Azad Rəhimov yunan gəncləri ilə görüşüb

Azad Rəhimov yunan gəncləri ilə görüşüb

Bu gün Gənclər və İdman nazirliyində nazir Azad Rəhimov Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycanın Yunanıstandakı səfirliyinin Yunanıstan universitetlərinin tələbələri arasında birgə keçirdikləri "Mən Azərbaycan haqqında nə bilirəm?" esse müsabiqəsinin qaliblərini qəbul edib.

Nazirlikdən SİA-ya verilən xəbərə görə, görüşdə İnianapolis Universitetinin Afina filialının prezidenti Vasilis John Botopoulos, həmin universitetin akademik məsələlər üzrə prorektoru xanım Sousana Michailidou və qalib olmuş tələbələr iştirak edirdilər.

"Mən Azərbaycan haqqında nə bilirəm?" layihəsinin qalibi olmuş gəncləri salamlayan Azad Rəhimov, ilk növbədə onlara müsabiqəyə qatıldıqları üçün təşəkkürünü bildirib. Daha sonra nazir, Azərbaycanda gənclər və idman sahəsində həyata keçirilmiş layihələr, ölkə başçısı İlham Əliyev tərəfindən yenicə imzalanmış "Azərbaycan gəncliyi Dövlət Proqramı 2011-2015", bu proqram çərçivəsində görüləcək işlər, eyni zamanda nazirliyin Yunanıstanın İdman Nazirliyi ilə sıx əlaqələri haqqında söz açıb.

Bununla bərabər Azərbaycan və Yunanıstanın möhkəm dostluq münasibətlərində olduğunu və buna misal olaraq bir müddət bundan öncə Yunanıstanın dövlət başçısı Karolos Papulyasın ölkəmizə rəsmi səfəri və bu səfərin nəticəsi olaraq münasibətlərin hər iki ölkə arasında daha da möhkəmləndirilməsindən söz açıb.

"Biz "Siz Azərbaycan haqqında nə bilirsiniz?" müsabiqəsini Avstriya, Qazaxıstan, Çində də təşkil etmişik. Amma ilk olaraq qalib qismində ölkəmizə təşrif buyuran gənclər sizsiniz", Azad Rəhimov deyib.

İnianapolis Uinversitetinin Afina filialının prezidenti Vasilis John Botopoulos qonaqpərvərlik və göstərilən mehriban münasibət üçün öz dərin təşkkürünü bildirib. Prezident bu səpkili müsabiqələrin münasibətlərin möhkəmlənməsi və günişləndirilməsi baxımından xüsusi rol oynadığını diqqətə çatdırıb. Qonaq qeyd edib ki, müsabiqə başlayanadək bu gənclərin bir çoxu Azərbaycan haqqında sadəcə eşitmişdilər. Amma müsabiqə onlara bu ölkəni daha yaxından tanıdıb, sevdirdi.

Daha sonra müsabiqə qaliblərinə plaketlər və hədiyyələr təqdim olunub.

Qeyd edək ki, qonaqlar Bakıda olduqları müddət ərzində Xəzər Universiteti, Slavyan Universitetinin Yunanıstan kafedrasında görüşdə olacaqlar.

Azərbaycan tarixi ilə daha yaxından tanış olmaq məqsədi ilə Yunanıstanlı qonaqlar Tarix muzeyi, İçəri şəhər (Qız Qalası, Şirvanşahlar Sarayı), Qobustan tarixi-etnoqrafik və bədii qoruğu, Lətif Kərimov adına Dövlət Xalçaçılıq Muzeyi və Bakıda fəaliyyət göstərən Sinaqoq, Kilsə, Məsciddə olacaqlar.

Gənclərin Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət etmələri də nəzərdə tutulub.

Səfər çərçivəsində yunanıstanlı gənclər Azərbaycanın səfalı guşələri olan Quba və Qusar rayonlarına ekskursiyaya gedəcəklər.

Qeyd edək ki, "Mən Azərbaycan haqqında nə bilirə?" müsabiqəsi hal hazırda bir neçə olkədə də keçirilməkdədir. Misirdə təşkil edilmiş müsabiqənin qalibləri artıq bəllidir. Malaziya, Özbəkistan, Avstriya, və Qazaxıstanda isə müsabiqələr davam etməkdədir. Müsabiqələrin may ayında yekunlaşacağı və qaliblərin yay aylarında Azərbaycana səfər ediləcəkləri nəzərdə tutulur.

Bütün qaliblər Gənclər və İdman nazirliyinin təsis etdiyi plaketlər və müxtəlif hədiyyələrlə mükafatlandırılacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə