşinyan əməllərinin cavabını gec-tez verəcək"
"Ermənistanın Aqrar-Kəndli Birliyi" adlı QHT-nin sədri Qraç Berberyan isə bildirib ki, Paşinyanın hakimiyyəti dövründə buğda bitkilərində 30 faiz azalma qeydə alındığını bildirən QHT sədri son bir ildə kartof istehsalının da azalmağa davam etdiyini bildirib. Burada daha maraqlı nüanslardan biri də ölkədəki kadrlarla bağlıdır. Belə ki, Berberyan ölkədəki bütün uğursuzluqları Paşinyanın təyin etdiyi səriştəsiz kadrların yarıtmaz fəaliyyətində axtarmağı məsləhət görüb: «Lakin Paşinyan Azərbaycan iqtisadiyyatı, maliyyə imkanları qarşısında olan reallığı hələ də anlamır. Xüsusilə də, koronavirus işğalçı ölkədə yayılması və faktı Paşinyanın gizlətməsi, sözün əsl mənasında Ermənistanın çöküşünü daha sürətli hala gətirir. Hətta o da məlumdur ki, Ermənistanda koronavirusun yayılması artıq nəzarətdən çıxıb. Və erməni xalqına qarşı etdiyi bu yalan və saxtakarlın əməlləri qarşısında tez bir zamanda cavab verəcək».
Ermənistan parlamentində Paşinyanın istefası tələb olundu
Elə Ermənistan parlamentində də təmsil olunan müxalif "Çiçəklənən Ermənistan Partiyası"nın (ÇEP) sədri Qaqik Tsarukyan baş nazir Nikol Paşinyan və onun hökumətinin istefasını tələb etməsi artıq, işğalçı ölkənin baş nazirinin gəldiyi küçədən elə ora da gedəcəyi təsdiqlənir. Q.Tsarukyan fikrincə, hazırkı hökumətə vədlərini yerinə yetirmək üçün vaxt verilib, amma onlar bunu yerinə yetirməyib: "Gəldiyi gündən yalan vədlər, nəticə sıfır. İnvestisiya yoxdur, iqtisadiyyat inkişaf etmir, koronavirusla mübarizə uğursuz oldu. Hökumət islahatlar nə deməkdir, anlamır və islahatlar aparmağa qadir də deyil. Bütün bunlar bir tərəfdən Paşinyan hökumətinə qarşı etimadsızlığın artmasına, digər tərəfdən, ölkədə narazılığın pik həddə çatmasına səbəb olur. Son nəticə isə, Paşinyanın ölkə ictimaiyyəti qarşısında nüfuzunu itirməsidir. Son iki il ərzində Paşinyan hakimiyyətinin erməni xalqına etdiyini əvvəlki hakimiyyət etməyib. Çox yənin ki, sadə erməni xalqı bu səhvləri Paşinyana bağışlamayacaq".
İqor Muradyan: "Ermənistan hakimiyyətinin bizə məxsus olmayan torpaqları geri qaytarmaq istəyib-istəməməsi ilə bağlı sual artıq qapanıb"
Siyasi şərhçi İqor Muradyan isə Ermənistanın işğal etdiyi torpaqları qaytarmaqdan başqa yolu olmadığını deyir: "Uzun illər ərzində ardıcıl olaraq Qarağbağın qaytarılması planını müzakirə etdikdən sonra onu qaytarmamaq qeyri-mümkündür. Müasir dünyada bu, mümkün deyil".
İqor Muradyan Ermənistan parlamentinin vitse-spikeri, hakim Respublika Partiyasının təmsilçisi Ermine Naqdalyanın Dağlıq Qarabağ ətrafındakı torpaqların Azərbaycana məxsus olması və yaxın zamanlarda qaytarılcağı barədə səsləndirdiyi ifadəni də xatırladır: "Ermənistanın indiki və keçmiş hakimiyyəti dəfələrlə xatırladıblar aran Qarabağının torpaqları bizə məxsus deyil. Görünür, əraziləri qaytarmaq üçün daha əlverişli vəziyyətin təqdim olunmasını gözləyiblər. Ermənistan hakimiyyətinin bizə məxsus olmayan torpaqları geri qaytarmaq istəyib-istəməməsi ilə bağlı sual artıq qapanıb".
Şərhçi Ermənistanın işğal etdiyi əraziləri əlində saxlamağa qadir olmadığını da vurğulayıb: "İrəvan kontoru (Ermənistan hakimiyyəti - R.H.) artıq Qarabağı əlində saxlaya bilmir. Amma hətta saxlaya bilirsə belə, Ermənistan strategiyanı kardinal şəkildə dəyşməsə, mövcudluğunu qoruya bilməyəcək. Müharibə sadəcə uduzulmayıb, həm də tarixən uduzulub".
Gözəl bir deyim var: tarixi həqiqətləri inkar etdikdə, reallıq hissi itirilir. Bu həqiqətən də belədir. Bu gün Ermənistanın baş naziri Nikol Paşinyan başqalarına qarşı əsassız ittihamlarla çıxış etməklə, yalan və əsassız iddialar irəli sürməklə heç nəyə nail olmaq olmaz. Bu yerdə bir məqamı da xatırlatmaq yerinə düşər: "yalan ayaq tutar, yeriməz".
Bu yerdə politoloq İveta Mukuçyanın öz xalqı haqqında dediyi fikirlər yerinə düşər. İvet Mukuçyan bildirir ki, bu ilin aprelin 24-də ermənilər yenə də bütün dünyaya mədəniyyətsiz, qanacaqsız, ağılsız, neandertal şüurlu insanlar olduqlarını göstərdilər: "Dağlıq Qarabağ Azərbaycana məxsusdur. amma bu, Ermənistanda ikinci demokratiyadır. Azərbaycana məxsus olmasına baxmayaraq, həmin ərazi müzakirə mərhələsindədir. Bu məsələ uzun illər "böyük qardaş" Rusiya ilə müzakirə olunur, amma heç bir nəticə yoxdur. Sərhəddəki insanlar proqres görmür və qırılırlar. Buna son qoyulmalıdır".
Göründüyü kimi, artıq erməni xalqı da anlayır ki, Dağlıq Qarabağ Azərbaycana məxsusdur. Bir də onu da anlayır ki, Azərbaycannı güclü Lideri və sarsılmaz ordusu var. Çünki Güclü ordu ilə güclü dövlət anlayışı vəhdət təşkil edir. Ali Baş Komandan, ölkə Prezidentinin bildirdiyi kimi: "Nə qədər ki, Ermənistan bu təxribatçı əməllərdən əl çəkməyəcək, Azərbaycan Ordusu onları bundan sonra da cəzalandıracaq".
Göründüyü kimi, bütün bunlar bir daha sübut edir ki, Paşinyanın bu addımları əvvəlki hakimiyyətin xalqa vurduğu zərbələrdən daha ağır zərbələr endirir. Çox yənin ki, sadə erməni xalqı bu səhvləri Paşinyana bağışlamayacaq.
A.SƏMƏDOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB