Azərbaycan hərbçisi Vyana şəhər marafonunun qalibi olub

Azərbaycan hərbçisi Vyana şəhər marafonunun qalibi olub

Aprelin 17-də Vyana şəhərində 28-ci ənənəvi şəhər marafonu keçirilib. SİA-nın xəbərinə görə, artıq 28-ci dəfə təşkil edilən marafonda dünyanın 100-dən artıq ölkəsindən 30 mindən çox peşəkar və həvəskar idmançı iştirak edib.

Azərbaycanın Avstriyadakı səfirliyindən bildiriblər ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin ölkəmizin Avstriyadakı səfirliyi nəzdindəki hərbi nümayəndəsi, polkovnik-leytenant Kamil Quliyev ATƏT yanında akkreditə olunmuş hərbi nümayəndələrdən ibarət komandalardan birinin tərkibində marafona qatılıb.

Hərbçimizin daxil olduğu və Türkiyə, Böyük Britaniya və Finlandiya hərbçilərindən ibarət komanda ATƏT-i təmsil edən beş komanda arasında birinci yeri tutub. Azərbaycanlı hərbçi Kamil Quliyev ən sürətli qaçış kateqoriyasında mükafata layiq görülüb.

Hər il olduğu kimi, bu il də marafonçular xoş məram nümayiş etdirərək, "Red Nose" xeyriyyə cəmiyyətinin hesabına pul vəsaiti köçürüblər.

Peşəkar idmançılar arasında Keniya təmsilçisi Con Kiptoriç marafonda 42,195 kilometrlik məsafəni 2 saat 8 dəqiqə 29 saniyəyə qət edərək, Vyana şəhər marafonunun qalibi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə