"Separatçılıq dünya birliyi tərəfindən heç vaxt dəstəklənməyəcək" - ÖZƏL ŞƏRH

“Əslində Dağlıq Qarabağ separatçılarının bu cür “seçkilər” keçirməsi və onların keçirdiyi bu “seçkilərin” hər dəfə dünya birliyi tərəfindən tanınmaması, qınanması sevindirici haldır. Hər dəfə bu seçkilərin keçirilməsindən sonra xarici dövlətlərin və həmçinin beynəlxalq strukturların mövqeyi hər dəfə daha da sərt şəkildə ifadə olunur”. Bunu SİA-ya açıqlamasında politoloq Fikrət Sadıqov deyib.

Politoloqun sözlərinə görə, keçirilən “seçkilərə” beynəlxalq münasibəti illərlə müqayisə etmişəm və keçirilən sonuncu “seçkiləri” hətta Ermənistanın müttəfiqi olan Rusiya belə çox sərt tənqid edib: “Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova da bu məsələ ilə əlaqədar çox sərt ifadələr işlədib. Vaxtilə bir sıra dövlətlər, həmçinin Rusiya daxil olmaqla sadəcə olaraq bəyan edirdilər ki, biz Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq və tərəflər ərazi bütövlüyü çərçivəsində sülhə gəlməlidir. Lakin bu dəfə onlar açıq şəkildə bəyan edirlər ki, Dağlıq Qarabağda keçirilən “seçkilər” biz tərəfdən heç bir zaman tanınmayacaq. Bu addım danışıqlar prosesinə, beynəlxalq hüquqi normalara ziddir və bir çox dövlətlər bu cür ifadələri açıq şəkildə dilə gətirib”.

F.Sadıqov vurğulayıb ki, bütün bunlar separatçı və qondarma rejimin uğursuzluğudur: “Onlar əgər hesab edirlərsə ki, bu cür “seçkilərin” keçirilməsi ilə nəyisə sübut edəcəklər, onlar yanılırlar və hər dəfə bu addımları atmaqla özlərinə yeni zərbələr vururlar. Çünki dünya birliyinin separatçılığa mövqeyi eynidir. Avropa və həmçinin digər dünya dövlətləri də separatçılıqla üzləşib və separatçılıq dünya birliyi tərəfindən heç vaxt dəstəklənməyəcək. Dağlıq Qarabağ separatçılarının bu cür tamaşalar keçirməsi özlərinə zərbə vurmaqdan başqa bir şey deyil”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə