"İslahatların effektiv olması Dünya Bankının hesabatında öz yerini tapıb" ÖZƏL-ŞƏRH

“Azərbaycan “Doing Business” hesabatında ən islahatçı 20 ölkə arasında yer alıb”. Bunu SİA-ya politoloq Zaur Məmmədov deyib.

Politoloqun sözlərinə görə, Dünya Bankının nüfuzlu “Doing Business” hesabatı hər il dünyanın hər bir ölkəsindəki iqtisadiyyat, biznes sahəsində olan vəziyyəti araşdırır: “Azərbaycanda son illərdə bu sahələrdə baş verən islahatlar göz qabağındadır. Bu islahatların effektiv olması Dünya Bankının nüfuzlu hesabatında da öz yerini tapıb. Keçən il də Azərbaycan bu hesabatda kifayət qədər yüksək yerdə qərarlaşmışdı: “Doing Business 2020” hesabatında Azərbaycanın ən islahatçı 20 ölkə siyahısına daxil edilməsi onu göstərir ki, Azərbaycanın biznes mühitinin və iqtisadiyyatının şəffaflaşdırılmasında sahibkarlığa dövlət tərəfindən verilən dəstək dünyanın ayrı-ayrı ölkələrinin təşkilatlarının diqqət mərkəzindədir.

Ötən illər ərzində aparılan iqtisadi islahatlar nəticəsində ölkədə maliyyə sabitliyi və iqtisadi artım bərpa olunub. Bir çox sahələrdə, xüsusilə kənd təsərrüfatı, qeyri-neft sənayesi və digər sektorlarda əhəmiyyətli irəliləyiş əldə edilib. Qeyri-neft sektorunun inkişafına maliyyə yatırımları edilir. Qeyri- neft sektorunun inkişafı, əhalinin sosial rifah halının yaxşılaşdırılması, bütün sahələrdə intellektual kadrların hazırlanması yönündə ciddi islahatlara atart verilib və bu islahatlar bu gün də davam edir. Azərbaycan bir sıra beynəlxalq və irihəcmli layihələrə qoşulub. Hətta həmin layihələrin təşəbbüskarı kimi çıxış edir.

Ölkədə sahibkarlığa dəstək məqsədilə biznes mühitinin bütün sahələri, xüsusilə biznesə başlama, tikinti üçün icazələrin alınması, elektrik təchizatı şəbəkələrinə qoşulma, maliyyə mənbələrinə çıxış imkanlarının artırılması, vergilərin ödənilməsi, əmlakın qeydiyyatı, xarici ticarətin aparılması üzrə də əhəmiyyətli irəliləyiş baş verib.

Təkcə son 2 il ərzində Azərbaycan hökuməti tərəfindən kifayət qədər xalqın sosial, iqtisadi vəziyyətinin yaxşılaşdırılması istiqamətində addımlar atılıb: “Bu addımlar ayrı-ayrı sosial qruplara aiddir və təbii ki, bu təbəqənin içərisinə iş adamları, sahibkarlar da daxildir. Son zamanlar hökumətin dəstəyi nəticəsində Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafı ilə bağlı verilən qərarlar rəsmi statistikalarda da bu sahədə vəziyyətin necə dəyişdiyini əyani sübut edir. Bütün bunlar, eyni zamanda xarici investisiyaların ölkəyə daxil olmasına, ölkənin beynəlxalq imicinə təsir göstərir. Təsadüfi deyildir ki, bu gün dünyanın hər bir ölkəsi və şirkəti tərəfindən Azərbaycana investisiya qoymaq, korporasiya şirkətlər açılması istiqamətində işlər aparılır. Bu o deməkdir ki, onlar Azərbaycandan qaçmırlar. Bu kimi hesabatlar da ölkəmizin və xalqımızın imicinə müsbət təsir göstərir.

Prezident İlham Əliyevin siyasi iradəsi ilə aparılan kompleks islahatlar nəticəsində “Doing Business” və digər beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin irəliləməsi ölkənin investisiya cəlbediciliyini artırmaqla, qeyri-neft sektoruna sərmayə qoyuluşunu asanlaşdırır. Azərbaycan 270 milyard ABŞ dollarından çox sərmayə cəlb etməklə hər nəfərə düşən sərmayə həcminə görə regionun lider dövlətidir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...