"Bu mübarizədə xalqımız öz Prezidentinin yanındadır" ÖZƏL-ŞƏRH

"Bu mübarizədə xalqımız öz Prezidentinin yanındadır" ÖZƏL-ŞƏRH

"Hələ 2016-cı il referendumundan sonra dövlət başçısı İlham Əliyevin bəyan etdiyi, 2018-ci il növbədənkənar prezident seçkilərindən sonra dərhal həyata keçirilməsinə start verdiyi yeni siyasi kursun - genişmiqyaslı islahatlar və dəyişikliklərin içərisində dövlətimizin əsaslarını, təhlükəsizliyini təhdid edən korrupsiya və rüşvətxorluğa qarşı mübarizə xüsusi yer tutur. Bilirsiniz ki, hazırda dünyada tüğyan edən COVİD-19 pandemiyası əleyhinə ölkəmizdə önəmli tədbirlər həyata keçirilir. Prezidentimizin liderliyi ilə bu istiqamətdə görülmüş səmərəli işlər, atılmış çevik addımlar Azərbaycanda koronavirusun yaratdığı itkiləri minimuma endirmışdir. Bütün bunlara baxmayaraq, hətta, indiki çətin dövrdə də ictimai bəla olan korrupsiya ilə mücadilə bir an olsun belə P burezidentin diqqətindən kənarda qalmır". Bunu SİA-ya Yurddaş Partiyasının sədri Mais Səfərli deyib.

Onun sözlərinə görə, son beş ay ərzində 5 icra hakimiyyəti başçısının, 20-dən çox dövlət məmurunun DTX tərəfindən saxlanılaraq, istintaq,məhkəmə qarşısına çıxarılması antikorrupsiya kursunun çox sərt və ciddi olduğundan xəbər verir: "Bütün son çıxışlarında Prezident İlham Əliyev açıq mətnlə bəyan edir ki, onun tərəfindən verilmiş tapşırıqlardan düzgün nəticə çıxarmayan,xalqın, dövlətın malına göz dikən, rüşvət və korrupsiya əməlinə yol verən hər kəs ciddi cəzalandırılacaqdır. Amma, əfsuslar olsun ki, son həbslər və ələ alınan digər tədbirlər hələ də istər yerli, istərsə də mərkəzi icra orqanlarında çalışan bir sıra vəzifə sahiblərinə dərs olmayıb. Bu günlərdə təhlükəsizlik orqanlarımızın ölkənin Mədəniyyət nazirliyində keçirdikləri xüsusi əməliyyat da söylədiklərimi təsdiq edir.

DTX-nın operativ yoxlamalari və tədbirləri nəticəsində, Mədəniyyət naziri Əbülfəs Qarayevin müavini Rafiq Bayramov və nazirliyin xidməti rəisi Zakir Sultanov saxlanılmışlar. Barələrində həbs qəti imkan tədbiri səçilmış həmin vəzifəlilər mayın 9-da Prezidentin sərəncamı ilə işlərindən qovuldular. Verilən məlumata görə, nazir Ə.Qarayevə yaxınlığı ilə tanınan bu üzdəniraq məmurlar öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, dövlətin, cəmiyyətin və xalqın mənafelərinə ciddi zərərlər vurub, çoxsaylı qanun pozuntularına yol veriblər. Məlumdur ki, biz müharibə şəraitində yaşayırıq. Bu səbəbdən müdafiə xərclərimiz, ölkənin infrastrukturunun inkişafı, işsizliyin aradan qaldırılması böyük dövlət vəsaiti tələb edir. Bütün bunlara baxmayaraq, həm Ümummilli Liderimiz Heydər Əliyevin zamanında, həm də cənab İlham Əliyevin Prezidentliyi dövründə mədəniyyətimiz, onun problemləri, qayğıları prioritetlərimiz sırasında olub. Birinci Vitse Prezident, Heydər Əliyev fondunun rəhbəri Mehriban xanım Əliyevanın mədəniyyətimizin inkişafına verdiyi böyük töhfələri də xüsusi qeyd etmək lazımdır.

Lakin, təəssüflər olsun ki, dövlətin ayırdığı böyük vəsaitlər mədəni irsimizin qorunması, inkişafı və bərpasına deyil, bu önəmli dövlət strukturunda kök salmış ayrı-ayrı quldurlar tərəfindən mənimsənilib. DTX-nın yoxlamalarına görə, uzun illərdir ki, tarixi torpaqlarımızdan qovulmuş və qaçqın həyatı yaşayan İrəvan Dram Teatrının tikintisinə ayrılmış vəsaitdən 200 min manat, Aşıq Sənəti Muzeyinin inşasına yönələn pulların 100 min manatı nazirliyin həbs olunan yüksək vəzifəliləri tərəfindən sözügedən obyektlərin tikintisini həyata keçirən şirkətlərdən "şapka" kimi alınıb. Həmin nazirlikdə belə faktların sayı çoxdur. Mən inanmıram ki, uzun illərdir hakimiyyətin yuxarı mərtəbəsində oturan, yüksək dövlət vəzifəsinin etimad edildiyi nazir Əbülfəs Qarayevin bu işlərdən xəbəri olmasın. Əgər xəbəri yoxdursa, deməli o, yerində deyil. Xəbəri varsa, o,da məhkəmə qarşısına çıxarılmalıdır.

Ümumiyyətlə, mədəniyyətə və yetimə ayrılan pulu yemək eyni cür alçaq hərəkət, eyni cür qəddar cinayətdir. Düzünü desək, baş verənləri cəmiyyətə sadə cinayət hadisəsi kimi izah etmək çətindir. Axı, bu vəzifəlilərin əməlləri təkcə dövlətin vəsaitlərini mənimsəməklə, talamaqla bitmir. Bu cinayət tərkibli əməllər, həmçinin, əhalidə hakimiyyətə qarşı narazılıq və inamsızlıq yaradır. Başa düşülən odur ki, Mədəniyyət nazirliyində və digər strukturlarda hələ də lövbər salmış bəzi dövlət işçiləri köhnə qaydalarla yaşamaqdan imtina etmək istəmir və yeni siyasi kursa müqavimət göstərirlər. Lakin əminliklə deyə bilərəm ki, Prezidentin nümayiş etdirdiyi iradə və qətiyyət ölkədəki islahatları dönməz edəcək, cəmiyyətimizdə rüşvətxorlara əsla yer olmayacaqdır. Bu mübarizədə xalqımız öz Prezidentinin yanındadır".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə