"İran bir növ Ermənistan üçün “nəfəslik” rolunu oynayıb" ÖZƏL-ŞƏRH

"İran-Ermənistan münasibətlərinin xarakterini nəzərə alsaq, qeyd edə bilərik ki, Ermənistanın İsraillə son dövrlərdə əlaqələrini sıxlaşdırma cəhətləri İran tərəfindən heç də birmənalı qarşılanmır və qarşılanmayacaq da. Təbii ki, burada deyilə bilər ki, istənilən dövlət xarici əlaqələrini və yaxud da xarici siyasətinin prioritetlərini müəyyənləşdirməkdə müstəqildir. Amma nəzərə alsaq ki söhbət Ermənistan kimi riyakar, işğalçı bir dövlətdən gedir, o zaman ortaya ciddi suallar çıxır. Sözsüz ki, bu İran tərəfini narahat etməyə bilməz". Bunu SİA-ya millət vəkili Elşad Mirbəşiroğlu deyib.

Deputatın sözlərinə görə, Ermənistan İsrail dövlətində özünün diplomatik nümayəndəliyini açdı: "Ermənistanla İsrail arasında münasibətlərin bu gün dinamikliyini müəyyənləşdirən amil rolunda əsasən Azərbaycan-İsrail münasibətləri çıxış edir. Bunu hansı mənada deyirəm. Bildiyiniz kimi Azərbaycan-İsrail münasibətləri kifayət qədər yüksək inkişaf səviyyəsinə çatmış münasibətlərdir. Hərbi-texniki sahəmizi də əhatə etməklə bir çox istiqamətlərdə Azərbaycanla İsrail arasında kifayət qədər sıx əməkdaşlıq mövcuddur. Ermənistan bu reallıqdan öncə narahatlığını nümayiş etdirib. Bildiyiniz kimi İsrailin Baş naziri iki dəfə Azərbaycanda səfərdə olub. Bir neçə il bundan öncə sonuncu səfər baş tutub. Həmin dövrdə də Ermənistan tərəfi çox ciddi narahatlıq keçirib və bu narahatlığını heç bir halda gizlədə bilmirdi. Ermənistan düşünür ki, Azərbaycan-İsrail münasibətləri bütövlükdə regionda hərbi, siyasi, eyni zamanda iqtisadi reallıqları müəyyənləşdirir və Azərbaycanın mövqelərini gücləndirir. Təbii ki, buna cavab olaraq Ermənistan tərəfi də İsraillə münasibətlərini inkişaf etdirməklə bir növ qeyd etdiyim məsələdə balans yaratmağa çalışır. Amma bu heç vaxt mümkün olmayacaq. Çünki Ermənistan tərəfinin təşəbbüsləri əsasında əsasən inkişaf edən münasibətlər Azərbaycan kimi potensiallı ölkə ilə inkişaf etdirilən münasibətlər fonunda heç bir halda güclü ola bilməz. Azərbaycanın bütün istiqamətlərdə kifayət qədər real və böyük potensialı mövcuddur. İsrail tərəfi bundan çıxış edərək Azərbaycan tərəfi ilə əməkdaşlığını inkişaf etdirir.

Diqqət yetirsək görərik ki, Azərbaycan-İsrail əməkdaşlığı Ermənistan-İsrail əməkdaşlığından fərqlənən əməkdaşlıqdır. Beləki Azərbaycan-İsrail münasibətləri hər iki tərəfin təşəbbüsləri əsasında formalaşmış və inkişaf etməkdə olan münasibətlərdir. Ermənistan-İsrail münasibətləri isə əsasən Ermənistanın təşəbbüsləri əsasında formalaşan münasibətlərdir. Bu baxımda hesab edirəm ki, Ermənistanın İsrailə son dövrlərdə artmaqda olan meyilliyi bir daha müəyyən edir ki, o öz tərəfdaşlarının maraqlarını nəzərə almır. Beləki Ermənistanın ayaqda qalmasında sirr deyilsə İranın çox böyük rolu olub. İran bir növ Ermənistan üçün müəyyən bir zaman kəsiyində hətta “oksigen balonu” rolunu da oynadı. Çünki Ermənistanın heç bir yerlə əlaqəsi yoxdur".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə