ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun onlayn iclası keçirilib

ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun "Post-COVID dövründə iqtisadiyyatın yenidən canlandırılması üçün nəqliyyat və ticarətin sadələşdirilməsi ilə bağlılığın artırılması: ATƏT PA-nın rolu nədən ibarətdir?" mövzusunda onlayn iclası keçirilib. Milli Məclisin Mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, iclası giriş nitqi ilə açan Qrupun sədri, ATƏT PA-nın vitse-prezidenti və ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Azay Quliyev koronavirus pandemiyası dönəmində belə bir görüşün keçirilməsinin əhəmiyyətini vurğulayaraq üzv ölkələrin bu platformadan istifadə edərək yeni iqtisadi əməkdaşlıq imkanlarını müzakirə etməsinin əhəmiyyətini qeyd edib. COVID-19 böhranı şəraitində nəqliyyat və ticarət prosedurlarının sadələşdirilməsinin vacibliyini iştirakçıların nəzərinə çatdıran Qrupun sədri bu prosesdə ATƏT PA-nın, İpək Yoluna Dəstək Qrupunun və üzv dövlətlərin parlamentlərinin prinsipial rol oynadığını deyib.

A.Quliyev vurğulayıb ki, görüşün gündəliyində Qrupun fəaliyyəti ilə bağlı bir sıra təşkilati məsələlər də əksini tapıb. Belə ki, ATƏT PA-nın Prezidenti Georgi Tsereteli və Baş katib Roberto Montellanın 29 may 2020-ci ildə keçirilən ATƏT PA-nın Büro iclasında irəli sürdükləri təklifə əsasən Qrupun statusunun yüksəldilməsi və ATƏT PA-nın rəsmi strukturuna çevrilməsi məsələsi də müzakirə olunacaq. Belə bir təşəbbüsə görə ATƏT PA-nın Bürosuna minnətdarlığını bildirən Azay Quliyev bildirib ki, Qrupun ATƏT PA-nın Xüsusi (ad hoc) Komitə statusunu alması üzv dövlətlər arasında əməkdaşlığın yeni keyfiyyət mərhələsinin əsasını qoyacaq. Daha sonra prezident G.Tsereteli və Baş katib R.Montella çıxış edərək Qrupun 3 il ərzində əldə etdiyi nailiyyətləri yüksək qiymətəndirdiklərini və onun ATƏT PA çərçivəsində Xüsusi (ad hoc) Komitə statusunu alması məsələsi ilə bağlı fikirlərini bildiriblər. Onlar Qrupun Xüsusi Komitə qismində fəaliyyətinin davam etdirməsinin effektiv addım olacağına inandıqlarını vurğulayıblar. Onlayn konfransa məruzəçi qismində qatılan ATƏT-in İqtisadiyyat və Ətraf Mühit fəaliyyətləri üzrə əlaqələndirici Daniel Krus çıxış edərək deyib ki, COVID-19 pandemiyası hazırkı logistika sisteminin zəifliyini göstərərək milli və regional səviyyələrdə sıx əməkdaşlığa olan ehtiyacı üzə çıxardı. Avstriyanın "Rail Cargo" şirkətinin İdarə Heyətinin üzvü Tomas Paleçek çıxış edərək COVID-19 pandemiyası dövründə təmsil etdiyi qurumun həyata keçirdiyi nəqliyyat və logistik layihələr haqqında və Avrasiyada yerləşən İpək Yolu üzərindəki dəmir yolu nəqliyyatının hazırkı durumu barədə məlumat verib. Görüşdə qurumun 2021-2022-ci illərdə keçiriləcək beynəlxalq konfransları ilə bağlı müzakirələr də aparılıb. ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun 2020-ci ilin aprelində keçirilməsi nəzərdə tutulan, lakin COVID-19 pandemiyası səbəbi ilə təxirə salınan 4-cü Beynəlxalq İstanbul Konfransı 2021-ci ilin aprelinə keçirilib.

Onlayn görüşdə ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun üzvlüyünə müraciət etmiş Qazaxıstan və Macarıstanın nümayəndə heyətlərinin quruma qoşulması məsələsinə baxılıb və qəbul olunub. Beləliklə, yeni nümayəndə heyətlərinin quruma qoşulması ilə Qrupa üzv ölkələrinin sayı 27-yə çatıb. Sonda ATƏT PA-nın vitse-prezidenti Lord Piter Bouness, İtaliyanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Paolo Qrimoldi, Türkiyənin ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Nabi Avcı, ATƏT PA-nın Siyasi məsələr və təhlükəsizlik üzrə ümumi Komitəsinin sədr müavini Kostel Nikulayi Dunava çıxış edərək gündəlikdəki məsələlərlə bağlı fikirlərini bildirib. İclasda Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvləri, Azərbaycan Respublikasının Avstriyadakı səfiri Qalib İsrafilov və Azərbaycanın ATƏT-dəki missiyasının müavini Rövşən Sadıqbəyli iştirak edib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...