"Ölkəmiz beynəlxalq maliyə qurumları ilə əməkdaşlığı qurmağı bacarır" RƏY-ÖZƏL

“Prezident Əliyevin Asiya İnkişaf Bankının rəhbərliyi ilə videokonfrans formatlı görüşündə Azərbaycanın beynəlxalq maliyə qurumları ilə düzgün əməkdaşlığı nəticəsində əldə etdiyi uğurların bir daha şahidi olduq. Görüş zamanı aparılan müzakirələr göstərdi ki, ölkəmiz beynəlxalq maliyə qurumları ilə maliyə-kredit əməkdaşlığını konkret prinsiplər üzrə və gərəkli sahələr üzrə qurmağı bacarır”. Bu fikirləri SİA-ya açıqlamasında “Bakı Xəbər” qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

O bildirib ki, Azərbaycanın sosial-iqtisadi sferasına indiyədək 3 milyard dollardan çox vəsaitin yatırılması əməkdaşlıq strategiyasının düzgün qurulmasının birbaşa nəticəsidir: “Müzakirələrdə səslənən fikirlər də sübut etdi ki, Asiya İnkişaf Bankının əməkdaşlıq imkanları əsasən ölkəmizin qeyri-neft sektoruna yönəlib ki, bu da Azərbaycanın sənayeləşmə və iqtisadi şaxələndirmə siyasətinin perspektiv tələblərə tam uyğun olduğunu sübut edir”.

Ekspert söyləyib ki, ölkəmizin qeyri-neft sənayesində 16 faiz artımı barədə Prezident İlham Əliyevin təhlillərinin Asiya İnkişaf Bankı rəhbərliyi üçün çox dəyərli olması mübahisəsiz faktdır: “Ölkəmizin iqtisadi, xüsusilə də qeyri-neft sənayesində artım tempinə malik olması bankın planlarında Azərbaycana daha güvənli yanaşmasını təmin edən mühüm amildir”.

A.Quliyev qeyd edib ki, Azərbaycan prezidentinin Asiya İnkişaf Bankının rəhbərləri ilə son müzakirələri ölkəmiz üçün Asiya kapitalının yeni və böyük perspektivlərini açdı: “Müzakirələr indiyədək əməkdaşlıq istiqamətlərinin əsasən düzgün müəyyən edildiyini təsdiqlədi. Elektrik istehsalı, dəmiryolu, quru yollar, su, kanalizasiya, suvarma, təhsil, sahibkarlıq, kiçik və orta biznesə dəstək və s. kimi istiqamətlərdə seçilmiş əməkdaşlıqların daha geniş perspektiv üçün davam etdirilməsinin əsasları qoyuldu. Ölkə başçısının bank rəhbəri ilə müzakirələri ölkəmizin etibarlı maliyə portnyoru olaraq böyük imkan və potensiala malik olduğunu təsdiqlədi. Aparılan müzakirələr Asiya İnkişaf Bankının Azərbaycan prezidentinə möhkəm etimadla yanaşdığını bir daha ortaya qoydu”.

Baş redaktor qeyd edib ki, Cənub Qaz Dəhlizinin tikintisinə Avropa banklarından əvvəl Asiya İnkişaf Bankının dəstək verdiyi barədə Azərbaycan prezidentinin fikri ilk dəfə deyilən mühüm fakt olaraq çox dəyərlidir: “Bu fakt beynəlxalq maliyyə qurumlarının şəxsən Prezident Əliyevə nə qədər inam göstərdiyinin bariz sübutudur. Koronovirusla mübarizədə əldə olunmuş nəticələr barədə fikir mübadiləsi Azərbaycanın milli antipandemiya modelinin beynəlxalq nümayişi baxımından da əhəmiyyətlidir. Bu ağır günlərdə Azərbaycanın 30 ölkəyə dəstək verdiyi barədə fakt həm ölkəmizin humanist imici üçün dəyərli, həm də Asiya İnkişaf Bankının strategiyasında daha etibarlı maliyyə partnyoru kimi möhkəmlənmək baxımından əhəmiyyətlidir. Ümumilikdə isə, videokonfrans Azərbaycanın beynəlxalq maliyə əməkdaşlıqları müstəvisində tarixi əhəmiyyətli hadisədir. Keçilmiş yola yekun vuruldu və yeni əməkdaşlıq istiqamətləri müəyyən olundu”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə