"ABŞ-dakı dəhşətli hadisə hələ də dünya mətbuatının manşetini zəbt edir" ÖZƏL-MÜNASİBƏT

"Mayın 25-də ABŞ-ın Minnesota ştatının Minneapolis şəhərində baş vermiş dəhşətli bir hadisə hələ də dünya mətbuatının manşetini zəbt etməkdədir. Yadınızdadırsa, həmin gün internetdə Corc Floyd adlı afroamerikalı saxta əskinaslarla ödəniş etməsi şübhəsi ilə saxlanılması anının videogörüntüsü yayılmışdı. Ağdərili polis afroamerikalını qandallayıb yerə sərərək, var gücü ilə boynunu sıxırdı. Floydın nəfəs ala bilmədiyinə görə qışqırması, aman diləməsi hər kəsi dəhşətə gətirirdi. Lakin polis buna əhəmiyyət vermir, zavallı Floydın boynunu sıxmaqda davam edirdi. Huşunu itirən şübhəli xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmamışdı. Qatil polisin həbs edilməsinə, bu olaya görə məsuliyyət daşıyan hüquq-mühafizə orqanlarının bir neçə əməkdaşının işdən çıxarılmasına baxmayaraq, artıq neçə gündür ki, ABŞ-ın bir çox şəhərlərində kütləvi etiraz aksiyaları keçirilir. Bəzi hallarda dinc nümayişlər iğtişaşlara çevrilir". Bunu SİA-ya Yurddaş Partiyasının sədri Mais Səfərli deyib.

Partiya sədrinin sözlərinə görə, mətbuatda hər gün ölənlər, yaralananlar haqqında məlumatlar gedir: "Bəzi ekspertlərin fikrincə, Amerika kimi bir dünya nəhəngi az qala vətəndaş müharibəsi astanasındadır... Vaxtilə Amerikanı məskunlaşdıranların amansızcasına məhv etdikləri bu torpağın tarixi sakinləri olan hinduların bir misalı var: "Nə olacaqsa, o da olacaq ". Vətəndaş müharibəsi, vətəndaş itaətsizliyi... Hadisələrin haraya qədər gedəcəyini proqnozlaşdırmaq çətindir. Lakin belə bir qanunauyğunluq da var: səbəb məntiqi nəticə ilə yekunlaşır.

21-ci əsrdə belə dəhşətli cinayətə yol verilməsi, özünü demokratiyanın beşiyi, insan hüquqlarının müdafiəçisi kimi görən bir dövlətin bəyan etdiyi prinsiplərlə uzlaşmır. ABŞ-da irqçiliyin bu dövlətin tarixinin lap əvvəlindən mövcud olduğunu bilməmiş deyilsiniz. Cəmi 50-60 il bundan əvvəl Amerikada ağdərililər, qaradərililər üçün ayrı - ayrı məktəblər, nəqliyyat, kafe, restoran, otel və s . var idi. Zənnimcə,insanlar arasında fərq qoymaq rəzillikdir. Dərimizin rəngi müxtəlif olsa da, çeşidli dillərdə danışsaq da, ayrı - ayrı dinlərə sitayiş etsək də,fərqli etnoslara mənsub olsaq da, hansı bölgələrdə doğulsaq da hamımız - İnsanıq! Allahın Bəndələriyik !

Bu gün Uca Allahın buyurduqlarına, dünya birliyinin hamılıqla qəbul etdiyi qanunlara məhəl qoymayan nəmənfur ermənilərin ölkəmizə, xalqımıza qarşı apardıqları işğalçılıq siyasətinin, törətdikləri vəhşiliklərin, soyqırımların təməlində də digər xalqlara,dinlərə, mədəniyyətlərə nifrət dayanır. Bizim tarixi torpaqlarımızda rusların köməyi ilə yaradılmış Ermənistan adlı dövlətdə başqa bir xalqın, eləcə də rusların nümayəndəsi yox dərəcəsindədir. Amma hazırda etiraz dalğalarına bürünmüş həmin ABŞ bu gün işğalçı, millətçi Ermənistana, Dağlıq Qarabağdakı qondarma separatçı -terrorçu rejimə hər il milyonlarla dollar yardım edir. Söz yox ki, istər Ermənistan, istərsə də onun cinayətlərinə göz yumanlar, dəstəkləyənlər, bir gün cavablarını alacaqlar! Özü də çox sərt şəkildə! Xalqımız tarixin əvvəlindən digər dillərə, dinlərə hörmətlə yanaşıb. Bu səbəbdən bizə sığınan, pənah gətirənlər çox olub. Biz onları heç vaxt özümüzdən ayırmamışıq".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə