Paşinyanın anti-Rusiya demarçı fiaskoya uğrayıb

Kreml “DQR”i silir, Ermənistana qarşı isə planlar hazırlayır

Ermənistanda dərc edilən “İrates” qəzeti qondarma “DQR”də keçirilmiş saxta “prezident seçkiləri” ilə bağlı ilginc məsələlərə toxunub və bir daha sübut olunub ki, bu “qurum” digər amillərlə yanaşı, həm də Rusiya tərəfindən sərt şəkildə dalana sıxışdırılıb, o cümlədən həyatda qalma şanslarını da get-gedə itirməkdədir.

Nikol Paşinyanın “DQR”də öz adamını təyin etməsi Kremli qəzəbləndirib

SİA adıçəkilən nəşrə istinadən xəbər verir ki, hətta “seçkilərdən” sonra Araik Arutunyanın “prezident” seçilməsi məsələsi rus siyasi dairələri tərəfindən pislənilir və qəbul olunmur. Daha dəqiq desək, Ermənistanın baş naziri Nikol Paşinyanın “DQR”də öz adamını təyin etməsi Kremli qəzəbləndirib. Bu, eyni zamanda son vaxtlar Ermənistan hökumətində daha qabarıq şəkildə müşahidə edilən anti-Rusiya meyllərinin nəticəsi kimi də qiymətləndirilə bilər.

Başqa tərəfdən, “İrates”in yazdığına görə, Rusiya tərəfi Masis Mailyanın “DİN”, Samvel Babayanın isə “DQR”in “Təhlükəsizlik Şurasının sədri” vəzifələrinə seçilmələrindən də narazılığını ifadə edib. Belə ki, Masis Mailyan sorosçu qrupuna aid edilir və onun təyinatı arxasında anti-Rusiya siyasətinin “DQR”dən davam etdirilməsi məsələsi dayanır. Həmçinin, Rusiya tərəfi ermənilərə onu da çatdırmaq istəyib ki, onların Samvel Babayanla da bağlı antipatiya hissləri mövcuddur...

İrates: “Rusiya indinin özündə belə Mailyanla Babayanın arzuolunmaz şəxslər olduğunu inkar etmir, habelə ölkə ərazisində görmək istmədiyini bəyan edir”

Bu arada onu da xatırlatmaq olar ki, saxta “seçkilər” ərəfəsində Masis Maliyanın Rusiyaya girişinə qadağa qoyuldu və həmin qadağa bu gün də qüvvədədir. Erməni nəşri yazır: “Bundan əlavə, Rusiya indinin özündə belə Mailyanla Babayanın arzuolunmaz şəxslər olduğunu inkar etmir, habelə ölkə ərazisində görmək istmədiyini bəyan edir. Rusiya onları Nikol Paşinyanın Kremlə qarşı demarşı kimi qəbul edir”.

Onu da qeyd edə bilərik ki, Rusiyanın formal olaraq Azərbaycanın işğal altında qalan torpaqlarındakı rejimlə birbaşa əlaqələri yoxdur. Lakin zaman-zaman erməni KİV-ləri yazırlar ki, Qarabağ separatçıları İrəvandan daha çox Moskvaya qulaq asırlar. Bütün bunlar isə bir daha sübut edir ki, artıq Rusiya nəinki Ermənistanı özünə müttəfiq kimi qəbul etmir, o cümlədən son zamanların geosiyasi mövcudluğunu nəzərə alaraq, ermənilərin cığallıqları ilə də barışmayacağını açıq-aşkar nümayiş etdirir. O cümlədən, “DQR”də baş verən proseslərdən də nəticə çıxararaq, ümumiyyətlə daha sərt qərarlar verəcəyinə eyham vurur. Daha dəqiq desək, Rusiya “DQR”i dəftərindən silir və Ermənistanla bağlı planlar hazırlayır.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə