"Erməni nazirin bu əməlinin qarşısı yerindəcə alınmalı idi" - MÖVQE ÖZƏL
“Doğrusu video konfransla görüşdən bir nəticə gözləmirdim, çünki ermənilər hər zaman bütün hallarda Qarabağ məsələsi müzakirə edildikdə özlərini elə aparırlar sanki işğalçı onlar yox bizik. Azərbaycan hələ ki, beynəlxalq hüquq müstəvisində bu məsələləri həll etmək istəyir, lakin görünən odur ki, nə beynəlxalq hüquq müstəvisində bu məsələ həll olunandır, nə də ermənilər dəyişəndir”. Bunu SİA-ya açıqlamasında poltoloq Cümşüd Nuriyev deyib.
Politoloqun sözlərinə görə, Azərbaycan Prezidenti cənab İlham Əliyev Qarabağ məsələsi ilə əlaqədar çox kəskin danışır, Azərbaycanın mövqeyini kəskin şəkildə ortaya qoyur: “Cənab Prezident beynəlxalq görüşlərdə, bütün xarici səfərlərində, aparılan video konfranslarda da Azərbaycanın ərazi bütövlüyü barədə qəti fikirlərini bildirdiyi halda, Azərbaycanın Xarici İşlər nazirinin çıxışı bizi çox təəccübləndirir. Əgər ölkə Başçısının mövqeyi bu qədər dəqiq və kəskindirsə, ölkənin xarici işlər naziri niyə bu cür çıxış edir? Ona görə də məhz həmin görüşdən sonra Ermənistanın xarici işlər naziri həddən artıq şərəfsiz bir çıxış edib və bildirib ki, nəyinki Qarabağ, ətraf rayonların da qaytarılmasından heç bir söhbət gedə bilməz. Bu sözlərlə onlar yenidən Azərbaycan əhalisini qıcıqlandırmaq məqsədi güdür. Ermənilərin istəyi sadəcə bu cür bəyanatlarla Azərbaycanda olan daxili gərginliyi artırmaqdır. Bununla onlar Azərbaycan höküməti ilə əlahi arasında münaqişə yaratmağa çalışırlar. Onların bu əməlinin qarşısı yerindəcə alınmalı idi. Çünki ölkə başçısının bu məsələdə mövqeyi bütün dünyaya məlumdur. Ona görə də xarici işlər naziri bu cür kosmopolit çıxış etməməli, məsələyə bu şəkildə yanaşmamalı idi”.
Politoloq vurğulayıb ki, həm Dağlıq Qarabağda, həm də Ermənistanda ciddi problemlər var: “Belə ki, Ermənistanda qarşıdurmalar son mərhələdədir. Paşinyan hakimiyyətə necə gəlibsə, o cür də getmək təhlükəsi ilə üz-üzədir. 20 gün sonra onun hakimiyyətinin 2 ili tamam olur, lakin Paşinyan hələ də bir şey edə bilməyib. Bütün bunların fonunda video konfransda Ermənistanın daxili problemləri daha da qabardılmalı idi. Bir neçə gün öncə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov sanki Ermənistanın Xarici İşlər naziri imiş kimi çıxış edib. ATƏT-in həmsədri olan bir dövlətin xarici işlər nazirinin nə ixtiyarı var ki, Ermənistanın xarici işlər naziri statusundan çıxış etsin? Bütün bunlara lazımı cavablar veriməli idi. Düşünürəm ki, cənab Prezidentin Qarabağ məsələsi ilə əlaqədar ortaya qoyduğu kəskin iradəsi bu görüşdə tam şəkildə əks etdirilmədi”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB