Azərbaycan, İran və Türkiyə xarici işlər nazirlərinin Urmiya görüşündə qəbul olunan birgə bəyannamənin mətni açıqlanıb
Aprelin 16-da İran, Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin İranın Urmiya şəhərində keçirilən üçtərəfli görüşündə qəbul olunan birgə bəyannamənin mətni açıqlanıb. Azərbaycan XİN-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bəyannamədə bildirilir:
Nazirlər - İlk üçtərəfli görüşün İran İslam Respublikasında keçirilməsi barədə razılığın əldə edildiyi İqtisadi Əməkdaşlıq Təşkilatının İstanbul zirvə toplantısı çərçivəsində üç ölkənin xarici işlər nazirləri tərəfindən 23 dekabr 2010-cu il tarixində qəbul edilmiş birgə Bəyanatı bir daha təsdiq edərək;
- Dərin tarixi köklərə, müştərək mədəni irsə və sivilizasiyaya, habelə qardaşlıq və qonşuluq münasibətlərə söykənən üç ölkə, İran İslam Respublikası, Azərbaycan Respublikası və Türkiyə Respublikası arasındakı yüksək səviyyəli münasibətləri nəzərə alaraq;
- Dərin köklərə söykənən üç ölkənin xalqları arasındakı dərin tarixi, dini, mədəni bənzərliklər və ümumi dəyərlərin həmrəylik üçün qeyri-adi fürsət və imkanlar yaratmasına və xalqlar arasındakı əməkdaşlığın ümumi məqsədlərə nail olunmasına, gələcək təhlükələrin qarşısının alınması üçün zəmin yaratdığına əmin olaraq;
- Üç ölkə arasında daha da güclənməkdə olan münasibətlərin inkişafının qənaətbəxş olduğunu ifadə edərək və üç ölkənin xalqlarına, o cümlədən regionun digər millətlərinə firavanlıq gətirə biləcək sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yeni yolların araşdırılması üçün üç tərəfdə də möhkəm əzmin mövcudluğunu qeyd edərək;
- Regional əməkdaşlığın və ərazi bütövlüyünə, ölkə sərhədlərinə ehtiramın regional münaqişələrin həllinə müsbət təsir göstərdiyini nəzərə alaraq regionda sülhün və sabitliyin möhkəmləndirilməsinin ümumi maraqlara cavab verdiyini ifadə edərək;
- İnkişafın, biliyin və texnologiyanın əldə edilməsi və həmçinin Beynəlxalq Atom Enerjisi Agentliyinin zəmanətlərin həyata keçirilməsini təsdiqləyən tək orqan olduğunu nəzərə alaraq, ayrı-seçkilik olmadan bərabər əsaslarda sülh məqsədilə Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilə çərçivəsində nüvə texnologiyasına yiyələnmək haqqına sahib olmaq üçün bütün ölkələrə beynəlxalq münasibətlərdə ədalət prinsipinin və qanuni hüquqlara ehtiramın şamil olunmasının əhəmiyyətini təkrar edərək;
- Regionda və dünyada sülhə, sabitliyə qarşı yönəlmiş terrorizm, beynəlxalq mütəşəkkil cinayətkarlıq, silah, narkotik maddələr, insan qaçaqmalçılığına və həmçinin mühacirlərin qeyri-qanuni keçirilməsinə qarşı birgə səylərlə mübarizənin aparılmasına zərurət olduğunu qəbul edərək;
Aşağıdakıları razılaşdırıblar:
Hər üç ölkədə iqtisadi artımın gücləndirməsi və inkişaf etdirilməsi, habelə yaşayış səviyyəsinin artırılması və tərəqqinin təmin edilməsi məqsədilə tərəflər ticarət, sənaye, investisiyalar, nəqliyyat, kommunikasiyalar, enerji, elm, texnologiya və turizm kimi müxtəlif sahələrdə müştərək layihələr həyata keçirəcəklər.
Üçtərəfli sərfəli ticarət sazişinin bağlanması, gömrük prosedurlarının asanlaşdırılması, sərhəd keçidlərinin müasirləşdirilməsi və müxtəlif iqtisadi və ticarət sahələrində fəaliyyət göstərmək üçün üç ölkə tərəfindən üçtərəfli müştərək şirkətlərin təsis edilməsi məqsədilə üç ölkənin xüsusi nümayəndələrinin iştirakı ilə üçtərəfli iqtisadi komissiya yaradılacaq. Səfərlərin asanlaşdırılması və üç ölkənin xalqları arasında əlaqələrin genişləndirilməsi məqsədilə üç ölkənin konsulluq məsələləri üzrə məsul rəsmilərinin iştirakı ilə üçtərəfli komissiya yaradılacaq.
Üç ölkə xalqlarının zəngin mədəni irsinin nümayiş etdirilməsi məqsədilə müştərək mədəni proqramların təşkili, o cümlədən mədəniyyət tədbirlərinin keçirilməsi və məşhur mədəniyyət xadimlərinin təntənəli təqdimatı olacaq.
Üç ölkənin təhlükəsizlik təşkilatları terrorizm, beynəlxalq mütəşəkkil cinayətkarlıq, silah, narkotik maddələr, insan qaçaqmalçılığı və həmçinin mühacirlərin qeyri-qanuni keçirilməsinə qarşı mübarizənin aparılması məqsədilə birgə tədbirlər görəcəklər.
Üç ölkə xarici işlər nazirləri səviyyəsində və BMT, İKT və İƏT kimi regional və beynəlxalq təşkilatlar çərçivəsində mühüm qlobal və regional məsələlərlə bağlı məsləhətləşmələr davam etdiriləcək. Regionda baş verən hadisələrlə bağlı üç ölkə ictimaiyyətə qarşı törədilən zorakılığı pisləyir, xalqların hüquqlarına hörmət edilməli olduğunu və onların qanuni, dinc və ictimai tələblərinin yerinə yetirilməli olduğunu ifadə edir. Tərəflər region xalqları arasında təmasların vacib əhəmiyyət kəsb etdiyini vurğulayır və sərhəd boyu səfərləri, ticarəti, kommunikasiyaları, nəqliyyatı və turizmi təşviq edir və dəstəkləyir. Növbəti görüş 2011-ci ilin oktyabr ayında Azərbaycan Respublikasının Naxçıvan şəhərində keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB