"İsrail məsələsində Azərbaycanın özəl yanaşması var" ÖZƏL-MÖVQE

"Türkiyə-İsrail yaxınlaşması barəsində nəsə demək üçün tezdir. Doğrudur, ən ağır dövrdə belə iqtisadi əlaqələr davam edir, təyyarələr uçurdu. Azərbaycan özü Türkiyə üzərindən İsrailə neft satır. Türkiyə ilə İsrail arasında iqtisadi əlaqələr bu illər ərzində də var idi". Bunu SİA-ya politoloq Elxan Şahinoğlu deyib.

Politoloqun sözlərinə görə, Fələstin məsələsi durduqca, Amerika bu məsələdə İsrailə dəstək olduqca inanmıram ki, Türkiyə prezidenti siyasi mövzularda tam dəstəkləsin: "Əlbəttə diplomatik əlaqələr olacaq. Ancaq iqtisadi və ticarət mübadiləsi siyasi münasibətlərə müsbət təsir edəcəyini mən düşünmürəm. Türkiyə Azərbaycanın strateji müttəfiqidir. İsrail məsələsində Azərbaycanın özəl yanaşması var. Azərbaycan-İsrail münasibətlərində gərginlik yoxdur. Əməkdaşlıq davam edir. Biz İsraildən silah-sürsat alırıq. Türkiyə üstündən İsrailə neft satırıq. İsrail neftə olan ehtiyacının 40 faizini məhz Azərbaycandan əldə edir. Türkiyə strateji müttəfiqimizdir deyə İsraillə münasibətləri pozub, gərginləşdirə bilmərik. Əlbəttə biz Türkiyə-İsrail münasibətlərinin gərgin olmasını istəmirik. Biz kiçik dövlətik. Ona görə də Türkiyə-İsrail münasibətlərinə qarışa bilmərik".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə