"Biz pandemiyanın yaratdığı problemlərə də qalib gələcəyik" ÖZƏL-MÜNASİBƏT

"Biz pandemiyanın yaratdığı problemlərə də qalib gələcəyik" ÖZƏL-MÜNASİBƏT

"Hamımıza məlumdur ki, bugünkü gün bəşəriyyətimiz, dünya böyük çağırışla üzləşib. Koronovirus (COVİD-19) pandemiyası əksər dövlətlərə həm iqtisadi, siyasi, həm də psixoloji cəhətdən çox böyük gərginliklər yaradıb. 2 milyondan çox insanın koronovirusa yolxuması, 150 mindən çox insanın dünyasını dəyişməsi bu pandemiyanın nə dərəcədə ciddi bir problem olduğunun göstəricisidir. Bununla əlaqədar olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin verdiyi xüsusi tapşırıqlar, qabaqlayıcı tədbirlərin görülməsi, ölkəmizin bu risklərdən, yarana biləcək problemlərdən daha az itkilərlə çıxması üçündür". Bunu SİA-ya açıqlamasında Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov deyib.

İdarə rəisinin sözlərinə görə, ölkə başçısının iştirakı ilə keçirilmiş bir neçə videokonfranslar və orada səslənən fikirlər deyilənlərin əyani sübutudur: "Həm 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan müşavirə, həm də cənab Prezidentin mütəmadi olaraq iqtisadi blok, maliyyə və s. sahələrlə bağlı tez-tez keçirdiyi videokonfranslardakı tapşırıqları bir daha onu göstərir ki, ölkə başçısı vətəndaşın sağlamlığını, maddi rifahını, onun sosial durumunu hər şeydən üstün tutur. Bugünkü gündə biz dövlətimizin gücünü, hümanistliyini, vətəndaşın yanında olmasının bir daha əyani sübutunu görmüş oluruq. Pandemiyadan ən çox zərər çəkən sahələrdə işləyən 300 minə yaxın insanın əməkhaqlarının əhəmiyyətli hissəsinin dövlət tərəfindən qarşılanması, 600 minə yaxın insana dövlət tərəfindən maddi dəstək olaraq yardımın edilməsi, dövlət sektorunda işləyən insanların əməkhaqlarının tam ödənilməsi bugünkü gündə Azərbaycan dövlətinin gücünün bariz nümunəsidir. Cənab Prezident çıxışlarında dəfələrlə vurğuladı ki, milli həmrəyliyimiz buna əsas verir. Xüsusi olaraq onu da vurğulamaq istəyirik ki, Türk Şurasının Zirvə görüşünün online (onlayn) konfrans vasitəsilə təşəbbüskarı məhz cənab Prezidentimiz oldu. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) da bu konfransa qoşulması bir daha onu göstərdi ki, beynəlxalq müstəvidə türkdilli dövlətlər birliyinin səsi daha ucadan gəldi və bu digər təşkilatlar üçün də bir nümunə oldu. Bu xüsusi olaraq ÜST və beynəlxalq institutlar tərəfindən də vurğulandı.

Bu gün ölkəmizdə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çağırışına əsasən qanvermə aksiyası keçirilir. Bu çətin dövrdə qan azlığından əziyyət çəkən insanların dəstək aksiyasına artıq minlərlə insanın qoşulması bir daha onu göstərir ki, biz bu pandemiyanın yaratdığı problemlərə, çətinliklərə də qalib gələcəyik. Azərbaycan dövləti bu problemlərdən də başıuca çıxacaq və vətəndaşın rifahı üçün əlindən gələni edəcək. Hamıya can sağlığı, sağlamlıq, Azərbaycanımıza uğurlar, iqtisadi tərəqqi, çiçəklənmə, cənab Prezidentimizə yorulmaz fəaliyyətində uğurlar arzulayıram. Minlərlə vətəndaşımızın cənab Prezidentə ünvanladığı minnətdarlıq məktubu bir daha onu göstərir ki, ölkə rəhbərliyi, iqtidar-xalq birliyi bütün çətinliklərə bu vaxta qədər qalib gəlib və pandemiya dövrü bitənə qədər də qalibiyyətlə çıxacaq”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə