Zirvə görüşünün Azərbaycan və dünya ölkələrinə verdiyi töhfələr ŞƏRH-ÖZƏL

Zirvə görüşünün Azərbaycan və dünya ölkələrinə verdiyi töhfələr ŞƏRH-ÖZƏL

“Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında Zirvə görüşü Ölkə başçısının yüksək məharətə, proseslərə təsiretmək və onları yönləndirmək qabiliyyətinə necə ustalıqla malik olduğunu göstərdi”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.

O bildirib ki, BMT-nin Baş Assambleyasından sonra ikinci ən böyük beynəlxalq təsisat olan və 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatı nüfuzlu təşkilatdır: “Azərbaycan təşkilatın rəhbəri, Prezident isə sədridir. Ölkə başçısının təşəbbüsü ilə bundan əvvəl də videokonfrans formatında Zirvə görüşü keçirilmişdi. Belə ki, Azərbaycan Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü təşkil olunmuşdu. Lakin budəfəki təşəbbüs daha geniş miqyaslı idi. Çünki Təmas Qrupunda coğrafi təmsilçilik və könüllü iştirak əsasında bütün regional qruplardan olan ölkələr “COVID-19-a qarşı birlikdəyik” mövzusunda videokonfrans formatlı Zirvə görüşünə qatıldılar”.

Azərbaycan Prezidentinin Zirvə görüşündə ölkəmizdə pandemiyaya qarşı görülən tədbirlər haqqında məlumat verdiyini xatırladan politoloq Azərbaycanın pandemiyaya qarşı gördüyü tədbirlərin beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyini qeyd edib: “Ölkə başçısı Zirvə görüşündə Azərbaycanda pandemiyaya qarşı görülən çevik və adekvat tədbirlər nəticəsində koronavirusun nəzarətdə saxlanılması, ona qarşı effektli mübarizə və müalicə üsulları ilə yanaşı, pandemiya nəticəsində yaranan problemlərdən vətəndaşlarımızın az itki ilə çıxması üçün mühüm sosial, iqtisadi addımlar haqqında da məlumat verdi”.

Q. Hüseynli qeyd edib ki, Zirvə görüşündə Prezident İlham Əliyevin təklifi ilə Qoşulmama Hərəkatına daxil olan 120 ölkənin koronavirusla bağlı problemlərinin öyrənilməsi və onların həllinə dair praktiki tövsiyələr hazırlamaq məqsədilə yardılacaq İşçi Qrupu təşkilata üzv ölkələrin pandemiya ilə bağlı humanitar və tibbi ehtiyaclarını vahid məlumat bazasına daxil edəcək: “Həmin məlumatlar mümkün yardımların göstərilməsi üçün donor ölkələrə, beynəlxalq humanitar təşkilatlara təqdim ediləcək. Bununla yanaşı, dövlət başçısı BMT-nin Baş Assambleyasının sessiyasınının çağırılması və orada koronavirus problemləri, eləcə də Qoşulmama Hərəkatına üzv olan ölkələrə maliyyə, eləcə də digər yardımların göstərilməsi məsələsinin müzakirə edilməsini təklif etdi. Təklif qəbul edildi və bu istiqamətdə addımların atılması mümkündür. Çünki vBMT-nin Baş katibi videomüraciətlə qatılaraq, qeyd olunan problemə yeganə cavabın cəsarətli, uzaqgörən və birgə rəhbərlik olduğunu bildirmişdir. Eyni zamanda, o, Azərbaycan Prezidentinin belə bir görüşü çağırmasına görə təşəkkürünü bildirərək BMT-nin Prezidentimizin səylərini dəstəklədiyini xüsusilə vurğulamışdı”.

Zirvə görüşünə Avropa İttifaqının ali nümayəndəsinin qatılmasını Qoşulmama Hərəkatının tarixində bir ilk olduğunu deyən politoloq vurğulayıb ki, Azərbaycan Prezidentinin fəaliyyətinin təqdir olunması, dövlət başçımıza çoxsaylı təşəkkür bildirilməsi ölkəmizin və onun liderinin beynəlxalq arenada yüksək nüfuzunun əyani göstəriciləridir: “Bununla yanaşı, videokonfransa Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru da qatılaraq bildirdi ki, Azərbaycanın pandemiyaya qarşı mübarizədə ən çox yardıma ehtiyacı olan Qoşulmama Hərəkatı üzv dövlətlərini dəstəkləmək üçün Ümumdünya Səhiyyə Təşkilatına əlavə olaraq 5 milyon dollar ianə ayırması nəticəsində ən çox yardıma ehtiyacı olan ölkələrə köməklik ediləcək”.

Q.Hüseynli deyib ki, ümumilikdə Zirvə görüşü Azərbaycan Prezidentinin dünyanın ən öndə gedən siyasətçiləri ilə bir sırada olmağa layiq olduğunu göstərdi: “Bu eyni zamanda Azərbaycanın beynəlxalq səviyyədə imicinin daha da yüksəlməsi, inkişaf etmiş ölkələr sırasına aid olduğunu ortaya qoydu. Ölkəmiz sübut etdi ki, beynəlxalq arenada üzv ölkələrin maraqlarının müdafiə edilməsi üçün əməli addımlar atmaqla yanaşı, həmrəyliyin gücləndirilməsi və qarşılıqlı dəstəyi rəhbər tutaraq dair vədlərinə qətiyyətlə əməl edir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə