Müsavatçılar “Milli Şura”nın cavabını necə verəcəklər? ANALİTİK

Müsavatçılar “Milli Şura”nın cavabını necə verəcəklər? ANALİTİK

Arif Hacılı: “Bizə qarşı ən iyrənc kampaniyaları “Milli Şura” rəhbərliyi aparıb”

Məlum olduğu kimi, “Milli Şura”nın koordinasiya mərkəzinin üzvləri son virtual toplantılarının birində REAL və Müsavat partiyalarını hədəfə alaraq, qarşı tərəfləri “hakimiyyətə işləməkdə” və s. bu kimi məsələlərdə suçlayıblar. Artıq hər iki partiyanın rəhbərlikləri tərəfindən cavablar verilsə də, sözügedən ittihamlar hazırda da davam etməkdədir.

SİA xəbər verir ki, bir neçə gün əvvəl REAL partiyasının icraçı katibi Natiq Cəfərli “Milli Şura”nın ittihamlarına cavab olaraq, onların səviyyələrinə enmək istəmədiyini bildirsə də, bir sıra faktları ictimailəşdirmişdi. O cümlədən, Müsavat partiyasının başqanı Arif Hacılı da bilavasitə Cəmil Həsənli başda olmaqla, “Milli Şura”nın üzr istəməli olduğu xəbərdarlığını qarşı tərəfə çatdırmışdı. Lakin nə üzr odu, nə də fikir dəyişkənliyi. Bu baxımdan, müsavatçıların başqanı özünün “Facebook” səhifəsində sərt fikirlərini bildirməli oldu.

Müsavatçı başqan: “Kibercinayət simulyasiyası çox gülünc görünür”

“Milli Şura” (dırnaqlar bizimdir – R.R.) koordinasiya mərkəzindəki müzakirələr bu qurumun bəyan etdiyi demokratik dəyərlərə hörmətlə yanaşmadığını, ölkənin digər müxalifət partiyalarına qarşı böhtan kampaniyası və nifrət təbliğatı apardığını təsdiq etdi”, yazan A.Hacılı bildirib ki, sədri olduğu siyasi təşkilata qarşı iyrənc kampaniyaları da məhz “Milli Şura” rəhbərliyi aparıb. “Müsavat partiyasına qarşı təşkil edilən və böhtan olduğu araşdırma, istintaq və məhkəmələr tərəfindən çoxdan təsdiq edilmiş ən iyrənc kampaniyanın da mənbələrindən birinin “Milli Şura”, ən azı “Milli Şura”nın bəzi rəhbər şəxsləri olduğu üzə çıxdı”, yazan A.Hacılı daha bir ilginc məqama da toxunub və əsasən, G.Hacıbəylinin iddiasından sonra adıçəkilən qurum adından “hakimiyyətin kibercinayəti” bəyanatının ictimaiyyətdə gülüş doğurduğunu qeyd edib: “Lent yazısının özündə yayımın kim tərəfindən təşkil olunduğu aydın deyildikdən sonra da burada kibercinayət simulyasiyası çox gülünc görünür. Gizli yayım olsaydı belə demokrat, çoxpartiyalı sistemin, azad rəqabət şəraitinin tərəfdarı olan heç kəs, hətta yuxusunda da şovinizm, ksenofobiya, rasizm təbliğatı aparmaz, Hitlerin uğursuzluqlarına təəssüflənməz, kütləvi qırğını təbliğ etməz, rəqib hesab etdiklərinə böhtan atmaz”.

Boş ümid: “İnanmaq istəyirəm ki, onların, xüsusilə “Milli Şura” sədrinin Müsavat partiyasına qarşı hörmətsiz davranışlara və böhtanlara görə üzr istəməyə siyasi iradəsi çatacaq”

Daha bir maraqlı məqam isə, cinsi azlıqlarla bağlı məsələdir. Onları hədəfə alan və təhqir edən “Milli Şura” rəhbərlərinin sonradan homoseksuallardan üzr istəmələrinə axmayaraq, Müsavat partiyasından da üzr diləməmələri A.Hacılını qıcıqlandırıb və hiddətləndirib. “İnanmaq istəyirəm ki, onların, xüsusilə “Milli Şura” sədrinin Müsavat partiyasına qarşı hörmətsiz davranışlara və böhtanlara görə üzr istəməyə siyasi iradəsi çatacaq”.

Lakin A.Hacılının buna ümid etməsi də çox yəqin ki, əbəsdir. Çünki Müsavat partiyası “Milli Şura”nın sıralarını tərk edəndən sonra AXCP sədri Əli Kərimlinin birbaşa təlimatı əsasında müsavatçılar satqın və xəyanətkar adlandırıldılar. Halbuki, Müsavat partiyasının bu qurumdan getməsinin əsas səbəblərindən biri də, onun rəhbərliyinin Rusiyanın qaranlıq dairələri ilə işləməsi, sifarişlər alması, həmçinin anti-milli addımlar atması idi. Məhz həmin vaxtdan etibarən, Ə.Kərimlinin tərəfdarları və “Milli Şura” təhqirlər kampaniyasına start verdi, bu gün də C.Həsənlinin həmin kampaniyanı davam etdirməsi əbəs deyil.

Ona görə də, buradan belə qənaətə gəlmək olar ki, tərəflər arasında qarşıdurma davam edəcək və hətta homoseksuallardan belə üzr istənilsə belə, müsavatçılardan üzr istənilməyəcək. Qalır, A.Hacılının və müsavatçıların “Milli Şura”ya öz dili ilə cavab verməsinə ki, çox yəqin yaxınlarda bunun da şahidləri olacağıq.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə