Bu gün Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) Yeni Azərbaycan Partiyasının (YAP) üzvlük vəsiqələrinin verilməsi ilə bağlı tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbiri açan ADNA-da YAP ilk təşkilatının sədri, dosent Tamilla Naibova son günlər radikal müxalifətin 20-yə qədər rayon təşkilatının buraxıldığını, 1000-dən çox üzvünün istefa verdiyini, bunun əksinə olaraq YAP-ın sıralarının günbəgün genişləndiyini qeyd edib.
ADNA-nın ümumilikdə 1700 əməkdaş və tələbəsinin YAP üzvü olduğunu deyən T.Naibova bu ilin ilk üç ayı ərzində 50 gəncin partiyanın sıralarına qatılmaq üçün müraciət etdiyini deyib. O, bildirib ki, əsas məqsəd heç də say çoxluğu deyil, partiyaya üzv olanların işgüzarlığıdır.
Tədbirdə iştirak edən millət vəkili Məlahət İbrahimqızı çıxışında YAP-ın üzvü olan gənclərin düşüncələrinin daha mütərəqqi olduğunu deyib. O, qeyd edib ki, onlar dünyada və Azərbaycanda baş verən prosesləri daha dəqiq və düzgün analiz edə bilirlər. Partiyaya üzvlüklə bağlı senzuranın tətbiq edilməsinin vacibliyini dilə gətirən millət vəkili bildirib ki, YAP-ın kifayət qədər üzvləri var və buna görə də partiya sıralarının süni şəkildə genişləndirilməsinə ehtiyac yoxdur.
Daha sonra YAP-a üzvlüyü ilə bağlı qərar qəbul olunan 50 nəfərdən 20-nə üzvlük vəsiqələri təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB