Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin məsul əməkdaşı Ombudsman Aparatında olub

Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin məsul əməkdaşı Ombudsman Aparatında olub

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatında Avropa İttifaqının (Aİ) ölkəmizdəki nümayəndəliyinin siyasi məsələlər üzrə mütəxəssisi cənab Lyudas Kolesinskasla görüş keçirilib.


Ombudsman Aparatının mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı qeyd edib ki, Avropa Şurasının (AŞ) bərabərhüquqlu üzvü olan Azərbaycan bir sıra beynəlxalq konvensiyaları, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyasını ratifikasiya etmiş, ölkəmizdə İnsan Hüquqları üzrə Müvəkkil təsisatı uğurla fəaliyyət göstərməkdədir.


Azərbaycan Ombudsmanı Elmira Süleymanovanın fəaliyyətinin ilk dövrlərindən nüfuzlu beynəlxalq qurumlarla, o cümlədən Aİ ilə insan hüquqları sahəsində qarşılıqlı əlaqələr qurduğu, bu əməkdaşlığın davam etdirilməsinin və gələcək prioritetlərinin müəyyənləşdirilməsinin vacibliyi vurğulanıb.
Qonaq təmsil etdiyi qurumla Azərbaycan Ombudsman institutu arasındakı əməkdaşlığın mühüm əhəmiyyət kəsb etdiyini və bu təsisatın Aİ üçün önəmli tərəfdaş olduğunu diqqətə çatdırıb. O, Avropa İttifaqının həyata keçirdiyi Twinning, Sigma və TAİEX layihələri barədə məlumat verib.


Aparatın rəhbəri qeyd edib ki, Azərbaycan Ombudsmanı Avropa Şurasının və Avropa Birliyinin həyata keçirdiyi layihələrdə, o cümlədən Twinning və Şərq tərəfdaşlığı layihələrində fəal iştirak etdir və bu əlaqələr gələcəkdə daha da inkişaf etdiriləcəkdir.


Azərbaycan Ombudsmanının Avropa MPM-lər şəbəkəsinin üzvü olduğu qeyd edilmiş, bu şəbəkədə əlaqələndiricisinin fəaliyyəti barədə məlumat verilib. Müvəkkilin və onun MPM qrupu üzvlərinin bu şəbəkə, habelə "Peer-toPeer" Layihəsi çərçivəsində keçirilən beynəlxalq tədbirlərdə fəal iştirak etdiyi bildirilib. Bu günlərdə "Himayədə olan uşaqların hüquqlarının müdafiəsi və təşviq edilməsində Milli İnsan Hüquqları Təsisatlarının rolu" mövzusunda Tallin şəhərində keçirilmiş tematik seminarda Aparatın iki əməkdaşının iştirak etdiyi vurğulanıb.


Görüşdə həmçinin Aİ-nin maliyyələşdirdiyi TAİEX proqramı çərçivəsində "Ombudsman təsisatının imkanlarının artırılması" mövzusunda keçiriləcək seminarla bağlı müzakirələr aparılıb.


Qonaq qarşılıqlı fikir və məlumat mübadiləsi üçün minnətdarlığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə