"İki məqam Azərbaycan diplomatiyasının böyük uğurları sayıla bilər" - ŞƏRH ÖZƏL

"İki məqam Azərbaycan diplomatiyasının böyük uğurları sayıla bilər" - ŞƏRH ÖZƏL

“Trampın Azərbaycan Prezidentinə təbrik məktubu iki ölkənin son 30 ildəki əməkdaşlığının vacib istiqamət və perspektivlərinin ən dəqiq və konkret ifadə sənədidir. Bu məktub Azərbaycanın dünyada nə qədər əhəmiyyətli və prinsipial siyasət apardığına bariz sübutdur. ABŞ Prezidenti Azərbaycanın sabit, ardıcıl və faydalı tərəfdaş olduğunu bir daha bəyan etdi. Cənab Tramp iki ölkənin münasibətləri kontekstində "30 il" ifadəsini təsadüfən işlətmir. Bu 30 ildə xüsusilə üç istiqamətdə Azərbaycanın səylərinin dəstəklənməsi barədə fikir ABŞ-ın Azərbaycanın siyasətini nə qədər həssas izlədiyini sübut edir”. Bunu SİA-ya açıqlamasında “Bakı Xəbər” qəzetinin baş redaktoru, politoloq Aydın Quliyev deyib.

Onun sözlərinə görə, dünyada təhlükəsizlik, Avropanın şaxələndirilmiş enerji təminat sistemi və Azərbaycan-Amerika xalqlarının "iki böyük" xalq olaraq daha xoşbəxt yaşaması 30 ilin ən qabarıq hədəfləri kimi təsdiqlənir: “Tramp Azərbaycanlıları "böyük xalq" adlandırarkən sözsüz ki, xalqımızın tarixini, mədəniyyətini və müasir dünyaya hərtərəfli töhfələrini əvəzsiz olduğunu nəzərdə tutdu. ABŞ hakimiyyəti Azərbaycanın ərazi bütövlüyünə və Qarabağ probleminin məhz bu prinsip üzərində həllinin regiona davamlı sülh gətirəcəyinə ümid etdiyini bir daha nümayiş etdirdi."Azərbaycanın süverenliyini və müstəqilliyini güclü şəkildə dəstəkləyirik" ifadəsi ABŞ-ın Azərbaycanla bağlı heç bir seçim qarşısında olmadığını və "bir dəfə, həmişəlik" kurs seçildiyini göstərir”.

Politoloq qeyd edib ki, Tramp "süverenliyə güclü dəstək" ifadəsi ilə Dağlıq Qarabağ və ətraf rayonlar daxil ərazilər üzərində Azərbaycanın süveren hakimiyyətinin heç bir mübahisə mövzusu olmadığınl ifadə etdi: “Trampın məktubunda Dağlıq Qarabağ problemi ilə bağlı daha bir müstəsna əhəmiyyətli prinsipial məqam var. ABŞ Prezidenti həmsədr ölkə olaraq münaqişənin sülh yolu ilə həlli prosesini dəstəkləməkdə davam edəcəyini birmənalı vurğuladı. Donald Tramp əslində hazırkı formatda Qarabağ sülh danışıqlarının alternativsiz olduğunu ifadə edir və öz dövlətinin bu mövqeyi ilə danışıqlar formatını dəyişmək cəhdləri göstərən Ermənistana pozucu taktikaların yolverilməz olduğunu anlatmaq istəyir. Trampın məktubunda Dağlıq Qarabağ problemi ilə bağlı iki məqam Azərbaycan diplomatiyasının böyük uğurları sayıla bilər. Tramp Azərbaycanın ərazi bütövlüyünü əks etdirən dövlət süverenliyi və Qarabağ probleminin həlli üzrə indiki formatın dəyişməzliyi prinsiplərini açıq dəstəklədi”.

A.Quliyev vurğulayıb ki, koronavirusa qarşı mübarizədə Azərbaycan xalqının yanında olduğunu bəyan edən ABŞ prezidenti iki məqama xüsusi diqqət yetirdiyini nümayiş etdirdi: “Azərbaycanda pandemiya ilə mübarizə tədbirlərinə inandığını və prezident İlham Əliyevin pandemiyaya qarşı beynəlxalq səylərin əlaqələndirilməsinə verdiyi töhfələri yüksək qiymətləndirdiyini ifadə etdi. ABŞ Prezidenti Azərbaycanla əməkdaşlığın fasiləsiz, yüksələn və dəqiq işlənmiş istiqamətlər üzrə getdiyini bütün dünyaya mesajladı. Trampın məktubunun məzmunu Azərbaycanın dünyadakı mövqeyinin yetərincə güclü olduğu barədə qəti qənaətə gəlmək üçün tutarlı əsasdır”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə