"Məmur aztəminatlı ailələrin ərzağına göz dikirsə..." ÖZƏL - AÇIQLAMA

"Məmur aztəminatlı ailələrin ərzağına göz dikirsə..." ÖZƏL - AÇIQLAMA

Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü deputat Anar İsgəndərov Azərbaycanda aparılan kadr islahatlarından danışarkən deyib.

Azərbaycanın dövlət başçısının videoqəbulda Respublikanın Baş prokuroru ilə söhbətinin ana xəttini təşkil edən məzmunundan danışan millət vəkili bildirib ki, Azərbaycan 30 ilə yaxındır ki, müstəqil bir dövlət kimi tanınır və hazırda dünyanın ən nüfuzlu dövlətlərindən biridir: "Dövlət başçısı və Birinci vitse-prezident Mehriban xanım Əliyeva nəyin bahasına olursa olsun Azərbaycanı dünyanın demokratik imici olan dövlətlərdən birinci etmək üçün hər şey edir. Təbii ki, hər bir dövlətin inkişafı üçün hər bir dövlətdə demokratik dəyərlərin qiymətləndirilməsi üçün kadr islahatlarına çox böyük ehtiyac var. 2019-cu il doğurdan da Azərbaycan tarixinə islahatlar ili kimi daxil oldu. Bu islahatlar nədən ibarətdir? Həm qanunverici orqanda, həm icraedici orqanda həm də məhkəmə sahəsində elə islahatlar həyata keçirilməlidir ki, Azərbaycan dünyanın qəbul etdiyi ən demokratik dövlətlər sırasına daxil ola bilsin. Bu mənada dövlət başçısının videoqəbulda səsləndirdirdiyi fikirlərin mahiyyəti nədən ibarət idi? Bir xalq olaraq, bir dövlət olaraq biz hər birimiz müstəqil dövlətin mahiyyətini dərk etməliyik. Müstəqilliyin bizim xalqımızın tarixində oynadığı rolu dərk etməliyik.

Eyni zamanda bizim üzərimizə düşən məsuliyyət nədən ibarətdir? Xalqımıza qulluq edə bilək, kömək edə bilək. Onun qulluğunda dura bilək. Prezident sözü ilə desək, əgər kimsə bunu bacarmırsa onda könüllü surətdə ona tapşırılan, ona etibar olunan vəzifədən imtina etsin. Bu mənada son günlərdə və son aylarda icraedici strukturda olan nöqsanlar əlbəttə ki, Azərbaycanın böyük uğurlarına təbii ki, kölgə salmır. Amma bu nöqsanları inkar da etmək olmaz".

Dövlət başçısının bəyanatının əsas məğzindən danışan Anar İsgəndərov əlavə edib ki, biz dünyanın sivil bir xalqı kimi qəbul olunuruqsa, dünyanın demokratik dövləti kimi qəbul olunuruqsa ölkə daxilində olan islahatlarımızın ana xəttini bunlar təşkil etməlidir: "Biz bütün sahələrdə hüququn, qanunun aliliyinə riayət etməliyik. Bu gün dünyanı bürüyən koronavirus pandemiyası ölkə üçün, dünya üçün çətinliklər yaradıbsa da Azərbaycan təbii ki, bu çətinliklərdən uğurla çıxır ancaq ki, hansısa məmur aztəminatlı bir ailənin ehtiyacı üçün nəzərdə tutulan ərzağa göz dikirsə bu dəhşətdir. Bunu heç cür bağışlamaq olmaz. Bu mənada mənə belə gəlir ki, dövlət başçısının bu çıxışı hamıya bir ibrət dərsidir. Hamı üçün özünün dediyi kimi hansı vəzifəni tutmağından asılı olmayaraq, hansı ailənin üzvü olmağından asılı olmayaraq qanun şahdır. Qanuna hamı riayət etməlidir. Təbii ki, hamımız elə etməliyik ki, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün Azərbaycanda demokratik cəmiyyətin qurulması üçün qanun bizim qarşımızda hansı məsələləri qoyursa o qanun əsasında hərəkət edək və demokratik, dünyanın qəbul edə biləcəyi xoşbəxt bir Azərbaycanı qura bilək".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə